metanet ulu sirvanlinin yeni seirleri

Mətanət Ulu Şirvanlı (yenilənir)

13-05-2015, 19:18
Oxunub: 280
Çap et
Mətanət Ulu Şirvanlı (yenilənir)
ŞÜBHƏ

İztirab asılıb gözlərinizdən,
Qırpma kipriyini qırılar düşər.
Bir Tanrı bilir ki, ürəyinizdən
Nələr dövr eyləyər, ah nələr keçər.

Birinin gözündən yaş, 
Digərinin ürəyindən daş 
asılsa da 
çoxundan günah asılıb.
Biri mal, digəri can oğrusu,
Hansı əyri, hansı günah? 
Heç bilmədim doğrusu.

Günahı işləyib
atırlar pəncərələrdən.
Hər səhər, sübh erkən,
küçəni süpürən qadın
küçəyə tökülən günahları da 
Söyərək süpürür,
hər səhər tezdən.

Şübhələr baş alıb gedir ayaqla,
İgid, yum gözünü, tapda ayaqla.
Aşdı-daşdı tüpürcək qalaqla
bilinmir kim-kimin 
üzünə tüpürür, Allah.

YAD ÖLKƏ

Bu qərib diyarın 
torpağı daşı, gilmi? 
Hey danışım, danışım...
Kim biləcək dilimi?
Ruhlar qapımı döyür,
Açma, ölü kafirdi.
Dilim batdı, kiridi.
Baba, sən Allah ölmə,
Bura ölmək yeridi?!

HARA QAÇAQ

Düşün, ya da mən düşünüm,
sevgimiz haqqında.
Bu göy üzü altında 
nə mən,
nə sən tək deyilsən.
Anla, bu sevgi yasaq!
Qaçaq, 
bu sevdadan qaçaq.
dünyanın o başına,

-Yox, gülüm, yox sevgilim, 
Düş dünyanın yedəyindən,
- Məgər görmürsən, 
dünya əyilib?!
Sallana-sallana qalmışıq 
ətəyindən.

HƏYAN

Atamın başdaşı ucunda,
bir körpə uyuyur.
Hər il əkdiyim qızılgül 
göyərmir quruyur.
Hasara alınmış qəbir...
İlahi, səbir, səbir!

Bu uşaq bəlkə atama həyan?
Bura ölüm qoxuyur hər an!
Köhnə qəbirlər dözmür ovulur,
İlahi, bu yekəlikdə qəbir,
bu körpə qəbirlə ovunur.

ÖLÜ İLƏ SÖHBƏT

Bir dəli şeytan deyir;
Min kədərin kəhərinə, 
yeri ölülər şəhərinə.
Ay qardaşım, ay atam,
Ay qibləyə üz tutan,
A bəxtəvər, a yatan,
Sən cansız, 
mən diri ölüyəm,
Gör necə üzüntülüyəm!

Başın altda əhləd daşın –
Bəxtəvər ölü başın,
Şükür et bacasız evinə,
Yat, yayxan kefinə.


ÖPÜŞƏK

Bir təklifim var... Sağlıq demək istəyirəm - Sevgimizin şərəfinə! 
Yəqin ki, məclisdəkilər bizi bağışlar?! Icazə verin öpüşək!

Bu məclis, bu toy, bu büsat
Nə mənimdir, nə sənin.
Sən də təksən, elə mən də. 
Elə bu an, bu saat 
əllərini ver əlimə, birləşək!

Öpüşək,
həstrətin acığina,
Sən də sevin, mən də.
Dodağından süzülən qəm,
Getsən əgər, qalsın məndə.

Öpüşək, 
Bəlkə görüşmədik bir də,
Ayrılığın acısını tökə-tökə,
Qəm yolunu keçə-keçə,
Ağlama, öpüşək bir də.

Öpüşək, 
pəncərəmə qonan göyərçin tək,
belə sevgi olur tək-tək,
Bağışlayın məclisdəkilər,
İzn verin, öpüşək...

GECƏ 

Gecə. Qorxuram, ürküdücü,
daş at, gecəni yarsın.

Bu gecənin bağrı qara,
Qəlbim oldu para-para.
Nəfəs dəyməyən dodaga,
Təntiyib susuyan da var.

Həsrəti tökdüyün gecədə,
Qorxub ürkdüyün gecədə,
Hicran bükdüyün gecədə,
Vüsal arayan da var.

Qalandım ocagında,
Sevdanın bucagında,
Bu gecə yar qucagında,
Yatıb, uyuyan da var,

ŞƏHVƏT HİSSİ

Dolana-dolana qalmışam 
vəfasız dünyanın başına. 
Bir tikə çörək, bir udum su...
Nəfsim özümdən yekə!
İlahi, günahımı yu!
Dünyanın bişməyən aşına,
Hey bulanan xaşılına
göz dikib qalmişam.
İnsan, nə qəribəsən?
İlahi, səbiri bizə
uduzmaga vermisən?!

Dünya kürə - dünya yekə,
Ölən altına, qalan ustünə.
Insan, nə var bu dünyada, 
törəyib tökürsən?!
Aman Allah! şəhvət hissinə 
güc gələ bilmirsən?!
Bununcun da dözürsən 
bu, dünyanın təpiyinə. 

SUS

Artıq sözə gərək deyil,
Aldatmısan, sus artıq.
Dinməyəydi dodaqlar,
Kaş, ömürlük susaydıq.

Gözlərımdən leysan getdi,
Töküldü tağın üstünə.
Fikrim çırpınır göydə,
Bulud, çök ağlın üstünə.

Sevda çəkə-çəkə bizi,
Aparıb günah üstünə.
İlahi, eşqim görəsən
Ləkəmi ağın üstünə.

SALAM, ŞAMAXI!

Uz tutub gedirəm Şirvana sarı,
Dağların üstüylə dumana sarı.
Şirvan əzəməti, dağlar vüqarı,
Ucalıq zirvəsi - anam Şamaxı,
Salam, Şamaxı!

Yenə kövrəkləşib doldu gözlərim,
Ağlama, de sənə noldu, gözlərim?
Deyirsən silindi yoldan izlərim?
Mən özüm cığıram, yolam Şamaxı,
Salam, Şamaxı!

Nəsimi, Şirvani, Abbas Səhhəti,
Xəqani, İzəddin, Hadi, Fələki,
Sabiri, Bədri, saysan hələ ki… 
Neçə dahilərin olan Şamaxı,
Salam, Şamaxı!

Şirvanın külü də közündən betər,
İynəsi qılınc tək, bizindən betər.
Şirvanım, mən mənəm özümdən betər 
Balam da nökərin, qulun Şamaxı,
Salam, Şamaxı!

Qum olum, daş olum Sarıtorpağa,
Öləndə qibləyə, qoyun torpağa.
Mən sənə qurbanam Pirsaat baba,
Səcədəndə susmuşam, lalam, Şamaxı,
Salam, Şamaxı!

Das qoyub, yurd sald?q Yeddikunb?z?,
Orda atam evi tikilib təzə.
İldə bir qonağam ay ellər sizə,
Gözləri buludla dolan Şamaxı,
Salam, Şamaxı!

Mən salam aparan, salam gətirən
Bir dağlar qızıyam, yovşan, ətirəm.
Nə həddim haqqını, sayın itirəm,
Qız əsgərinəm, balan, Şamaxı
Salam, Şamaxı!

DENƏN

Üzüdaga qalxan yolçu,
Ordan Tanrıya yaxınmı?
Sən ordan mənim adımdan 
Ərz et Tanrıya yuxumu.

Bu gecə göydən ulduzum
Necə axdı, söndü, denən.
Məni sevən atib, getdi,
Üzü məndən döndü, denən.

Şahə qalxdı yerdə külək,
Agaclar bar verdi çörək.
Lamə adında bir Mələk,
Göydən yerə endi, denən.

Soruş, varammı yadında,
Bəndəsi var Mən adında.
Bir mələk eşqin odunda
Tez alışıb, söndü, denən.

A yolcu, qurbanın olum,
Tanrıya yetdimi qolun?
Mətanət adında qulun
Dogulantək öldü, denən.

UNUT MƏNİ

Sevgini al qollarına,
Sıgalla-sıgalla gülüm.
Mən deyim sən eşit barı,
Dinlə, səbr et, aglama görüm.
Unut məni.

Bu yollar bu da sən...
Ya tərsə get, ya kəsə sən,
İstəyim var, birdəfəlik,
Bu sevdadan əl çəkəsən
Unut məni.

Allahın göz yaşları,
Yagışa döndü bu gecə.
Yıgıb ətəyimə daşları
Dönərəm bu gecə.

Dedin dodagın püstə,
Yol aç ürəyin üstə,
Təki sən məni istə,
Gələrəm bu gecə.

Minib Tanrı atına,
Göyün yeddi qatına
Ulduzu ayağın altına
Sərərəm bu gecə.

Zər atmısan hec-heçədi,
Könlüm evi iç-içədi.
Soruşdun ölüm necədi?
Ölərəm bu gecə.

Üfürüb söndürmə odu,
Daha közüm yoxdu yana.
Könlümə düşüb qəm odu,
Tüstüləyir yana-yana.

Bu daş məzar daşıdı,
Uzan qoy başın altda.
Bir məzarlıq yerin var,
Tapda ayagın altda.

Ulduzların göz yaşıdı,
Tökülür yagış yaganda.
Sellənir tökülür yerə,
Göy üzü günaha batanda.

BU GECƏ, AH GECƏ...

Dünən gecə röyamda;
“Sən”adan “Bəsrə”yədək 
Qonşə-qönşə, ləçək-ləçək
Yollar üstə döşənmişdir -
Sarı şışək!
O yuxuydu, həyat gercək!
Baldan şirin, 
qardan sərin o şərabdan 
Süz bir içək!
Baldan şirin - şəkər yardan,
Üzü göyşək!
Mən doymadım bəs sən necə?
Bu gecə, ah gecə...
Otaq soyuq, qucaq istı,
Axmaq odur yardan küsdü.
Budur gerşək!

LƏNƏT ŞEYTANA!

“Səna”dan Bəsrəyədək 
Dedilər, yollara nur ələnib.
Bax, ora düşmək üçün
Doğulandan ölənədək
Günah etməyəsən gərək.
Mən günahdan yaranmışam,
Allah rəhmət eləsin atama!
Atam günahsız anama...
Lənət şeytana!
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 40 ziyaretçi (98 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol