Yuxu

-------

Yuxu

 

Canı qədər sevdiyi rəfiqəsinin ölüm xəbərini Məhnaza qonşusu Zərrin dedi. Həyəcanla yüyürə-yüyyürə özünü Məhnazın evinin kəndarına çatdırdı, təəssüf içərisində, təlaşla dedi:

-Məhnaz, Hilalə ölüb. Özü də… - Zərrin danışırdı, lakin, onun nə danışdığını Məhnaz artıq eşitmirdi. Ona elə gəldi ki, xəbəri düzgün başa düşmədi.

-Kim ölub, dedin?...

Zamanın qəribə oyunları var. Bənzərsiz, qəribəliklərlə dolu.

                                

***

 

Məhnaz şəhərin kənar məhəllərinin birində, həyət evində tək yaşayırdı. Yaşadığı evin həyətyanı sahəsi böyük olmasa da səliqəli idi. Hasarın kənarlarında bir neçə əncir və ərik ağacları, ağacların ətəyində isə qızılgül kolları əkilmişdi.

Atını çapa-çapa ozünü hasar başından içəri təpən külək əncir və ərik ağaclarının tozunu qızılgül kollarının üzərinə səpələdi. Eyni zamanda evin pəncərəsini də taqqıldadaraq, üzlü qonaq kimi qapı arxasından əl çəkmədi.

Həyətin sevimli sakini olan «Aslan» adlı balaca küçük dəli küləkdən qorxaraq, özünü divara söykənmiş boş maşın təkərinin içərisinə pərçim etdi. Küçük hirsli küləyin çaldığı fışqırıq, vıyıltı səsinə qulaqlarını şəklədi, ətrafı dinlədi, təzədən qulaqlarını yatırdaraq, başını təkərin içərisinə soxdu.

Yayın tən ortasında əsən külək payız fəslini xatırladırdı. Qəribə  gün idi.

Küləkli gecələrdən Məhnaz qorxurdu. Gözlərinə yuxu getmir, səhərin açılmasını səbrsizliklə gözləyirdi.

Axşamdan at oynadan dəli külək Məhnazı üçotaqlı mənzilinə çəkilməyə vadar etmişdi. Darıxırdı. Darıxdığından geniş, səliqəli otaqlar  ona dar gəlirdi. Nə edəcəyini bilməyərək, otaqdan-otağa var-gəl edir, başını qatmaq üçün bir bəhanə gəzirdi. Tərslikdən güclənən külək elektrik xəttini sıradan çıxartdığından televezora da baxa bilmirdi. - Kaş, ertədən qohumlarımın birinə qonaq gedəydim, - deyə düşündü.

Taqqılltı səsi eşidildi. Qapı döyülürdü. Məhnaz sevincək: -Qonağım var- dedi. İti addımlarla qapıya tərəf yönəldi. Qapıya çatıb, əlini qapının sınıq dəstəyinə uzatdı. Əli dəstəyə çatmamış qapı cırıltılı səslə öz-özünə açıldı. Qapı arxasında Hilalə göründü. Sevindi Məhnaz. - Nə yaxşı oldu, - deyə düşündü. Bəs həyət qapısını kim açdı bunun üçün? Fikrindən keçirtdi: -Yəqin, yadımdan çıxıb, açıq qoymuşam qapını.

Məhnaz Hilaləni görsə də artıq sual verdi:

-Sənsən?

-Mənəm, dedi, Hilalə. - Soyuqdan donuram, otağa keçə bilərəmmi? Külək kələyimi kəsdi.

-Keç, - deyə Məhnaz qapının önündən kənara çəkilib ona yol verdi.

Hilalə uçuna-uçuna içəri keçdi. Onun əynində iki qış mövsümü geyindiyi yaşıl paltosu, əlində isə qara əlcəkləri var idi. Hilalə əlcəkqarışıq əllərini ağzına apardı. Nəfəsinin istisini əlinə üfürdü, deyəsən, istilədə bilmədi. Əllərini paltosunun cibinə soxdu. Bütün bunlara tamaşa edən Məhnaz təəccüblə soruşdu:

-Hilalə, bəyəm çöldə bu qədər soyuq var?

-Hə, küləyin səsini eşitmirsən...

-Küləyə baxma, yaydır, heç bu istidə adam da palto geyinər?

-Mən geyinmişəm, nə olsun...

Heç nə başa düşməyən Məhnaz birdən Hilalənin ölüm xəbərini aldığını xatırtladı. Canına dolan qorxuyla:

-Zərrin dedi ki, sən ölmüsən!

Məhnazın sözündən diksinən Hilalə narahat baxışlarla ətrafına baxaraq:

-Sus, -dedi, - hanı Zərrin burdadır?

 Bu sualdan sonra Məhnazın yadına Zərrin düşdü. Suala sualla cavab verdi:

-Doğrudan a, hanı Zərrin?

Hilalə çiyinlərini çəkdi. Başını əyərək paltosuna diqqətlə nəzər etdi. Məhnaz onun baxışlarında qeyri-adilik gördü. Hilalənin gözlərində cin baxışı vardı. Məhnaz üşənə-üşənə soruşdu:

-Paltonu soyunmursan?

-Yox, lüt-üryan qalaram.

-Altda paltarın yoxdu bəyəm?

Hilalə gözləri ilə paltosunun yaxasından içəri nəzər yetirə-yetirə:

- Orada heç nə yoxdur, - dedi.

Məhnaz onun cavabından heç bir şey başa düşmədi. Sual dolu baxışlarını Hilaləyə dikdi. Hilalə ona çımxırdı:

-Paltonun altı boşdur, anladın?!

Məhnaz Hilalənin onunla zarafat etdiyini güman etdi. Rəfiqəsinə yaxınlaşdı. Onun əynindəki paltonu soyundurmaq istədi. Əlini paltosunun yaxasına atdı. Hilalənin paltosu əlinə gəlmədi. Hava əlini yardı. Məhnazın əlinin boşa çıxması Hilaləyə ləzzət etdi. Güldü, - hi…hi…hi…

Məhnaz Hilalənin gülüşündə sünilik gördü. Qeyri-adi gülüş onu üşəndirdi. Ona elə gəldi ki, bu gülüş Hilalənin gülüşü deyil. O, yenidən əlini hilaləyə uzadaraq:

-Paltonu çıxart ver, asım asılqandan, - dedi.

Hilalənin gözlərindəki gülüş bir andaca qışın sərt havasıyla əvəz olundu. Sərt ifadəylə:

-Məhnaz, acından ölürəm.- dedi. Məhnaz əl-ayağa düşərək:

-Qadan alım, ay Hilalə, az, bir paltonu soyun, hazır, isti yeməyim var.

-Yox, xörək istəmirəm, yavan çörək gətir.

-Buy, yavan çörəyi neyləyirsən hazır yemək olan yerdə?

 Bu dəfə Hilalənin üzündə şirin gülüş peyda oldu. Şirin baxışlarla ona:

-Sən çörəyi gətir, - dedi.

Məhnaz iti addımlarla qonaq otağına keçdi. Stolun üzərindəki çörək qabından böyük bir tikə çörək kəsərək geri qayıtdı. Çörəyi rəfiqəsinə uzadıb: – Al, ye, - dedi.

Hilalə əlini çörəyə uzatmadı. Gözləri ilə çörəyi acgözlüklə süzdü. Məhnaz təkrar:

-Götür Hilalə, götür, - deyə təkid etdi.

Hilalə çörəyi istəməyinə peşman olmuşdu. Quruyub qalmış kimi yerindən tərpənmədi. Məhnaz əlindəki çörəyi ona vermək üçün rəfiqəsinə bir addım yaxınlaşdi. Hilaləsə bir-iki addım geri atıldı. Məhnaz təəccüblə onun üzünə baxdı. Ona elə gəldi ki, Hilalənin gözlərindən od çıxdı. Doğrudan da Hilalə gözlərindən cin baxışı çaxdırmış kimi, gözlərini oynadaraq əsəbi halda:

-Ver bəri,- deyə əlini Məhnaza uzatdı. Məhnaz tələsik çörəyi Hilalənin ovcuna qoymaq istədi. Çörək Hilalənin əlini ikiyə bölərək yerə düşdü. Məhnaz «Bismillah» deyib, gözləri böyümüş halda qapıya tərəf qaçdı. Hilalə onun arxasınca yüyürərək:

-Çörəyi ver bura, -dedi.

Məhnaz dəhşət içərisində, canındakı qorxuyla geri qayıtdı. Gözlərini Hilalədən çəkmədən aşağı əyildi. Çörəyi yerdən qaldırıb qorxa-qorxa:

-Al-dedi. - Hilalə yenə əlini çörəyə uzatdı. Bu dəfə də çörəyi götürə bilmədi. Nə qədər cəhd etdisə də heç bir şey alınmadı. Hilalə zənn etdi ki, əlində əlcək olduğu üçün çörəyi götürə bilmir. Onunçün əlindəki əlcəyini soyundu. Məhnaz Hilalənin əlinin olmadığını gördü. Ona elə gəldi ki, içərisindən nə isə qırılıb içinin divarlarına çırpıldı.

-Hi eləyərək içini çəkdi. Bu zaman Zərrinin ona dediyi sözlər yadına düşdü:- «Hilalə ölüb, Məhnaz». Məhnaz yalnız bu zaman anladı ki, onun qarşısında dayanan Hilalə yox, onun ruhudur. Qorxudan nəfəsi daraldı. Ağzının səyridiyini hiss etdi. Əlini ağzına apardı. Ağzı uçuqladı. Düşündü: -Zərrin haqlı imiş, Hilalə ölüb, yanında duran rəfiqəsinin ruhudur». Aman Allah, mən indi neyləyim? O, artıq Hilalənin üzünə baxmağa qorxurdu. Onun qorxduğunu anlayan Hilalə qəhəqəhəylə  güldü.

-Məhnaz…Məhnaz… Səsi xırıldadı. Üzündə əsəbilik hiss edildi. Birdən gözləri həlqəsindən çıxmış halda dəli kimi:

-Hi…hi…hi…  güldü. - Gülüşün ardından  səsi yüksələnə qədər bağırdı:

-Sən mənimlə getməlisən!

-Hara?

-Mən hara, sən də ora!

Məhnazın dili topuq çaldı. - Mən… m.. ə..n…- deyə kəkələdi.

-Hə, sən! –dedi Hilalə. - Axı mən ölməmişəm.

- Axmağın biri axmaq, nə demək istəyirsən, mən ölmüşəm?!

Məhnazın onsuz da qaçmış rəngi bir az avazıdı.

Elə bu vaxt qəflətən həyətdə böyük bir çaxnaşma, səs-küy eşidildi. Məhnaz çaxnaşmanın içində Zərrinin səsini ayırd etdi. Zərrin qışqırırdı. Məhnaz bir anlıq Hilalənin üzünə baxdı. Səs-küyü eşitmirmiş kimi Hilalə sakit-sakit dilləndi.

-Tələs, gedirik.

-Zərrinə nə isə olub?! Bəlkə ona kömək lazımdır.

-Kömək Zərrinə yox, mənə gərəkdi. Məni gizlət.

-Heç nə başa düşə bilmirəm, -deyə Məhnaz çaşqın halda Hilaləyə baxdı. 

 Həyətdəki səs-küy yüksəldi.

-Zərrin Məhnazı çağırırdı. Məhnaz…z…z, həyətə çıx!

Məhnaz pəncərənin qarşısına keçmək istədi. Hilalə qarşısını kəsərək:

-Məhnaz, getmə! -Hilalə çiyini iə Məhnazı itələyərək onun pəncərəyə yaxınlaşmasına mane olmaq istədi. Məhnaz yalvarışlı bir tərzdə:

- Hilalə, Hilalə, - deyə pıçıldadı.

-Məhnaz, səni çağıran qardaşım Musadır, Zərrin deyil. O, məni aparmağa gəlib.

Eşitdiyi sözlərdən Məhnazın qanı damarlarında donmuşdu sanki. Gələn səs Zərrinin səsi olmasına baxma, çağırtdıran qardaşımdır. Bu vaxt  sanki Zərrinin ətini kəmiş kimi: - Zərrin, deyə qiyyə çəkdi.  

-Ah…h…h… Ay Allah, öldüm!

-Yox, yox, bu Zərrindir, ona kömək lazımdır, - deyərək, yüyürüb əlini sınıq cəftəli qapıya uzatdı. Qapı cırıldadı. Hilalə ona tərəf atıldı. Artıq gec idi, sınıq cəftəli qapı artıq yarıaçılmış halda Məhnazın əlində idi. Hilalə heyfislənərək:

-Ah, Məhnaz, Məhnaz…Neylədin?

Məhnaz qapıdan çıxmamış geri boylanaraq Hilaləyə nəzər yetirdi. Gözlərinə inanmadı. Hilalənin varlığı havada əriyirdi. Hilalə yavaş-yavaş yoxa çıxdıqdan sonra cingiltili bir səs  eşidildi:

-Məni görməmisən, Məhnaz, eşidirsən, görməmisən!

Məhnaz özünü həyətə atdı. O, həyətdə doğrudan da Hilalənin qardaşı Musanı gördü. Zərrin də yanında idi.

Zərrin: - Bağışla Məhnaz, səni evdən çıxartmaqçün məni Musa məcbur etdi.

-Zərrin, de görüm, nə baş verir, mən heç nə başa düşə bilmirəm. Axı Musa iki il bundan qabaq ölüb?!

Zərrin çaşqın halda: -Elə mən də heç nə başa düşə bilmirəm.

Musa əynində ağ kəfəndən libas, ayağı yalın, saçları pırtlaşıq, ağzının cəngindən su tökülə-tökülə həyətdəki əncir ağacının altında dayanmışdı. Məhnaz: - İlahi, indi necə başa düşüm, bu, ölüdür, ya diri? Musa bərəlmiş gözlərini bir az donbaldaraq, ağzının suyunu daşdıra-daşdıra:

-Orasını qarışdırma, de görüm Hilalə hanı?

-Nə Hilalə, mən Hilaləni görməmişəm.

-Yalan danışma, qancıq.

Məhnaz Musanın sözündən pərt oldu, ürpənə-ürpənə:

-İstəyirsən keç bax, evdə heç kəs yoxdur, - dedi.

-Keç özün çağır.

-Kim var ki, kimi də çağırım?

-Musa Məhnaza yaxınlaşdı. Bərəlmiş gözlərini Məhnazın gözələrinə dirədi. Məhnaz onun gözəlrində qırmızı qan ləkələrini gördü. Qan ləkələri süzülərək Musanın yanağında yaş kimi gilələndi. Dəhşət Məhnazı bürümüşdü. Allah, bu nə demək olur? - deyə özünə sual verdi.

 -Zərrin, deyə qonşusunu səslədi. Büzüşüb kənarda qalmış Zərrin yüyürüb özünü Məhnazın üstünə atdı.

-Zərrin ölsün, ay Məhnaz, bu nə işdir düşmüşük, Musayla Hilalə ölüb axı? Özü də onlar küsülü idilər. Görəsən, Hilalə onun nəyinə gərəkdir?

Musa:

-Çox danışdınız a, kəsin!

Elə bu zaman Məhnazın evindən tükürpədici bir çikkə qopdu. Səs Hilalənin idi. Evin pəncərəsinin şüşəsi çilik-çilik olub yerə töküldü. Hilalə pəncərədən duman kimi axaraq, özünü həyətdəki ot tayasının arasına soxdü. Zərrn qorxmuş halda, əlini ağzına apardı, qapanmış dodaqları arasından soruşdu: - Buy, «Bismillah» o nə di ay Məhnaz?

Məhnazın ona cavab verməyə halı olmasa da, dilləndi:

-Nə bilim az... Üzünü Musaya tutub:

-Musa, Hilalə getdi, sən də gördün, indi çıx get!

Musa bərəlmiş, qanlı gözlərini bir az da bərəldərək:

-Bəs deyirdin, Hilalə burada yoxdur, az qala inanmışdım. Ax, səni çoxbilmiş qancıq!. Yox, yox, sən qancıq deyil, hətta qancığın doğduğu imişsən! Musa gedə-gedə:

-Mən mütləq qayıdacam, səni cəhənnəmə aparmaq üçün. Görərsən, qayıdacam! - dedi.

Musa özünü ot tayasına çatdırdı.

 

                                                          ***

Səhərin açılmasına hələ çox vardı. Məhnaz gözlərini açdı. Yatağında qan-tər içərisində süst qalmışdı.

-İlahi, bu nə yuxudu?! Ağzında dili qurumuş, taxtaya dönmüş Məhnaz güc-bəlayla dilini tərpədərək, dodaqlarını yaladı. Susamışdı. Su içmək üçün ayağa qalxmaq istədi. Uzandığı yerdən tərpənə bilmədi. Dirsəyini yatağın qırağına dayayaraq dikəlib, çaprayısının üstündə oturdu. Öz-özünə sual verdi: - Görəsən, saat neçədir? Saat vurulan divara diqqətlə nəzər yetirdi. Qaranlıq olduğundan heç nə görə bilmədi. Ayaqlarını yerə sürtərək çaprayının ayağından çəkələklərin axtardı. Çətinliklə də olsa tapıb, ayağına keçirtdi.  Əlləlrini divara sürtə-sürtə qapıya yaxınlaşdı. Qapının ağzındakı işıq düyməsini taparaq işıgı yandırdı, saata baxdı. Dördün yarısı idi. Su içmək üçün mətbəxə keçmək istəyirdi ki, qapı döyüldü. Məhnaz səksəndi .- «Bissimillah!» Bu gecə vaxtı kimdir görsən? Qapıya yaxınlaşmağa ürək eləmədi. Ona bir anlıq elə gəldi ki, hələ də gördüyü yuxunun təsiri altındadır.  Yuxunun təsirindən oyanmaq üçün başını silkələdi. Qapı hələ də  döyülürdü.

-Yox, doğrudan da qapı döyülür - dedi Məhnaz. Tək yaşadığı üçün qorxudan gecələr qapını üç yerdən kilidləyirdi. Buna baxmayaraq Məhnazın canını qorxu bürümüşdü. Yəqin yuxu öz təsirini göstərmişdir. Qorxa-qorxa olsa da qapıya yaxınlaşdı.

-Kimdir?

Zərrinin səsi eşidildi: - Mənəm.  

-Zərrin?

Məhnaz qapını açmaq istəmədi. Özünə sual verdi:- Bəlkə Zərrin deyil? O, qapının arxasındakı adamın Zərrin olduğuna əmin olmaq istəyirdi. 

Qapı arxasından süzülən səs:

-Məhnaz..z. Məhnaz…Az, yatmısan, dur ayağa!

-Yox, bu Zərrindir, ruh-zad deyil, dedisə də yenə də intizarda qaldı.

Sınıq cəftəli qapı cırıldadı. Məhnaz şübhəylə Zərrinə baxaraq, ürəyində düşündü. - Görəsən, bu, doğrudan Zərrindir? Məhnaz Zərrinə yaxınlaşdı. Əlini uzadaraq: - Paltonu soyun, ver bura, dedi. Paltonun içərisində həqiqi bədənin olub-olmadığına əmin olmaq istədi. Zərrin həyacanlı idi, titrəyirdi. Məhnaz düşündü:

-Yox, bu, ruhdur. Özündən ixtiyarsız soruşdu:

- Sən ruhsan?

- Dəlisən, nə ruh! Zərrin onun əllərindən tutaraq, dodaqaltı qımışdı. Onun əllərinin olduğunu görən Məhnaz axmaq fikrindən danışdı. Soruşdu:

-Bu gecə vaxtı nə xəbərdir?

Telefonu niyə söndürmüsən, sənə zəng çatmır... Ev telefonunu da götürmürsən.

Zərrin Məhnazı qorxutmamaq üçün səsini qısaraq, ehtiyatla:

- Məhnaz, bir saat bundan əvvəl Hilalə keçindi. Məhnaz bu dəfə aşkarda: - Hi, edərək, içini çəkdi. Qarabuğdayı çöhrəsi avazıdı, üzünün rəngi dəyişdi. Əzələləri səyriməyə başladı. Dodaqları dartıldı. Məhnaz əlini üzünə çəkdi. Dodaqları uçuqlamışdı.

Məhnaz: -Yuxum çin çıxdı! Musa doğrudan da Hilalənin dalınca gəlibmiş. Məhnazın sanki çiyinlərində bir batman daş asılmış, gözləri dolmuş halda qonaq otağına keçdi. Otağın ortasına qoyulmuş stolun kənarına düzülmüş stulların birini çəkərək, əyləşmək istədi. Bu zaman stolun üzərindəki çörək qabında sellafana bükülmüş çörəyi gördü. Yuxusu yadına düşdü. İxtiyarsız halda əlini çörəyə uzatdı. Elə bu andaca…

Bir əl duman şəkilində əlindəki çörəyi bürüdü. Çörək görünməz oldu. Məhnaz qorxu içərisində bağırdı. 

 

                                                                    ***

Məhnaz öz bağırtısına yuxudan oyandı. Başdan-ayağa qan-tər içərisində idi. Otağa göz gəzdirdi. Zərrindən əsər-əlamət yox idi. Otaqda da özündən başqa kimsə yox idi. Məhnaz yuxuda və ya aşkarda olduğunu anlaya bilmədi. Başını silkələdi, yatmış olduğunu anladı.

Bərkdən özünə sual verdi: -İlahi,  bu nə yuxudur mən görürəm? Bəs bundan əvvəl gördüklərim nə idi? Bunların hansı yuxu, hansı aşkardı?  Heç nə başa büşə bilmirdi. Təzədən yuxuda olub-olmadığını bilmək üçün əlini dişlədi. Əti göynədi. - Yox, mən yuxuda deyiləm. Olanları dərk etmək üçün fikirləşdi. Deməli, yuxu içərisində yuxu...

 

 

 

 

 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 5 ziyaretçi (8 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol