Badalağ

Babadağ

 

Tarixdən izlər

 

Səmərqənd Ali Ruhani Mədrəsəsinin məzunu, elmi işçi Kərbəlayi Əhməd Cəfərzadənin yazdığına görə, Qərani Hacı oğlu Məkkədə yaşayırdı. Qərani çox halal, xeyirxah, hörmətli adam olmaqla, tamahsız və eyibsiz bir kəs olmuşdur. Yaşı otuzu ötmüş, tez evlənməsinə baxmayaraq, övladı olmurmuş. Elə bu məqsədlə də, Həzrəti Məhəmmədin (s.ə. s) yanına gəlir. Peyğəmbər onun nə üçün gəldiyini deyir və namaza durur. Səcdədən qalxarkən Qəranını mücdələyir ki, Allah-Təaladan vəhy gəldi; - Sənin iki oğlun olacaq, biri indiki arvadından, adını Üveys qoyarsan. Sonrakı arvadından olan oğlunun adını isə Məhəmməd qoyarsan, amma Baba çağırarsan. Hər ikisi kəramət sahibi olacaqlar. Amma heç biri vilayətdə yaşamayacaq və hər ikisi qeyb olacaqdır. Sonra Qərani peyğəmbərimizdən uşaqların doğum vaxtını soruşur. Peyğəmbərimiz buyurur ki, biri doqquz aydan sonra, ikincisi isə iyirmi ildən sonra doğulacaqdır.

613-cü ildə Üveys, 633-cü ildə isə Məhəmməd dünyaya gəlir. 16 yaşında olanda Üveys eşidir ki, Peyğəmbərin bir dişini sındırıblar. Diş çəkənin yanına gəlib 32 dişinin hamısını çəkdirir və cavab olaraq deyir; Peyğəmbərin bir dişi sına mənim dişlərim ağzımda salamat qala, bu, ola bilməz.  Mən dişlərimi ona qurban verirəm.  

Bu hadisə Peyğəmbərə yetişəndə  O, görməzə-bilməzə Üveysə məhəbbət bağladı. Dünyadan köçərkən bir vəsiyyəti də bu oldu ki, xirqəm (üst geyimin altından geyilən sırıqlı paltar)  Üveysə verilsin. Peyğəmbərin vəfatından sonra Əbu Bəkr həzrətləri xirqəni Həzrəti Əli və Həzrəti Ömərə verib Üveyisə göndərir. Onlar Üveysi ərəb ölkələrində üç ay atla gəzib, nəhayət ki, qoyun (bəzi məlumatlara görə Üveys dəvə otarırmış) qırağında tapırlar. Üveysin bir neçə möcüzəsinin şahidi olurlar.  Onlar Üveysi Bəsrə şəhərinə gətirirlər ki, camaat da onu  görsün. Burada yerli alimlər Üveyisə deyirlər:

-Biz səninlə din, şəriət barəsində sorğu-sual aparmaq istəyirik. Üveys onlara ardınca gəlmələrini deyib, Bəsrə şəhərinin ortasından axan Dəclə-Fərat çayının yaratdığı Şəttul-Ərəb çayına yetişir. Peyğəmbərin xirqəsini suyun üzərinə atır. Suyun üzü ilə yeriyib xirqənin üstündə oturur. Və deyir: - Gəlin, burada söhbət edək.  Hamı bu möcüzəyə mat qalır.

 Həzrəti Ömər və Həzrəti Əli Mədinəyə qayıdıb əhvalatı Əbu Bəkr həzrətlərinə danışır. Əbu Bəkr Üveyisi Azərbaycanın Ərəş mahalına (indiki Ağdaş  rayonu ərazisi) vali təyin edir. Bu fərman yazılanda Üveyisin 20 yaşı vardı. O, ailəsi ilə birlikdə Azərbaycana gəlir, Vağam adlı yerdə məskən salır.

       Qəraninin ikinci arvadı Səlma hamilə idi.  (Üveysin anasının, Qəraninin birinci arvadının adı Zeynəb idi.)  Qərani öz Vətənində qalır və deyir ki, Səlma azad olsun sonrasına baxarıq. 633-ci ildə Məhəmməd anadan olur.  Peyğəmbər buyurduğu kimi Baba çağrılır.   Baba hər iki anasını – Zeynəb və Səlmanı eyni məhəbbətlə sevir. Ögey-doğmalıq qoymur. Baba 10 yaşında olanda Qərani onu mal otarmağa göndərir. Baba mal otararkən göydən qanadlı bir kişi düşür və Babaya deyir ki, məni Allah göndərdi, mən Allahın mələyi Cəbrayılam. Allah buyurdu ki,   sənə namaz öyrədim.  Həzrəti Cəbrayıl 3-4 dəfə gəlib, Babaya namaz öyrədir. Baba namaza elə öyrəşir ki, gündə 17 rükət əvəzinə 100-150 rükət namaz qılır. Sonra Həzrəti Cəbrayıl ona Quranı əzbər öyrədir. Baba 6 ayın ərzində Quranı tam öyrənir. Bundan sonra həzrəti Cəbrayıl 6 il görünmür.

   Bir gün Qərani Babaya deyir:

-Oğul, gəlsənə Həzrəti Əlini görəsən?! Baba Kufə şəhərində Həzrəti Əli ilə görüşür. Həzrəti Əlinin hüzurundan qayıdandan sonra anasına deyir:

-Düyü Həzrəti Fatimənin mehridir,  Tütyə-təbərrikdir, onu yerə tökmək olmaz, günahdır.

Bir gün Zeynəb plov bişirərkən süzdüyü düyüdən 5-6 dənəsi yerə düşür. Zeynəb bunu görür, sonra götürərəm deyib, düyü qazanını dəmə qoymaq üçün oradan uzaqlaşır. Baba evə qayıdarkən qapı ağzına tökülmüş düyünü görüb qorxur. Düşünür ki, bunun cəzası ağır olacaq. Elə o an dəhşətli çığırtı eşidilir. Göy guruldayır, buludlar bir-birinə dəyir, bərk külək qopur və Babanı yerdən götürüb, qaldırır göyə. Bir də onu uca dağın başında yerə qoyur.  Bu zaman səs eşidilir:

-Buralara diqqətlə bax, tez-tez bura gəl. Bura sənin axır mənzilindir.  Baba baxır ki, burada heç bir yol-riz yoxdur Və yenidən külək  əsir, onu yenidən götürüb evə qaytarır. Bu əhvalatdan sonra Baba ayda bir -iki dəfə öz dağına gedir, gəzib, dolandıqdan sonra geri qayıdır.

   Qərani 81 yaşında vəfat edir. O zaman Üveys 52, Baba isə 32 yaşında idi. Beləcə illər ötdükdən sonra Üveys dünyadan köçür.

695 – ci ildə isə Babadağ zirvəsində Baba qeyb olur.

Quba tərəfdən Həzrət Babanın ziyarətinə gedərkən qəribə daşlara rast gəlinir. Deyilənlərə görə daşların biri, Babanın bacısı, biri isə anasıdı. Həzrət Babanın dalıycan gedərkən müəyyən məqamlarda Allah-Təala onları daşa döndərib. Hətta indiyə qədər el arasında Həzrəti Babanın anasının Babanı axtaran məqamında ağı-bayatılara dediyinin, el arasında oxunğunun danışırlar. Anası deyir:

Anası:

        Aman çaylar, canım çaylar,

       Həzrət Babanı gördüzmü?

Gözlərim yaşla çağlar,

  O bir balanı gördüzmü?

 

Çaylar:

 Aman, aman canım ana,

 Sənə qurban özüm ana.

    Həzrət Babanı görmüşük;

       Dünən burdan gəlib keçdi,

Əl-üzünü yuyub keçdi.

 

Anası:

     Aman bulaq, canım bulaq,

    Sənə qurban özüm bulaq.

      Həzrət Babanı gördüzmü?

O bir balanı gördüzmü?

 

Bulaq:

  Aman aman canım ana,

  Sənə qurban özüm ana.

     Həzrət Babanı görmüşük;

        Dünən burdan gəlib, keçdi,

Dəstəmazın alıb keçdi.

 

Bu sual-cavab xeyli davam edir… Bu minvalla çobandan, ağacdan, quşlardan, bulaqdan və nəhayət dağlardan soruşur. Dağlar deyir ki, bu vaxta qədər həzrəti Baba sizin idi, innən belə bizimdir.

 

Yuxarıda qeyd olunan tarixi məlumatlara

 görə şair-publisist Eldar Səfa Şahvələdliyə təşəkkür edirəm.

Müəllif.

 

                                       Ziyarət yolu

 

Tapındığımız, ən böyük inanc yerimiz Allahın özüdür. Bundan sonra sitayiş etdiyimiz pirlər, ziyarətgahlar, and yerlərimiz var. Allaha inandığımız qədər onlara da inanırıq. Belə inanc, sitayiş  yerlərindən biri də Babadağ ziyarətgahıdır. Baba Kuhi ilə Həzrət Babanın arasında 3-4 əsrlik dövr fərqi var. Babadağ Böyük Qafqaz dağları silsiləsində yerləşir. Hündürlüyü dəniz səviyyəsindən 3632 metr yüksəklikdədir. Artıq əsrlərdir ki, Babadağ el arasında sınanılmış və inanclı ziyarətgahdır. Babadağı yalnız yayın ən isti vaxtlarında ziyarət etmək mümkündür. Ta qədimdən  bu günə qədər sitayiş etdiyimiz bu dağ silsilələrdən ibarətdir. Əzəmətli görünüşə malik olan Babadağın zirvəsində hətta, bəzən yayda da qar olur. Avqust ayının bürkülü vaxtlarında, qızmar  istilərdə bir balaca hava soyuyarsa Babadağa qalxmaq mümkünsüzləşər. Bu zaman soyuq hətta dağın ətəklərinə qədər gəlib çatır. Bu yola yolçu olanlar ancaq ilin ən isti aylarında avqust aylarında ziyarətə gedə bilərlər. Ziyarətçilər bilirlər ki, bu yolda ölüm ola bilər. Amma onlar bu yolu istəklə gedirlər. Çünki bu müqəddəslik,  fəxarət yoludur.

İsmayıllı rayonunun Lahıc kəndinə yaxın, yolun sağ kənarında bir sitayiş, ocaq yeri var. Xalq deyimlərinə görə, bu ocaq Məhəmmədin dağa gedərkən əyləşib, dincini aldığı məkan olub. Allah tərəfindən sevilib-seçilən Məhəmmədin özünün və atının ayaq ləpirləri indiyə qədər hələ də orada olan sal daş üzərində durur. Ziyarətçilər ləpiri ziyarətdən sonra Babadağı ziyarət etmək üçün Babadağ istiqamətinə tərəf irəliləyirlər. Babadağın ətəyinə çatdıqda «Qurbangah» adlanan düzdə düşərgə salınır. Bu, həmin Qurbangahdır ki Babadağ eşqinə deyilən bütün qurbanlar burada kəsilir. Qurbangahda yolçular gündüz istirahət edib, gecə dağa qalxırlar. Çünki, tək cığır üzərində irəliləyən yolçulara gündüz dağın ətəyi vahiməli görünür və ziyarətçiləri qorxuya salır.

Düşərgədən bir qədər aralı Babadağın ətəyində tənha bir qəbir-Nənənin qəbri yerləşir. Qəbrin başdaşında yazı görsənir; Nuh  əshabəsi Babanın, yəni, Məhəmməd pirin nənəsi. Nənənin qəbrindən üzü yuxarı başlayan yoxuş ziyarət yolunun ilk yüyrüş yoludür. Bura «Göy yoxuş və ya «Göy cığır» deyilir. Dağa xeyli qalxdıqdan sonra «Şeytana daş atılan» adlı uçuruma rast gəlinir. Rəvayətə görə «Şeytan uçurumun kənarında dayanar, ziyarətə gələnləri yolundan azdıraraq uçuruma salarmış. Bunun üçün uçrumun kənarından keçən yolçular uçruma mütləq bir daş atmalı, «Allah sənə lənət eləsin, ay kor şeytan» deməlidirlər ki, şeytanın felinə tuş gəlməsinlər, mənzil başına salamat çata bilsinlər.

«Şeytana daş atılan» yerdən üzü yuxarı dağ silsiləsinin dərəyə bənzər dağ döşünə «Bəd dərəsi» deyilir.  Bu yoxuş ən ağır yol silsiləsidir. Bura ziyarətçilərin sanki kələyinin kəsilşdiyi yoxuşdur. Belə ağır dağ yolundan sonra uzun, hamar dağ döşünə çatan yolçular bu yerdə əməlli-başlı dinclərini alırlar. Bu yerin adı «Uzun yol» adlanır. «Uzun yol» dan sonra «Xarman düzü» (deyilənə görə Məhəmməd burada taxıl döyürmüş) yerləşir.    Ziyarətçilər dağda Musa bulağını da görürlər. Xalq deyimlərinə görə bulaq zəmzəm suyunun bir qoludur. Danışılan rəvayətlərdən biri; Musa peyğəmbərin bu dağda susuzluqdan əziyyət çəkən zaman  əsasını yerə vurması və həmin yerdən su qaynaması haqqında rəvayətdir. Onu da nəql edirlər ki, həmən su hamıya nəsib olmur. Yalnız niyyəti düz, qəlbi təmiz insanlar sudan götürə bilər. Niyyəti çirkin olanlar hava nə qədər münasib olsa da nə Babadağa çıxa bilər, nə də Musa bulağından su götürə bilərlər. Bundan sonra isə «Sərt yoxuş» adlanan dikdir. Ziyarətçilərin bu yoxuşda dirənib dağa qalxa bilmədikləri dik dağ qatı. Adı çəkilən bu dağ silsilələrindən sonra zirvəyə 5 metr qalmış «ZİYARƏTGAH» yerləşir.

Ziyarətdən qayıdan zaman «Xəlifə yolu» deyilən yol var ki, bu da uçurumun üstündən keçən yoldur. Yolun tarixiçəsi belədir; Xəlifələrdən biri  Babadağa ziyarətə gəlir. Qayıdan zaman yorğunluğundan yol gedə bilmir. Özünü sıldırımlı uçurumdan, kəsə yolla dağaşağı atır və gəlib dağın ətəyində, qərar tutur. O zamandan həmin uçuruma Xəlifə yolu –« Kəsmə yol» deyirlər. Javan yolçular da bu yoldan çox istifadə edirlər.

Babadağda ziyarətçilər maraqlı bir mənzərənin şahidi olurlar. Dağ yolunun üstündə bir-birindən aralı 5-6 qəbir görsənir. Qəbirdə uyuyanlar Babadağ ziyarəti zamanı ölənlərdir. Ziyarət zamanı ölən olarsa onun cəsədini geri qaytarmazlar. Dağ daşlarından daş qəbir hazırlayar, öləni elə oradaca daş qalaqlarının arasında basdırarlar. Hər il ziyarətə gələnlər bu qəbirlərin üzərinə bir daş əlavə edər, ölənlərin ruhuna rəhmət diləyər, dua oxuyarlar.

Ziyarətçilərdən eşitdiyim maraqlı bir tarixçəni sizə nəql etmək istəyirəm:

-Ziyarətçilər arasında cavan bir xanım varmiş. O, Babadağa qalxan zaman üzünü dağa - ocağa tutur və deyir:

-Ya Baba, özün bilirsən, mənim yaşayışım necə ağırdır, uşaqdan yana nə qədər zillətlər çəkirəm. Evdə günüm-güzəranım yoxdur. Əgər mənim körpəm olacaqsa məni sağ-salamat bu dağdan endir, yox, əgər bundan belə uşaqsız qalacamsa mənim üçün elə bura yaxşıdır. O zaman SƏNDƏN ölüm diləyirəm. Gəlin ocağı ziyarət edib qayıdan zaman dağda fırtına qopur. Toz-dumandan göz-gözü görmür. Fırtına ötüşəndən sonra ziyarətçilər baxıb görürlər gəlin yoxdur. Sonra  məlum olur ki, gəlin qayadan qopub tökülən daş parçaları arasında qalaraq ölüb.

Ocağın ziyarət edildiyi bir ay zaman kəsiyində pirdə əyləşən müçövürcülərin Babadağda «oturma» müddətidir. Babadağ zirvəsində ziyarətçiləri həmin müçövürçülər qarşılayırlar. Elə bizi də ziyarət zamanı həmin müsovçülər qarşıladı. Onlardan bizə bildiklərini danışmasını xahiş etdim. Onlar mənə (yuxarıda sizə tanış olan) düyü əhvalatını nəql etdilər. Onu da qeyd etdilər ki, düyü əhvalatı Babadağ rəvayətini Şamaxı ərazisində yerləşən ən böyük inanclarımızdan biri Şıx Eyyub rəvayəti ilə birləşdirir. Hətta onu da qeyd etdilər ki, dağın sakini Məhəmməd hələ də sağdır, nə vaxtsa zühur edəcək.

Hər il yüzlərlə, bəlkə də minlərlə ziyarətçi Babadağa səfər edir, müqəddəs zirvəni fəth edərək ziyarət növbəsini yeni ziyarətçilərə ötürürlər.  Babadağı ziyarət etmək üçün Azərbaycanın, hətta başqa respublikalardan qonaqlar gəlir. Ziyarət zamanı ziyarətçilər müqəddəs Babadağa sığınır, təmizlənir, saflaşır və etiqadlarını möhkəmləndirirlər.

Babadağa iki günlük səfərimiz, bu yolda çəkdiyimiz müqqəddəs əziyyətlərdən,  məşəqqətlərdən söhbət açmaq istəyirəm.

 

 

                                Babadağ məşəqqəti

 

Məxsusi gözəlliyə malik olan Şamaxı rayonunun Şərq istiqamətində, səfalı dağların ətəyində balaca, lakin, gözəl bir yaşayış məkanı - Talışnuru kəndi yerləşir. Bu kənddə atamın gənclik dostu Abyət əmi ailəsilə birlikdə yaşayır. Ailənin xoş gününə, evin sonbeşik qızının toyuna dəvət almışdıq. Kəndə getmək üçün kəndin ətəyində yerləşən çayı keçmək lazım gəlirdi. Qış aylarında çox vaxt daşan seldən çayı keçmək, kəndə getmək mümkünsüzləşir. İndi isə yay mövsümü olduğu üçün dağların suyu azalmış, çayı keçmək asanlaşmışdı.

 Biz də heç bir maneə olmadan çayı keçib, kəndə daxil olduq. Toyda kiçik qardaşımdan eşitdim ki, sabah Babadağa səfər olacaq. Bir neçə dəfə Babadağ ziyarətində olduğuma baxmayaraq daxilimdə yenidən bu dağı ziyarət etmək arzusu oyandı. Qərar verdim;

-Mən də gedəcəyəm!

Elə həmin gecə, toy qutardıqdan sonra Şamaxıya qayıtdıq. Babadağa getmək ümidi ilə özümdən yaşca kiçik bacım Sevdanın evində gecələdim. Qardaşım Səfər də mənimlə bu ziyarətə getmək arzusunda olduğunu bildirdi. Sevda bizim üçün yol tədarükü görməyə başladı. Qalın caket, yun şal, yun corablar, bir sözlə, əlinə keçən isti paltarları idman çantasına doldurdu. Yolda yemək üçün soyutma toyuq, pendir, meyvə, yemiş tədarük etdi.

 -Bacı, zəhmət çəkmə, onsuz da Qurbangahda kəsmək üçün, ziyarətçilərlə birlikdə, qoyun alacağıq dedimsə də, Sevda mənə qulaq asmadı. Əlinə keçən azuqələri çantaya doldurdu.                                   

 

Avqust ayı olmasına baxmayaraq, küləkli hava payız havasını xatırladırdı. Məlumat bürosunun verdiyi xəbərlərə qulaq asmadığım üçün sabah havanın necə olacağından xəbərsiz idim.  

Güclü külək gecə yarısı biraz da gücləndi. Vıyhavıyla vıyıldayan küləyin uğultusu qulaqlarımda əks-səda salaraq məni yatmağa qoymurdu. Mənimlə bir otaqda yatanların küləkdən xəbərlərləri belə olmadı.

 Sabah yola çıxacağım səfəri xəyalıma gətirdim. Qorxurdum ki, sabah da hava belə olarsa, səfərimiz baş tutmaya bilər. Havanın dəyişməsi qanımı qaraltmışdı. Məni narahat edən başqa səbəb də vardı. - Görəsən, belə havada ağır səfərə dözə biləcəyəmmi?  Buna baxmayaraq qəti qərarımı vermişdim. Getməliyəm!

Yatmaq ümidi ilə gözlərimi yumdum. Nə vaxt yatdığımı bilməmişəm. Yay gecəsinin alatoranlığı içərisində takkıldayan bir səs süzülərək yatağıma hopurdu. Pəncərə laylarının tappatapla divara çırpılıb çıxartdığı səs məni şirin yuxudan elədi. Gözlərimi açdım. Güclənən külək pəncərənin cəftəsini yerindən çıxartmışdı. Ərincək yerimdən qalxdım. Pəncərəni bağlayıb, yatağıma uzandım. Yata bilmirdim. Yuxu gözlərimdən qaçaq düşmüşdü.

Səhərə az qalırdı. Küləklə çırpışan buludların aydınlığı sabahın tezliklə açılacağından xəbər verirdi.

 Sevdanın səsi eşidildi, bizi çağırırdı:

 -Mələk, qalx, vaxtdır, gecikirsiz. Üzünü Səfərə tutub: - Səfər, ziyarətə gedənlər sizi gözləyirlər. Jaamatı ləngitməyin, eyibdir, tələsin deyib, otaqdan çıxdı.

Elektrik işıqları keçmişdi. Hava hələ açılmadığından kor adamlar kimi qaranlıqda əlimizi çaprayının başına sürtüb, paltarımızı axtarmağa başladıq. Bu zaman Sevda əlində yanan şamla otağa qayıtdı. Şam işığı otağın qaranlıq divarına düşərək qəribə olsa da divarda dağ görüntüsü yaratdı. Bu görüntü bizi Babadağ səfərinə tələsdirdi. Şam işığında paltarlarımızı tapıb, geyindik. Həyətə endik. Hava heç də ürəkaçan deyildi. Səfər üçün qeyri münasib hava idi.  Bu azmış kimi yağış da çiləməyə başladı.

 

                                                                      ***

 

QAZ-53 markalı maşın nərildəyə - nərildəyə yoxuşu qalxırdı. Mühərrikindən çıxan səs hərdən zəifləyərək, zarıyan adamın səsini xatırladırdı. Maşın üzüyuxarı, dikdirə qalxıb, təpənin başında dayandı. Maşının yolu ziyarətgah, yükü isə Həzrət Baba  ziyarətçiləri idi.

Şofer, qardaşım Eyvaz idi. Hövsələsi dar, səbrsiz olmasına baxmayaraq, maşallah, nər kimi qüvvəli, lazım gəlsə yeddi cavanın yükünü çəkə bilən oğlandı. İllərdir ki Babadağ ziyarətinin yolçuluğu zamanı ziyarətçilərə bələdçilik edirdi.

Hələ kəsməyən, aramsız yağan yağış güclənərək bizi narahat etməyə başladı. Eyvaz ehtiyat üçün götürdüyü çadır örtüyü yolçuların köməkliyi ilə maşının yük yerinə  çəkdi. Maşın silsilə şəklində düzülmüş Lahıcın əsrarəngiz dağlarını ötərək, gedəcəyimiz yolu yarı etdi. İsmayıllı rayon ərazisinin çox hissəsini geridə qoyan maşın yaylaqlarda məskunlaşan tərəkəmə  yataqlarına  yaxınlaşırdı.

Qurbangahda kəsiləcək qoyunu almaq üçün Eyvaz maşını tərəkəmə yataqlarının yanında saxladı. Uzaqda, boz yamacın ətəyində görünən çobanı fitləyərək salamladı. Ona əliylə yaxınlaş işarəsi etdi. Çox keçmədi ki, çoban sürüsü ilə birlikdə maşının yaxınlığında hazır oldu. Kəsilmək üçün alınacaq qurbanlıq qoyunun sövdələşməsinə başladılar. Səslərini eşitməsək də alver sevdasının baş tutmadığını hərəkətlərindən aydın etmək çətin deyildi. Deyəsən, qiymətdə razılığa gələ bilmirdilər. Xeyli mübahisədən sonra Eyvaz üzünü maşınlara çevirərək hündür səslə:

-Ayə, kimdə yemiş var? Gətirin, çoban üçün. Ağsaqqal bu yay yemiş nübarı etməyib– dedi. Mən maşının kabinəsində əyləşmişdim, kabinənin qapısını açıb, başımı yuxarı qaldırıraraq Səfəri çağırdım:

-Səfər, Sevda zənbilə iki yemiş qoyub, böyüyünü ver çobana.

Qoyunun qiymətindən narazılıq edən çobanı bir yemişlə razı salan Eyvaz aldığı qoyunu  sürüdən aralayıb, çəkə-çəkə maşına tərəf gətirdi.

                                                    

                                                              ***

Quba və İsmayıllı ərazisini əzəmətiylə ayıran Babadağa artıq az qalırdı. Yağış hələ kəsməmişdı. Yük yerinə çəkilmiş çadır üzərinə tökülən yağış qəribə səslər çıxarırdı. Yağış nağara dumbultusunun səsini çıxarırdı, elə bil kimsə nağara çalırdı.  Yağışdan narazı qalan yolçular başlarını bulayaraq, bəxtlərindən gileylənirdilər.

Girdmançayın bir neçə qolunu aşaraq, nəhayət, Babadağın ətəyində yerləşən -Qurbargaha yetişdik. Çayın sahilində yerləşən Qurbangah Girdimançayın səthindən xeyli yüksəkdə yerləşirdi. Qurbangah böyük düzənlik olduğundan düşərgələr məhz bu düzənlikdə salınırdı. Düzənlikdən üzüyuxarı, dağa tərəf ayrılan cığır Babadağa qalxan yeganə yoldur. Ziyarətçilər məhz, bu yoldan Babadağa start götürürlər. Yağışın dayanmamasına təəssüf hissi keçirə-keçirə başqa çıxış yolu yoxdur, dağa çıxmalıydıq, deyən ziyarətçilər günorta dağa qalxmağı qərarlışdırdılar.

Dağa qalxan cığırın bir üzü dağa dirənsə də ikinci üzü dərəyə, sıldırımlı uçuruma axarlı idı. Bu səbəbdən yolçular sıldırımlı uçurumdan keçən zaman gözləri qaranlıq gətirib uçruma yıxılmasınlar deyə, dağa əksər halda gecələr, adətən, ay doğan sonra, ay işığında qalxarlar. Yağış kəsilmədiyindən bu dəfə bu qayda pozuldu.  Alınan qurbanlıq da kəsilmədi. Gecə dağa qalxmaq axmaqlıq olardı. Soyuq hava, üstəlik də şaxta.  Hava qış havasından geri qalmırdı. Bu havada  gecə yola çıxmaq ölümü gözə almaq demək idi. Gecə dağa qalxmaq istəyi bizi ən azından dağda azmaq təhlükəsi ilə üz-üzə qoya bilərdi.  Buna görə də dağa gündüz qalxmaq  qərara alınmışdı.

Yağış imkan vermədiyindən ziyarətçilər kişili-qadınlı maşının yük yerində paltarlarını dəyişdilər.

Gündüz, saat 1-də, yağışın müşayəti ilə Babadağ yürüşü başlandı. Biz dörd nəfər – Böyük qardaşım Eyvazın həyat yoldaşı Kəmalə, kiçik qardaşım Səfər və bacımın həyat yoldaşı Rasim və mən artıq yürüşə hazır idik. Amma tələsmədik. Bizdən əvvəl yola düşən ziyarətçilərə tamaşa etdik. Ziyarətçilər gözdən itəndən sonra:

-Allah Məhəmməd Ya Əli - deyərək yola düzəldik. Qurbangahdakı  maşınların arasından adlayıb, birinci aşırımı asaraq təpəyə sarı səmt aldıq. Girdmançayı keçdik və çayın əks tərəfində yerləşən Həzrət Babanın nənəsinin kümbəzinə yetişdik. Gümbəzlə Qurbangahın arasındakı məsafə ayaq ölçüsü ilə 10-15  dəqiqəlik yol olardı. Kümbəzə çatanda əynimizdəki paltarlar büsbütün su içərisində idi. Əvvəlcə nənənin qəbrini ziyarət etdik. Sonra Allahı köməyə çağıraraq Babadağın ətəyindən üzüdağa dırmanmağa başladıq.

Gecə dağa qalxan ziyarətçilər artıq geri qayıdırdılar. Qayıdanlar arasında soyuğa dözməyib, yarımçıq geri dönənlər də vardı. Geri  qayıdanlardan bəziləri:

-A bacı, getməyin, yuxarıda, dağda tufan var. Geri dönün!  - deyə xəbərdarlıq edirdilər.

Jüssəli bir kişi:

-Getmək mümkünsüzdü, biz kişi xeylağı qalxa bilmədik, siz qadın xeylağı heç çıxa bilməyəcəksiniz, qayıdın, yolda  qırılarsınız - dedi.

Yolçulardan bəzilərisə bizə ürək-dirək verir: -Allah Kərimdir, bəlkə siz qalxa bilərsiniz, deyə dağa qalxmaq üçün bizə ruh verirdilər.  Xeyli irəlilədikdən sonra dağ döşündə qurulmuş bir çadıra rast gəldik. Babadağa yaxın kəndlərin cavan sakinlərindən bir neçəsi havanın soyuqluğunu fürsət bilib, pul qazanmaq məqsədiylə yolüstü qurduğları cadırın yanında samovar çayı hazırlayıb, yolçulara satırdılar. Havanın soyuqluğundan istifadə edərək, çayçılar çayı yolçulara baha qiymətə sırıyırdılır. Soyuqdan donan yolçulardan bəziləri satın aldıqları çayı qızınmaq üçün əl-ayaqlarına tökürdülər.

Yağış altında çay içmək asan məsələ deyilmiş. Əllərimiz donduğundan stəkanı barmaqlarımız arasında saxlayırdıq. Birdən ağlıma belə bir fikir gəldi. Burada itirdiyimiz vaxtı yola sərf etsək daha məsləhətlidir. Üzümü Səfərə tutub:

-Səfər, vaxtımız hədər gedir. Çayı boşaldın əllərinizə, əlləriniz istilənsin, gedək! Səfərgil yerindən tərpənmək istəmədilər. Amiranə səslə: - Vaxtımızı itiririk, getdik! deyib, birinci olaraq özüm əlimdəki çayı əllərim üzərinə boşaltdım. Yaşca onlardan böyük olduğumçün ixtiyarsız liderliyi ələ keçirtmişdim. Dağın hündürlüyünə dırmandıqca yüksəklikdə hava çatışmamazlığı hiss edilirdi. Dağda soyuq sərtləşdiyindən irəliləməyimiz çətinləşirdi. Qarşıdakı maneələri adlayaraq, çətinliklə də olsa sıldırım qayaları yavaş-yavaş aşırdıq.

Yolda bəzi ziyarətçilərə rast gəlirdik. Ziyarətdən qayıdanların vəziyyətləri acınacaqlı idi. Bəzilərinin ayaqqabısı, caketi, şalı, pencəyi bir sözlə, yağış isladıb ağırlıq edən geyimləri dağ yolu boyuca atılıb qalmışdır. Vəziyyət o qədər acınacaqlı idi ki, hətta ağızları belə söz tutmurdu. Yolçular donmuş əllərini ağızlarına təpir, nəfəsləri ilə əllərini isitmək istəyirdilər.

Dağa qalxanlardan 40-50 yaş həddi arasında olan sağlam kişilər belə yolu yarımçıq geri qayıtmaq məcburiyyətində qalmışdılar. Dağyuxarı qalxan yolçulardan bəziləri Allahı köməyə çağırır; Allah-Allah!- deyərək, zikr döyürdülər.

                                                    ***

 «Şeytana daş atılan» yerə çatanda artıq əldən düşmüşdük. İslanmış paltarlarımız əynimizə ağırlıq edirdi. Alt paltarımızdan axan yağış suyu baldırımızı yalayaraq ayaqqabımızın içinə dolurdu. Əyinimizdəki caketin qollarından tökülən su sanki, dolçadan əndərilirdi. Getdikcə gücümüz azalırdı. Dağ yolunda daha az yolçu gözə dəyirdi. Taqətləri tükəndikcə  bu səfəri  başa çatdıra bilməyəcəklərini anlayanlar geri qayıtmışdılar. Şeytana daş atılan yerə çatıb nəfəsimizi dərmək üçün dayandıq. Burada bizdən başqa yalnız bir neçə adam gözə dəyirdi. Bir sözlə dağda adam barmaqla saylacaq qədər qalmışdı.

Şeytana daş atdıqdan sonra, dayandığımız yerdən üzüaşağı, sıldırıma nəzər saldıq. Dağa çökən dumanın  sıxlığından göz-gözü görməsə də uçurumun çox dərin, və qorxuc olduğunu hiss etdik. Duman bizi dağın döşündə gizlədirdi. Bir-birimizi güclə görürdük. Yolçulardan bəziləri ta gəlib bizə toxunana qədər onları dumandan seçə bilmirdik. Ehtiyatlı olmalıydıq ki, geri qayıdanlarla toqqaşıb, dərəyə aşmayaq. Dağın yüksəklyi artdıqca soyuq da kəskinləşirdi. İslanmış paltarlarımız əynimizdə sırsıraya dönürdü. Geyindiyimiz paltarlar bizə yükdən başqa bir şey deyildi. Donmaq təhlükəsi vardi. Bu ziyarətdən çox, ölümlə üz-üzə durmaq, ölümlə pəncələşmək idi.

Dünəndən dağda qalan bir yolçuya rast gəldik. Halı acınacaqlı idi. Ziyarəti qəbul olmuş yolçuya Kəmalə gözaydınlığı verərək:

-Ay qardaş, çox  şükür, belə havada ziyarət edə bilibsiniz. İnşallah sağ - salamat geri də qayıdarsınız.  Allah ziyarətinizi qəbul etsin!- dedi.

Soyuqdan ağzında dili zorla söz tutan ziyarətçi şaxtadan cadarlanmış dodaqlarını güc-bəlayla aralayaraq təşəkkürünü bildirmək istədi. Lakin çaşdığından tamamən yanlış söz -təşəkkür əvəzinə:  -Allah sizə də qənim olsun! (əslində sizə də qismət olsun demək istəyirdi) dedi. Soyuqdan özünü itirmiş yolçunun cavabı bizi güldürdü. Onun halına acıyan Kəmalə:

- Yazıq, əlhəmin çaşdırıb, inanmıram ki, sağ-salamat geri dönsün -dedi.

Dağ yolunu yarı etmişdik. Artıq ayaqlarımız yer sürüyür, yeri çətinliklə tuturdu. Başımızı yuxarı qaldıra bilmirdik. Toyuq başını qoltuğuna soxan kimi üzümüzə çırpılan şaxtadan qorunmaq üçün başımızı qoltuğumuza soxmuşduq. Tez-tez ayaqqablarımızı soyunub, içərisinə dolan suyu boşaldırdıq. Ağırlıq etdiyindən geyimlərimizdən bəzilərin çıxarıb atmışdıq. Üst geyimlərimizi tez-tez çıxardıb suyunu sıxır, yüngülləşdikdən sonra geyinirdik. Taqətimiz tükənmək üzrə idi. Donmamaqçun uşaqları yolda dayanmağa qoymurdum.

-Tez olun, tez olun! deyə-deyə onları insafsızcasına üzüyuxarı qovur, nəfəs almağa imkan vermirdim. Beləcə, dağı cırmaqlaya-cırmaqlaya üzüyuxarı dırmanırdıq. Uşaqların amanının kəsildiyimi görüb, bir balaca insafa gəldim. Dayandım. Dayanmaq bizə baha başa gəldi. Sonradan hər beş-on addımdan bir dayanıb yorğunluğumuzu almağa məcbur olurduq. Uşaqların tamamilə taqətdən düşdüyünü görüb:

-Nə qədər ki,  gec deyil, sizə çətindirsə, geri qayıda bilərsiz deyib, üzlərinə baxdım. Nə cavab verəcəklərini bilirdim. Amma bu təklifi etməliydim. Kəmalə hamıdan əvvəl dilləndi:-  Allah qoysa, mütləq dağın zirvəsinə qalxacam! -dedi. Özün qayıtmırsan, bizə niyə qayıt,  deyirsən?

-Deyirəm, bəlkə utanırsız, geri qayıtmaq istədiyinizi dilinizə gətirə bilmirsiniz?

-Mən seyid qızıyam, ibadət yolundan, ziyarətdən geri qayıtmaram.

Onun fikrinin qəti oluğunu bilib, üzümü Səfərə çevirdim. Səfər ona baxdığımı görüb:

-Mələk, mənə bir söz demə. Bu qədər yolu əzabla qalxmışıq. Deyirsən, yarı yoldan qayıdaq? Rasimi bilmirəm, mən qayıtmayacağam! Rasim: - Mən də qayıtmayacağam. Nə olsun ki çətinlik var, İnşallah gedəcəyik!

 - Mən bu yolun yolçusu olmuşam, siz bilmirsiz, yolun çətinliyi hələ qarşıdadır. Mənə baxmayın,  mən niyyət etmişəm,

Səfər dilləndi:

 -Elə şey yoxdur, necə yəni, səni tək qoyub geri qayıdaq? Mən iyirmi yeddi yaşlı, cavan oğlan qayıdım, sən məndən yaşca böyük, üstəlik də qadın  gedəsən? Bizə gülməzlər?! Bizə məsləhət vermə, bir özünə bax! Yorulmusan, özündən xəbərin yoxdur!

-Amma xəbəriniz olsun, yolun əzabı hələ qarşıdadır, bir azdan gün də batacaq. Hələ…

Kəmalə sözümü yarımçıq kəsib:

-Onda vaxtımızı itirməyək. Ya Allah! deyib, yoluna davam etdi. Heç bir söz əlavə etmədən arxasınca düşdük.

Qırovlu qar yağmağa başlamışdı. Ayaqlarımız sözümüzə baxmırdı. Nə yaxşı ki, Qurbangahda əlimizə qalın ağacdan əsa almışdıq. Əlimizdəki əsa olmasaydı, bəlkə də dağı qalxa bilməzdik. Kəmaləylə mən qadın olduğumuzçün gücümüz kişilərə nisbətən tez tükəndi. Tez-tez dayanır, nəfəsimizi dərməyə məcbur olurduq.

Hələ dağı təzə qalxmağa başlayanda Kəmalə dağın ətəyindən bir litrlik plastik qab tapıb, götürmüş, qayıdan zaman bu qabda Musa bulağından «Zəm-Zəm» suyu gətirəcəm, demişdi. Bu yüngül qab cəmi 0,5 litrlik  kola qabı idi. Soyuq barmaqlarını necə dondurmuşdusa boş kola qabına gücü çatmadı:

-Bacı, daha barmaqlarımın gücü qalmayıb, qabı əlimdə saxlaya bilmirəm. Neyləyim bunu, atım? Ancaq su da götürmək istəyirəm.

-Yox, atma, ver mən götürərəm. Heç on dəqiqə çəkmədi ki, boş kola qabını daşımaq necə əzab olduğunu anladım. Adama elə gəlirdi ki, əlindəki boş plastik qab deyil, daşla dolu ağır bir zənbildir. 

                                                         ***

Gün qüruba doğru boylanırdi. Altı-yeddi saat olardı ki, yol gedirdik. Amma bizə elə gəlirdi ki, bir ildir dağdayıq. Qarşımıza çıxan kişi ziyarətçilərin birindən soruşdum:

- Zirvəyə çoxmu qalıb?

-Hələ çox var, deyən kişi bizi yamanlayaraq:

-Ay bacı, qadınlığınla başını kişi işinə soxursan. Belə havada heç kişilər dağa qalxa bilmirlər, onda qalmış zənən xeylağı ola. Bir halına fikir ver, bu halnan guya, dağa qalxa bilərsən?! Nə var düşmüsən bu dağın yoluna?!

Kişinin sözləri xətrimə dəysə də cavab qaytarmadım. Ürəyimdə: - Qalxacam, mütləq qalxacam!- dedim. Yolçunun məni danlamasından sonra əllərimi göyə qaldırıb: -Ya Həzrət Baba, sən özün şahidsən ki, bu yola çıxanda ürəyimdə hansı niyyəti tutdum. Bu ziyarətə  gəzməkçün deyil, SƏNİ ziyarət etməkçün yolçuyam!  Ya Həzrət Baba SƏN də mənə kömək et. Öldü var, döndü yoxdu, qalxacağam! Amma bu yolda ölmək istəmirəm. Yolun çox hissəsin əzabla qət etmişik, Ya Həzrət Baba icazə ver, ardını da gedək-dedim.

 

                                                         ***

Səfərgil məndən çox qabaqda gedirdilər. Amma onları görürdüm. Təkcə Kəmalə gözümə dəymirdi. Fikrimcə mənzil başına hələ çox qalırdı. Kəmalənin zirvəyətgaha çatmaq ehtimalı az idi. Rasim Səfərdən geridə olduğu üçün onu səslədim;

-Rasim, ay Rasim.

Külək sözümü ağzımdan alıb, dağın yüksəkliyinə qaldırdı. Səs Rasimə çatmadı. Boğazımı artlayıb yenidən çağırdım. Çağırış bu dəfə də mənzilə yetmədi. Mənə elə gəldi ki, külək səsimi ağzımdan alıb üzü geri qovur. Əlimi ağzımı qoyub, hayladım. Səs bu dəfə ünvanına yetişdi. Rasim ayaq saxladı. Boğuq səslə cavab gəldi;  -Burdayam, nədi?

  -Kəmalə hanı?

-Rasim - onu görürük, qarşıda gedir, -dedi.                             

Hava qaralmışdı.Duman qatılaşırdı. Qaranlıq və duman cığırdan aşmaq ehtimalı yaradırdı. Artıq Səfərgili görmürdüm. Ayaqlarım donurdu. Ürəyimdə;  -Deyəsən, donuram. Səfərgil də aralanıb getdilər. Qorxudan Səfəri səslədim:

-Səfər...r …Səfər hey-y..y…

Deyəsən, şübhələrim düz çıxır. Onlar məni qoyub getmişdilər. Qışqırsam da eşidə bilməzlərdilər

-Doğrudan da donurdum. Qəribə idi. Dona-dona üşüyürdüm. Lap qəribəsi isə donduğum halda canıma üşütmə də gəldi. Bu, qorxu üşütməsi idi. İçimdən ağrılı bir hiss keçdi, mənə elə gəldi ki, içimdə nə isə qırıldı. Bunun nə olduğun anlamalıydım. Ümidim qırılırdı deyəsən. Var  gücümlə bağırdım.

-Rasim ... Səfər…r … Yenə cavab gəlmədi. Qaranlıqda bir kişi səsi:

-Bacı, niyə qışqırırsan, qaranlıqdan qorxursan? Üzü yuxarı gedirsən, yoxsa qayıdırsan?

Sevindim. Burada kim isə varmış. Nə yaxşı! Ancaq özümü o yerə qoymadım:

-Yox, qayıtmıram. Qorxmuram da. Bizimkiləri səsləyirəm, dedim.

Yolçu acınacaqlı vəziyyətimi görüb:

- Al, mənim əlcəyimi geyin, islaq olsa da barmaqlarını donmaqdan qurtarar. Mən qalxa bilmirəm, geri qayıdıram, qoy əlcək səndə qalsın.

 Kişinin verdiyi əlcəyin barmaqlıq yerlərinə su dolaraq ağırlıq edir,əllərimdən aşağı sallanırdı. Dəri materialdan olan əlcəyin suyunu boşaltmaqdan bezdim. Heç buna gücüm qalmamışdır da.  Nə qədər vaxtın ötdüyünü artıq ayırd edə bilmirdim. Bizimkilər yenə yadıma düşdü. Onları haylamaq üçün gücümü itirmişdim. Əlcəyin suyunu boşaltmaq iqtidarında olmayan adam üçün əlbəttə ki, bağırmaq, kimi isə haraylamaq müşkül məsələ idi. Donmaq üzrə olan, taqətsiz  ayaqlarla özümü onlara çatdırmaq əlbəttə ki, mümkünsüz idi.

-Allah Kərimdir! bir-təhər gedəcəyəm, -deyə ağırlaşan ayaqlarımı əllərimin köməyikliyi ilə hərəkətə gətirdim. Mənə elə gəlirdi ki, yavaş-yavaş buzlaşıram.

Fikirləşdim: -Donsaydım, əzabdan qurtulardım. Qara düşüncələrlə yol getmək əzabmiş. Amma hələ gedirdim, addım-addım olsa da…

Səfərin qırıq-qırıq səsi küləyin vıyıltısı ilə birlikdə qulaqlarıma doldu. Qorxum əbəs imiş. Onlar məndən uzaqda deyillərmiş. 

                                                            ***

Çiyinlərimiz sallanaraq özümüzə böyük yük olmuşdu. Əynimizdəki paltarın altından şırhaşırla axan su arxadan baldırlarımızı yalayır, daha sonra süzülüb dabanlarımızdan çıxırdı. Ayaqqabılarımıza dolan suyu boşaltmağa artıq ehtiyac yox idi. Onsuz da bir-iki dəqiyə yenidən dolacaqdı.

Babadağ artıq gözlərimə «Ölüm» dağı kimi görsənirdi. Dağda yağan qarı isə kəfənə bənzədirdim. Mənə elə gəlirdi ki, bu qar bizim kəfənimiz olacaq. Özü də ağappaq, tərtəmiz, heç bəlkə də Babadağda heç kəsin indiyə qədər geymədiyi kəfən.

Yağışla birlikdə yağan qar qaya parçaları üzərinə qonur, elə o andaca da islaq qaya üzərində əriyib yoxa çıxırdı. Qəribə idi. Qarla, yağış, eyni zamanda yağırdı. Elə bil təbiət var qüvvəsini soyuğa həsr edərək qəsdimizə durmuşdu. Yağan yağış göydəcə qırova çevrilir, üzümüzə çırpılır, üzümüzü şüşə kimi kəsirdi. Şaxtanın ucbatından yolumuz ikiqat çətinləşirdi. Elə yorulmuşdum ki, artıq bir addımdan bir dayanır, nəfəsimi dərirdim. Ağaca dönən, bərkiyən paltarlar içəisində Əzrailə can təslim etmək  təhlükəsi hər an idi. Bədənmiz bizə  əziyyət verir, soyuğun təsirindən ətimiz yanıq kimi göynəyirdi. Dərimiz əcaib rəngə düşmüşdür. Elə bil təndirdə yanıb, sonra da dondurulmuşduq.  Artıq dirənmişdim, addım atmağa taqətim yox idi. Gümanım təkcə Allaha qalmışdı. Kəmalə çətinliklə olsa da özü gedə bilirdi. Dərd mənim dərdim idi. Nə gedə bilir, nə də onlar mənsiz gedirdilər. Dirənib yolda qalmağım, hamımızı ölümlə üz-üzə qoymuşdu. Bəlkə yaşca onlardan böyük olduğum üçün gücüm də onlardan tez tükənmişdir.  Səfər qolumdan tutaraq məni tələsdirdi. Dayanma, gəl!

- Gəlirəm, siz gedin, -dedim.

-Yox bacı, tez ol, gəl, don atarsan! Səy göstər!

-Mən sizinlə ayaqlaşa bilmirəm, siz gedin, mən yavaş-yavaş gələcəm.

-Yox, olmaz, özü də mənə bir də get demə! Səni qoyub gedə bilmərəm.

Yeriməyə cəhd etdimsə də bacarmadım. Səfər qolumu çiyninə aşırdaraq məni kürəyinə söykədi. Arxasınca dağyuxarı sürüməyə başladı. Yorğun olduğundan gücü çatmırdı. Müqavimətini itirdi, ayaq üstə dura bilmədi. Bükülmüş dizləri üstə mənqarışıq yerə çökdü. Yıxılarkən çiyni üzərinə düşdüm. Çiynindən tutub, qalxmaq istədim. Qoymadı. Məni çiyinlərindən düşütməyərək dizin-dizin sürünməyə başladı. Belə getmək  əzab olsa da dözürdü.  Əziyyətini görüb:

-Səfər, məni burax, -dedim. Javab vermədi. Sürünməyinə davam edirdi. Ağac parçasına dönmüş pencəyinin  çiyinlərindən tutub silkələdim:

-Adə, məni burax, burax dedim, sənə! Sakit dur, -dedi. Qarşıda gedən  Rasimi çağırıb:

-Rasim, gəl kömək et, gücüm çatmır. Rasim geri qayıtdı.

Səfər:

-Gir o biri qoluna. Hərəsi bir qoluma girib, köməkli, məni bir az apardılar. Bu, əziyyəti onlara vermək istəmədiyimdən Səfərə:

-Məni buraxın, özünüz də çıxın gedin! -dedim. Qorxub eləmə. Nə də özünü darıxdırma, mən donmayacam. Yavaş-yavaş yeriyəcəm. O görsənən qayanı gorürsən, o qayaya çatıb daldalanacam. Gedin,  sizi burada ləngitməklə dondura bilərəm. Çıxın gedin!

Səfər mənə qulaq asmaq istəmədi.  Qolumdan tutub:

-Gəl görüm, hələ bir gələ biləcəksənmi? 

Janımda təpər hiss etmirdim.Bilirdim yeriyə bilməyəcəm. Buna baxmayaraq inadkarlıqla:

-Yeriyəcəm, qolumu burax! –Özünüz də çıxın gedin.

 Səfər:

-Səni belə qoyub getmək…? Heç ağlına gətirmə!

-Gedin, gedin! -deyə bağırdım.

Rasim bir söz demədən məndən aralandı. Lakin, Səfər yerindən tərpənmədi.

Səfərin yarpaq kimi titrəyən vücuduna, gömgöy göyərən üzünə, şaxtadan neçə yerdən partlamış dodaqlarına, partlamış dodaqları arasında görünən qan laxtasına baxdıqca ürəyim parçalanırdı. Ürəyimdə  Allaha yalvarırdım:- Ya Rəbbim,  özün bizə kömək ol! Bizi sağ-salamat mənzilimizə çatdır. Mənə rəhmin gəlməsə də, Səfərin acnacaqlı halına rəhm et.

Səfərin yoluna davam etməsi üçün onu mütləq acılamaq lazım gəlirdi, yoxsa getməyəcəyinə əmin idim. Onunçun üzümün ifadəsini yalandan dəyişərək acıqlı halda:

-Nə baxırsan üzümə, çıx get də!

Səfər yazıq görkəmdə:

-Getmirəm! –dedi.

-A qardaş, mənə bitişik deyilsən ki, get də! Mən gedə bilmirəm deyə, sən də yolundan olmayacaqsan ki?!  Onun kövrəldiyini görüb, ürəyim dözmədi,  yumuşaqcasına:

-Qardaş, başına dönüm, get! Vallah, qorxma, mənə heç nə olmayacaq. Janimda təpər hiss edirəm. Asta-asta gələcəm. Get, başına dönüm, get! Onsuz da bu cığırda qoşa getmək olmur. 

Səfər diqqətlə üzümə baxıb, utanırmış tək başını aşağı saldı. Ağırlaşan çiyinlərində xəcalət yükü daşıyırmış kimi ləngər vura-vura məndən aralandı.                                                                                      

                                                          * * *

Diz üstə, yerə çökmüş vəziyyətdə qalmışdım. Artıq nə geri, nə də irəliyə gedə bilirdim. Gücümü toplayıb əllərimi yerə dayadım. «-Ya Allah!» deyib, asta-asta qalxmağa başladım. Yarıbükülu halda olsa da qalxdım. Əllərim dizlərimdə, qoca qarılar kimi əyilmiş vəziyyətdə bir xeyli irəlilədim. Yoruldum. Azacıq dayanmaq istədim, amma dayanmadım. Özümü bir balaca dikəldərək yenidən addım-addım zirvəyə sarı yeridım. Qaranlıqda dağ adama necə də vahiməli görsənirmiş. Daldalanmaqcün özümü qayaya çatdırmalıydım.

Sifətimdə göynərti hiss etdim. Əlimi üzümə çəkdim. Şaxta üzümü çatlatmışdı.               Qarşımdakı sıldırımdan aşağı boylandım. Dərəni ağzı açıq əcdahaya bənzətdim. Mənə elə gəldi ki, bu əcdaha məni udmaq üçün fürsət gözləyir. Gözlərimi qapadım. Geri çəkildim. Yenidən ümid yeri bildiyim  qayaya sarı boylandım. Qayaya çatmaq üçün bir az da yol qət etmək lazım gəlirdi. 

Yerə oturdum. Soyuq iliyimə işlədi. Donmamaq üçün hərəkət etmək lazım idi. Ayağmı tərpətmək istədim. Lakin, ayaq üstə dura bilmədim. Zəifləmiş ayaqlarımı əllərimlə düzəldərək iməkləməyə başladım. İməkləmək kara gəldi. Ən azından donmaq təhlükəsini özümdən uzaqlaşdıırdım. Yenə qayaya sarı boylandım-ümid qayasına! Mənə elə gəldi ki, mən qayaya yaxınlaşdıqca qaya məndən uzaqlaşır. İradəm tükənirdi. Özümü ələ alıb:

-Döz, hər şey yaxşı olacaq, qayaya, lap desən, ziyarətgaha da çatacaqsan. Ziyarət edəcək, hətta dağdan enəcək, evinə belə dönəcəksən. Döz! Bütün bunlara nail olmaq üçün döz!

 Bu da qaya. Mənim ümid qayam! -Şükür sənə İlahi! Qayanın altındakı oyuğa sığındım. Tufan buranı az tuturdu. Oyuğda canıma təpər gəldi sanki. Əllərimi ağzıma yaxanlaşdırdım. Nəfəsimin istisiylə əllərimi isitmək istədim. Ağzımdan çıxan buğu gözlərim görsə də, əllərim heç bir istilik hiss etmədi. Nəfəsimdən çıxan isti buxar göydəcə soyumuşdu.

Bizimkilər yadıma düşdü; -Görəsən, Səfərgil neyləyir, gedə bilirlər? Allah eləsin ki, getsinlər. Mən də gedəcəyəm, mütləq gedəcəyəm!

                                                        ***

Qaranlıqda qarşıda hənirti hiss etdim, kimsə mənə yaxınlaşırdı. Kim olduğunu bilməkçün səsləndim:

-Kimsən? Javab gəlmədi. Kim var orda?

- Qorxma, mənəm! deyə zəif kişi səsi eşidildi. -Mənəm bacı, dünəndən dağa qalxan ziyarətçilərdən. Donursan eləmi, təksən? Javab vermədiyimi görüb, sualına özü cavab verdi. Elə mən də donuram. Hə, bura sığınmaq yaxşı fikirdir. Buranı külək az tutur, burda hələlik daldalana bilərsən. Tərpənmədiyimi görüb; -Gedə bilmirsən, yoxsa dincini alırsan?

-Hə, dincimi alıram-dedim.  Ay qardaş, mənzilə çox qalıb?

-Bir şey qalmayıb. Bu havada qadın xeylağı bura qədər gəlib çıxmısansa, böyük işdir! Allah qoysa, ziyarət də edəcəksən. Döz, amma dayanmaq olmaz divara sığına-sığına olsa da get. Qaranlıqdan qorxma, bir nəfər də sənin kimi qadın xeylağı var qarşıda, yuxarıda qarşıma çıxdı. Bir az yeyin gedə bilsən, bəlkə çatarsan.

Kəmalədən aldığım xəbərə sevindim. Şükür elədim. -Bəs yolda iki oğlan görmədiz,  25- 27 yaşlarında?

-Gördüm, amma yaşlarını deyə bilmərəm. Rəhmətliyin qızı, bu qaranlıqda yaş seçmək olar?! Həm də üzlərinə papaqlarını basmışdılar, sifətləri görsənmirdi. Ürəyimdə:

-Onlardır. Şükür Allaha!-sağdırlar.

 -Bacı, bir az qayaya sığın, mən keçə bilim. Jığır burada çox dardı, qaya yolu tutub,  yol da çınqıl. Allah eləməmiş çınqıl ayağımız altından sürüşər, bir-birimizə dəyib dağdan aşarıq.

Dağa sığındım. Yolçu:

 -Allah sizi də mətləbinizə çatdırsın deyib keçdi. Onun bu sözündən anladım ki, o, ziyarətgahda olub. -Ziyarətin qəbul olsun! Sağ əlin başımıza! dedim.

Ziyarətçi ilə söhbətimdən sonra canıma təpər gəlmişdi sanki. Elə bil kişi mənə qüvvə verib getmişdi. Asta-asta yoluma davam edirdim. Yenə qarşıdan kiminsə gəldiyini hiss etdim. Bu dəfə səsimi çıxartmadım. Yolçu gəlib bərabərimə çatanda tanıdım. Bu, Səfər idi.

-Mələk, sənsən, gələ bilirsən?

-Buy, ay qardaş, niyə qayıtdın, görürsən ki, gəlirəm də.

-Ürəyim durmadı, gedə bilmədim. Allah eləməmiş sənə bir şey olar deyə, fikirləşdim. Az qalmışıq. Bax, qabaqda qaralan o qaraltnı seçə bilirsən? Babadağ zirvəsidir, ziyarətgahdır, çatırıq. «Çatırıq» sözü məlhəmim oldu sanki. Elə bil xəstəyə dərman verdilər.

Səfərin üzünə diqqətlə baxdım. Mənə elə gəldi onun üzü tor içərisindədir. Gömgöy olmuş sifətində həyat əlaməti yox idi. Ölü rənginə düşmüşdü sifətinin rəngi. Bığları ucundan qırov sallanırdı. Tək qat şalvarda soyuqdan tir-tir əsirdi.

Sevdanın bizim üçün hazırladığı idman sumkasında əlavə şalvar görəndə mənim üçün qoyulduğunu zənn etmiş, Səfər üçün qoyulmuş ehtiyat şalvarı əynimə keçitmişdim. Səfər onun şalvarını geyindiyimi biləndə o, daha məni soyunmağa qoymamışdı. İndi onun bu halını görüb, şalvarı soyunmamağıma peşman olmuşdum. Üzünə baxa-baxa ürəyimdə özümü yamanlayırdım:

-Bacın öləydi ay qardaş, şalvarını geyən yerdə. Tək qat şalvarda dondu.

Səfər tez-tez əllərini ayaqlarına sürtür, aradabir əlindəki yoğun ağacla ayağına tappatarapla vururdu. Donmuş ayaqlarının dəmir parçasından fərqi yox idi. Çomağın səsi dəmir səsindən seçilmirdi. Qıçını qıracağından qorxub:

-Adə, eləmə, neyləyirsən? -dedim.

-Vururam ki, tamam donmasın.

-Xata çıxardarsan, eləmə!

-Qorxma, donub, ağrıtmır, heç nə hiss etmirəm.

-Etmə, Allah eləməmiş qıçın qırılar. Sonra gücümüz çatmaz səni dağdan endirməyə. Mən onsuz da sənə möhtacam, yol gedə bilmirəm. Kimi taparıq səni dağdan düşürtməyə?! Səfər sözümü eşitmirmiş kimi tamam başqa bir söz:

-Rasimlə, Kəmalə bəlkə də çatdılar ziyarətgaha, gedək! Ümidimizin çırağını yandıraraq yola davam etdik. Nəhayət, Səfərin söz açdığı qaraltıya yaxınlaşırdıq. Qaraltıya çatana qədər təxminən 30 dəqiqə vaxt sərf etmişdik Səfər:

- Çatdıq, budur bax, ziyarətgah. Lakin,  Səfərin zənn etdiyi qaraltı ziyarətgah deyilmiş. Üst-üstə vurulmuş daş qalağıymış. Bir andaca közərən ümidimiz öləzədi. Səfər pərtliyi aradan qaldırmaqçün:

-Eybi yoxdur, Allah Kərimdi, zirvəyə də çatacağıq. Bir az da döz! O, ümidverici sözləriylə sönən ümidimi  diriltməyə çalışırdı.

                                               ***

Gecənin qaranlığında kor-koranə yol gedirdik. Dağın kölgəsi öz üstünə düşdüyü üçün qaranlıqda dağ bədheybət bir görkəm alırdı. Kölgədən bir az aşağıda bir qaraltının hərəkt etdiyin gördük. Səfər qaraltını göstərib:  -Bu, bizimkilərdən biri olacaq dedi.

-Yəqin! deyə cavab verdim. Gümanımız düz çıxdı. Rasim idi. Amma Kəmalə yanında yox idi. Səfər onu haraylayaraq soruşdu:

-Rasim, Kəmaləni görməmisən?

-Yox, görməmişəm-dedi. 

Kəmaləni itirmək qorxusu vücudumu bürüdü. Gəlin necə oldu görəsən?

-Kəmalə…ə..! deyə onu səsləməyə başladım. Dağ səsimə əks-səda verib, öz səsimi özümə qaytardı. Çağırırdım:

Kəmalə…ə… Dağ əsk-sədayla səsimi təkrarlayaraq: Kəmalə…ə..! Kəmalə…ə…deyə, mənimlə bərabər onu haraylayırdı. Kəmaləni itirmək qorxusu canımı bürümüşdü. Bu qorxu onsuz da yarıdonmuş bədənimdə zəif hərəkət edən qanımı hərəkətdən dayandırırdı. Kəmaləni itirmək qorxusun fikrimdən ata bilmirdim. Rasimlə Səfər Kəmaləni səsləməyə başladılar. Kəmalə nə gəzirdi?! Dağ yolunun qaranlığında qorxudan, vahimədən başqa kimsə yox idi. Sakitcə dayanıb, üzüyuxarı, dağa sarı boylandıq. Ümidimiz yalnız yenə qaranlığa idi. Kəmaləni qarşıda tapmaq ümidilə dağa dırmanmağa başladıq. Soyuq qəsdimizə dursa da inadkarlıq göstərirdik. Yolun amanını qırmış, çox hissəsini arxada qoymuşduq. Zirvəyə az qalırdı. Amma Kəmalə hələ də gözə dəymirdi. Rasim əllərini ağzına qoyaraq güclü səslə çağırırdı.

- Kəmalə..ə, Kə…ma…lə…hey…y.. Bu, gəlin necə oldu ay Allah?!

Səfər narahatçılığdan kəmhövsələlik etdi. Əlindəki agac əsanı qayaya çırpmağa başladı.

Kə…ma…lə.. , ay Kə..ma..lə deyərək dəli çığırtılar atdı. Dağdan cavab gəldi, Kəmalədən yox. Elə bu zaman qəflətən bir burulğan bizi dövrəyə aldı. Qorxudan üçümüz də bir-birimizə sarılıb, yerə çökdük. Ürəyimdə:

-Allah, sən özün kömək ol, əgər Kəmalə sağ idisə bu burulğanda yəqin ki, müqavimətini saxlaya bilməyib düşdü uçruma. Özün kömək ol, Ya Rəbbim!

                                                      ***

Dağda qarşımıza çox da böyük olmayan bir tala çıxdı. Bura «Uzun yol» talası idi. Taladan aşağı dərin uçurum görünürdü. Kəmaləni xatırladım. Ürəyimdə şübhələr baş qaldırdı. Mənə elə gəldi ki, o, bu dərənin dibindədir. Vahimə içində uçrumdan aşağı boylandım.

Rasim fikrimi oxuyurmuş kimi; - Nədi, fikirləşirsən Kəmalə uçurumdan aşağı düşüb?! Javab vermədiyimi görüb, məni şübhədən çıxartdı. Qorxma, əgər o, bu talaya qədər gəlib çıxıbsa, uçruma düşə bilməz. tala genişdir, dar cığır deyil ki, ayağı sürüşüb uçruma düşsün. Amma yolu azıb Qubaya tərəf gedə bilər.

-Yox,  Quba tərəfə getməz, sağdırsa, zirvəyə çatıb?!

Yolumuza davam etdik. Hərdən yol yeriyərkən bir-birimizə toxunurduq. Bu zaman əynimizdəki paltarlardan qəribə səslər çıxırdı. Sanki iki ağac bir-birinə dəyib şaqqıldayırdı.

Ziyarətgaha çathaçatda idik. Bu dəfə əmin idik ki, görsənən qaraltı ziyarətgahdır. Ziyarətgahı görürdük. Sevincimizin həddi-hüdudu yox idi. Sevincdən ağlamaq istəyirdim. Qüvvəsiz ayaqlarımızı sürüyə-sürüyə özümüzü daşdan hazırlanmış komaya çatdırdıq.  Bizdən əvvəl ziyarətcaha qədəm qoyan Rasim sevinclə; -Kəmalə buradadır! -deyə bağırdı. Əllərimi göyə qaldırıb -Çox şükür, ay  Allah, gəlin sağ-salamatdır, şükür Sənə!

Ziyərətgahda Kəmaləni qapı ağzında, dizlərini qucaqlayaraq bükülmüş vəziyyətdə, gördüm. Komada ondan başqa üç nəfər müçovürçü də vardı. Onlar özlərini torpaq üstə sərilmiş yorğan-döşəyin içərisinə soxaraq, soyuqdan daldalanırdılar. Şükür! bu müsübətdə itkisiz ziyarət etməyi də bizə nəsib etdin Allah! Sənə çox şükür, deyib, ziyarətgahda diz çokdüm.

Komanın ortasında balaca, yumru dəmir içərisinə mücoruçular köz töküb, yandırmışdılar. Səfərlə Rasim içində köz olan dəmir qabı əlləri arasına qarmaladılar. Əyinlərindəki paltarlardan tökülən suyun közü  söndürə biləcəyindən ehtiyat edən muçoriçilər çığrışaraq:

-Ocaqdan kənar durun, közü söndürərsiniz, dedilər.

-Biz ölümün pəncəsindən qutarmışıq, siz gör nəyin dərdin çəkirsiz?! - deyə onlara acıqlanan Rasim qaşqabağını tökdü.

Qulağıma xırtıltılı səs dəydi. Səs Kəmalənin dişləri altından çıxırdı. Dişləri altından qəribə səslər çıxardan Kəmalə soyuqdan çənəsini saxlaya bilmirdi. Ona yaxışlaşıb çənəsindən tutdum. Başını qaldırmağa çalışdım. Başı don atmış kimi qalxmadı. Vəziyyətinin yaxşı olmadığını bildim.

-Kəmalə, Kəmalə..ə... deyə onu səslədim. Javab vermədi. Çömbəltmə oturduğu vəziyyətin dəyişmədi də . Üz-gözünü ovuşdurmağa başladım.

-Kəmalə, bir az hərəkət elə, –dedim. Çətinliklə əllərini tərpədib, qıçını tutdu. Ayaqlarının əsməsini əlləri ilə saxlamaq istəyirdi deyəsən. Mənə elə gəldi ki, o, nəsə demək isiəyir. Düz başa düşmüşdüm. Nə isə demək istəyirdi.

-Nədi, nəsə  demək istəyirsən - deyə soruşdum. Dodaqları arasından: -Mə…ə… səsi çıxardaraq quzu kimi mələdi. Məni gülmək tutdu;

-Nə mələyirsən az?!

Dəmirdən köz götürdüm. Közün istiliyini əllərimdə hiss etmədim. Deyəsən, öz əlim də don atmışdı. Kəmaləyə yaxınlaşdım, əvvəlcə əllərin, sonra boyun-boğazını, sinəsini közlə ovmağa başladım. Közün istiliyi Kəmaləyə gec təsir etdi. Yavaş-yavaş dili açılmağa, titrəməsi keçməyə başladı. Mücövrüçülər bizi tələsdirməyə başladılar

-A bala, tələsin, nə qədər tez tərpənsəniz, sizin üçün o qədər yaxşı olar, paltarlarınız islaqdı, dəyişik də yoxdu. Tərpənin, Allah amanında!

Uşaqlar közün kənarından aralanmaq istəmirdi. Mücovrüçülərdən biri:

-Allaha şükür, ziyarət elədiz,  indi də tələsin, çayda sel gurlaşmamış çayı keçə biləsiz. Səfərlə Rasim ayağa qalxdılar. Amma Kəmalə közün kənarından çəkilmədi.

-Kəmalə, bacı, bəsdi qızındın, qalx!

Kəmalədən səs çıxmadı: -Dur daha, nə oturmusan! dedim. Kəmalə ağlamağa başladı:

-Bacı, mən getmirəm, gücüm yoxdu, siz gedin, səhər açılsın, gələrəm.-dedi.

-Yox, olmaz, əynin yaşdı. Yaş paltarla bunlar sənə yorğan-döşəklərində sığnacaq verməzlər, gedək!

-Mən gedə bilmirəm!

-Gedərsən, Allah səni bura necə gətiribsə, elə o təhər də qaytaracaq, qorxma gəl. Heç kimin tələsmədiyini görüb; -Ya Allah! deyib, yola düşdüm ki, onlar da arxamca gəlsinlər.

Bəlkə çay hələ daşmayıb, özümüzü çaya çatdıraq. Sonra çayı keçmək mümkün olmayacaq. Tez olun!

Uşaqlar könülsüz arxamca gəldilər. Onları qınamırdım. Dağı ən cox əzabla qalxan özüm olmuşdum. Qayıtmağın da necə əziyyətli olacağını da yaxşı anlayırdım. Amma başqa çıxış yolu yox idi. Tələsməliydik, qarşıda dəli Girdmançay dururdu.

                                                             ***

Dağın vahiməli görüntüləri arasında dəli külək at oynadırdı. Dörd yolçu küləklə döyüşürdük. Gözlərimizi cığırdan çəkmir, sükut içərisində addımlayırdıq. Bir az getmişdik ki, Kəmalənin hıçqırtısı bu sükutu pozdu. Geri çevrilərək üzünə diqqətlə baxıb:

-Kəmalə, ağlayırsan?-soruşdum. Javab vermədi.

-Ay qız, sevinməkdən ağlayırsan? Biz əlimizi səndən üzmüşdük e, elə bildik ki, dağdan uçruma düşmüsən. Maşallah hələ bizdən qabaq da ziyarətgaha çatmısan. Allaha şükür, sağ-salamat geri qayıdırsan. Sevinməkdən hələ bir ağlayırsan?! -Javab əvəzinə yenə hıçkırıq eşidildi.

-Kəmalə, bir fikirləş,  Babadağa qalxan yüzlərlə adamdan cəmi yeddi, səkkiz  adam zirvəyə -ziyarətgaha çata bilib. Onun da dördü bizik. Yeganə qadın ziyarətçilərik ki, ziyarətimiz qəbul olundu. Buna sevinmək lazımdır, ağlamaq yox, ay axmaq.

Kəmalə hıçkırğını uddu. Özünü toplayaraq yenə qabağa keçdi.

-Bax, belə! -deyə, onu ruhlandırdım. Dağı üzüaşağı düşmək üzü yuxarı çıxmaqdan heç də asan deyildi. Ayağımız altını çətinliklə görsək də dağı asta-asta düşürdük.

Qarşımıza maneə çıxmışdı. Dağa qalxan cığırı dağdan tökülən su basmışdı. Jığıra ayaq qoyan kimi xırda çınqıllar su ilə birlikdə bizi aşağı sürüşdürürdü. Jığırın kənarı isə təzə göyərmiş, ot idi. Jığırdan çıxmaq, otun üzəri ilə hərəkət etmək istədik. Amma islaq ot bizi sürüşdürüb uçuruma sala bilərdi. Yeganə çıxış yolu, su içiylə olsa da yenə də cığırdan çıxmamaq idi. İslanmışın yağışdan nə qorxusu?!

                                                         ***

Şaxta səngimişdi. Hava da əvvəlki kimi qırovlu deyildi. Dağ yolunun çox hissəsini enmişdik. Girdmançaya çatmaq üçün bir-iki dağ silsiləsi düşmək kifayət idi. Yenə hamıdan arxada qalmışdım. Çətinliklə qalxdığım kimi çətinliklə də aşağı enirdim.

Bilirdim ki indiyə çay mütləq dolub-daşıb. Ancaq Allaha yalvarırdım ki, daşqın az olsun ki, çayı keçə bilək. Gözlərimlə Kəmaləni axtardım. Kəmalə bizdən qabaqda gedirdi, o, artıq çaya çathaçatda idi. Ürəyimə damdı ki, gəlin çaya çatan kimi xamlıq edib, özünü suya vuracaq. Çaya çatmamış onu yolda saxlamaq lazım idi. Səfəri səslədim:

-Səfər, Səfər… hey…y..

-Hə, nə var..r..r.?

-Tez ol, gəlini yolda saxla, qoyma getsin. Özünü çaya vursa, sel onu aparacaq. Çayın səsin eşidirsən? Səs yaman gur gəlir. Çay o tay, bu tay vurur,deyəsən. Səslə onu, qoy bizi gözləsin!

-Yaxşı-deyə cavab gəldi. 

Rasim məndən qabaqda gedirdi. Onu görürdüm. Yeriməyə çətinlik çəkir, ayağı yer tutmurdu. Ayağını əlinin köməkliyi ilə yeridirdi. Sağ ayağını sərbəst atır, sol ayağını isə hər addımında əli ilə götürüb bir addım irəli qoyurdu. O, bu hərəkəti hər addımında edirdi.  Onun bu halı məndə gülüş doğurdu. Güldüm. Dodaqlarım arasından çıxan gülüş əslində gülüş yox, gülüşəbənzər bir şey oldu. Gülüş əvəzinə dodaqarım arasından xırıltılı səs çıxartmışdım. Bu qəribə gülüş dodaqlarımdan çəkilməmiş yerə yıxıldım. Arxası üzərində çınqıllar üzərinə düşdüm. Jığır basmış suyun içərisində dağaşağı sürüklənməyə başladım. Kürəyim altından çıxan çınqıllar dağ nəğməsi oxuyurmuş kimi çaka-çarak sala-sala üzüaşağı tökülməyə başladı. Beynim mexanizim kimi düşünəyə başladı.

-Daha ayağa dura bilmərəm. Sıldırımdan aşağı düşəcəyəm, hər şey bitdi. Bu da son! Üzüaşağı nə qədər sürükləndiyimi bilmədim. Bircə onu bilirdim ki, başım daş parçalarına dəyə-dəyə top kimi atılıb-düşür. Ürəyimdən Səfərgili köməyə çağırmaq keçdi. Var gücümlə qışqırdım. Səsim içimdə qırılıb qaldı. Artıq düşüncəmi də itirmişdim.  Dağın üstündən gurhagurla tökülən su üzümə çırpılıb, gözlərimi bağlamağa məcbur etdi. Birdən guppultu ilə nəyəsə dəyib, dayandığımı hiss etdim. Qorxudan yumduğum gözlərimi açdım. Gördüyüm mənzərə yıxılıb sürüklənməkdən də qorxulu idi. Jığır kənarındakı ucu iti balaca bir qaya parçasına ilişib, başıaşağı uçruma sarı salana-salana qalmışdım. Səsimi çıxartmaq, kimisə köməyə çağırmaq təhlükəli idi. Səsimin tonundan daş silkələnər, uçruma düşə bilərdim. Ağzını əcdaha kimi açıb məni udmağa hazır olan uçruma düşəcəyimdən ehtiyat edib, səsimi çıxartmadım. Bir neçə saniyə başıaşağı, vəziyyətdə qaldım. Bədənimi tərpətməmək şərti ilə gözlərimi sağa-sola gəzdirərək ətrafa baxdım. Geri baxmaq üçün gözlərimi arxaya fırlatdım. Fırlanmış gözlərim həlqəsindən çıxacaqmış kimi göz çanağından ağrıdı. Bir az yuxarıda əlim çatacaq yerdə balaca bir ağac pöhrəsi gördüm. Köklü idi. 

 -Bəlkə məni saxlamağa gücü yetər?! –deyə düşündüm. Pöhrə mənə ümid yeri kimi görsəndi. Bədənimi gərərək ilan kimi geri süründüm. Ürəyimdə:

 -Qorxma, ürəkli ol! sürün…  bir az da, bir az da…. Əlini uzat, bir də… bir də… Ehtiyatla geri qanrılaraq ağac pöhrəsinə sarı dartıldım. Əlim pöhrəyə çatmasına bir neçə santimetr yetmədı. Bədənimi ilan atışı kimi geri, kola tərəf atdım.  Nəhayət! Əlim artıq pöhrənin gövdəsində idi. Dərindən nəfəs alaraq -şükür!-dedim.

Ölümlə pəncələşdiyimdən Səfərgilin xəbəri belə olmadı. Taqətsiz, zəif ayaqlarım üzərinə qalxaraq, qaranlıqda yoluma davam etdim. Diqqətlə yoluma nəzarət edirdim. Bu dəfə ehtiyatı əldən vermək istəmirdim.

Kürəyimin ortasından bir sancı keçib, belimə qədər uzandı. İxtiyarsız əlimi kürəyimə apardım. Dağaşağı sürüklənərkən əynimdəki paltarımı daşlar cırmış, kürəyim açıqda qalmışdı. Kürəyimi bıçaq kimi iti daşlar kəsdiyindən göynərtisi belimə qədər vururdu.  Ürəyimdə:

-Heç nə olmaz, yeri yoluna, yeri!-dedim.                                            

                                                    ***

Artıq dağın ətəyinə enmiş çayı haqlamışdıq. Dəhşət! Gözlərimə inana bilmirdim. Daşqın məcrasından çıxmış, çayı düşündüyümdən də artıq sel başmışdı. Çayın o tayında, böyük təpənin üstündə çiynində idman çantası olan bir oğlan dayanaraq bizi seyr edirdi. Mənə elə gəldi ki, o, çayda necə batacağımıza tamaşa etmək üçün baxır.

Çayın dərin olub-olmadığını yoxlamaqçün özümü çaya vurdum. Suyun altı lehmə imiş. Qurşağa qədər lilə batdım. Rasim bağırtıyla:

-Əlini ver, bu dəqiqə sel səni aparacaq. Əlimi Rasimə uzatdım.

Əynimə geyindiyim üst şalvarım tamamilə lilə batmışdı. İslaq şalvar lehmədən ağırlaşdı. Lilə batmış şalvarla yol getmək çətin idi. Heç özümə cücüm çatmırdı, lehməli şalvarı əynimdə necə daşıyacaqdım?! Şalvarı əynimdən çıxartmaq istədim. Barmaqlarım sızıldaya-sızıldaya belbağımı açdım. Lakin, don vurmuş əlimin onu çıxartmağına gücü çatmadı. Gözümlə Səfəri gəzdim. O, məndən uzaqdaydı. Çayı keçmək üçün dayaz yer gəzirdi. Rasim isə mənə yaxın idi. Yerə oturub, Rasimi səslədim.

-Rasim, mənə kömək et, bunu çıxart, əllərim tutmur, -dedim.

Döyükərək: -Nəyi çıxardım?

-Şalvarımı çıxart.

Rasim gözləri bərəlmiş halda bir addım geri çəkildi.

Əllərimi oturmuş vəziyyətdə bədənimə dayaq verərək, gözlərimlə şalvara işarə etdim.

-Altda bir şalvarım da var, narahat olma, çək çıxsın! Əlim donub, çəkib çıxarda bilmirəm. Tərpənmədiyini görüb. Nə durmusan, çək ətəyindən, çıxsın-dedim!

Onsuz da soyuqdan qızarmış üzü bir az  da həyadan qızarıb, pörtdü. Hirsləndim:

-Əşşi, mən nə hayda, sən nə hayda,  yeriyə bilmirəm, çək çıxsın bu zibil əynimdən.

Rasim əsəbləşdiyimi görüb, şalvarın ətəklərindən tutaraq çəkib, əynimdən çıxartdı. Əynimdəki ikinci şalvarın belimdən sürüşdüyünü görüb, yerə dayaq verdiyim əlimi tez belimə atdım. Altdakı şalvarın belindən tutdum ki, üstəki şalvarla birlikdə sürüşüb əynimdən çıxmasın. Əynimdən çəkib çıxartdığı şalvarın ətəyindən tutan Rasim utana-utana soruşdu:

- Bunu neyləyim?

-Neyləyəcəksən, at getsin! Onu da özümüzə yuk etməycəyik ki. Özümə heç gücüm çatmır, deyirsən, onu da daşıyım?

Bir xeyli axtarışdan sonra çayda dayaz yer tapdıq. Su üzündə ağırlıq vermək üçün çayı tək keçməmək fikrinə gəldik. Üzümü uşaqlara tutub;

-Əl-ələ tutaq, görək bir yerdə çayı keçə bilərikmi?  Nə olur olsun, bir-birinizin əllərini buraxmayın, ha, dedim. Əl-ələ tutuşaraq, özümüzü kükrəyib, daşan çaya vurduq. Suyu yarıb keçmək çətin idi. Bacarmadıq. Sel boyumuzdan qat-qat yuxarıdan daşırdı. Geri çəkildik. Özümüzü toplayıb yenidən çaya atıldıq. Sel ilə əlbəyaxa döyüş gedirdi. Suyun bizə güc gəldiyini görüb qışqırdım:

-Tələsin tez olun. Keçin! Çayı yarıya çatmamışdıq ki, Kəmalə əlimizdən çıxdı. Çəkidən yüngül olduğu üçün sel onu asanlıqla əlimizdən almışdı. Əllərimizi bir-birindən buraxaraq, Kəmaləyə doğru atıldıq. Onu su üzündə üzən talaşaya bənzətdim bir anlıq.

Hamımız qışqırırdıq. Nə dediyimiz isə anlaşılmırdı. Səsimiz çayın gurultusunda itib-batırdı. Kəmalə selin qoynunda atılıb-düşə-düşə bizdən uzaqlaşdı.

-Getdi, deyə ürəyimdə zarıdım. Birdən Səfər Kəmaləyə çatdı. Onu Kəmaləyə yaxınlaşdıran elə sel oldu. Su üzündə müqavimətsiz gedən Kəmaləni tutdu. Sel ilə çırpışa-çırpışa  çayın o biri sahilinə adladılar. Bu qorxunc səhnə başa çatan kimi ikinci qorxu üstümüzü aldı. Uğultuyla gələn böyük dalğa su üzündə çırpınan Rasimi altına basmarlayaraq gətirib zərblə mənə çırpdı. Fürsəti itirmədən:

-Əlini ver,əlini! deyib, Rasimin əlini qamarladım. Bir-birimizdən bərk-bərk tutduq. İkimizin ağırlığı bir balaca olsa da köməklik etdi. Çayın axını Səfərgil kimi bizi də çayın o biri sahilinə tərəf yönəltdi. Gur axar bizi çayın kənarına çəkdi.                                    

                                              ***

     Guruldayan sel acıqla çay daşlarına çırpılır, qəzəblə atılıb-düşürdü. Girdimançay qəzəbli görkəmiylə sanki bizə meydan oxuyurdu. Çayın qəzəbli gurultusu bizi hədələyirmiş kimi qəzəb püskürürdü. Bu qəzəb Girdimançayı daha dəhşətli göstərirdi. Bizim hamımız isə öz hayımızdaydıq. Dördümüz də arxası üstə çayın sahilinə döşənmişdik. Heç kəs yerindən qalxmaq istəmirdi. Rasim:

     - Gedək -deyə, ayağa qalxdı. Hamıdan axırda mən qalxdım. Qalxdığım andaca dizim üstə yerə çökdüm. Bir neçə saniyə dizi üstə yerə çökmüş vəziyyətdə qaldım. Əlimi qoca qarı tək yerə dayaq verərək yenidən qalxmaq çalışdım. Bu dəfə də alınmadı, Belimin büküyü açılmırdı.

 -Səfər, məni qaldırın, - dedim. Məndən də pis gündə olan Səfər zarıya-zarıya qalxaraq məni qaldırmağa cəhd etdi.

    -Ay, ay belim, belim… Ədə, yavaş, belim üzüldü. Əlini qoy belimə, əlinlə bas içəri.

Belim düzəldikdən sonra Allah Məhəmməd Ya Əli!-deyə yolumuza davam etdik. Başımızı qaldırmadan, dördümüz də beli bükük halda yol gedirdik. Birdən önümüzdə böyük bir təpə görsəndi. Zənn etdik ki, bu təpəni aşandan sonra artıq düşərgəyə-Qurbangaha yetişəcəyik. Elə beli bükük halda da təpənin başına çatdıq. Təpənin dikdirindən aşağı baxanda gözlərimizə inanmadıq. Gedəndə necə olmuşdusa çayın iki qolunu aşmağımızdan xəbərimiz olmamışdı. Sən demə, təpədən aşağı çayın əsas böyük qolunu qarşıda durubmuş. Çayın bu tayı o birindən enli və daha təlatümlü idi. Düşərgəyə çatmaq inamımız tamamilə yoxa çıxdı. Kəmalə çayın ikinci böyük qolunu  görən kimi:

   -Ay Allah, biz çayı necə keçəcəyik, hamımız qırılacağıq burada -deyib, özünü var qüvvəsi ilə yerə çırpdı. Doğrudan da artıq qurtuluş, ümid yeri görünmürdü.  Təpənin yuxarı hissəsində üç -dörd cavan oğlan dayanaraq, çayın dəliliyinə çarəsiz halda tamaşa edirdilər. Bunlar deyəsən, İsmayıllı rayonunun sakinləri idi. Onlardan ikisinin əlində cilovlanmış  at vardı. Ayaqlarının birini götürüb, digərini yerə qoyan cavanlar soyuğa davam gətirə bilmirdilər. Oğlanlar atları nə qədər suyu vurmağa cəhdi etsələr də atlar seldən qorxub suya girmədilər. Oğlanlardan biri əsəbiliklə:

-Ay Allahın heyvanı,  sən də qorxu bilirsən?! Yeri, də, yeri deyə, atları mahmızladısa da, xeyri olmadı. Onlar atları nə qədər çaya sarı çəkdirdilərsə, də atlar da  bir o qədər inadkarlıqla geri dartınırdılar.

Mən məyusluqla: -Atlar keçə bilməyən çayı biz əsla keçə bilməyəcəyik. Vay halımıza! dedim.

Gecənin qara vahiməsi bütün vəhmi ilə ətrafa hakim kəsilmişdir. Səhər tezdən başlayan yağış bir az da bərkidi. Bir tərəfdən də axşamın soyuğu iliklərimizə işləyirdi. Soyuqdan əsən çənəmizin şaqqıltısın özümüz eşidirdik. Soyuq iliklərimizi dondururdu. Kürək-kürəyə verərək canımızın istiliyini  bir-birimizə ötürmək istədik. İşə yaramadı.

Mənə elə gəldi ki, bu axşam burada donub ölməyimiz mütləqdir. Əynimizdəki paltarlar taxtaya döndüyündən tərpəndikcə elə bil bizi kim isə qırmanclayırdı. Kürəyimin açıq yerinə sanki, iynələr batırırdılar. Qulunclarımı gəmirən ağrılar səngimək bilmirdi. Ağrıların şiddətindən ağlımı itrimək dərəcəsinə gəlirdim.  Ağrı quluncuma xəncər kimi işləyirdi. 

                                                                 ***

Gözümüzü yazıq-yazıq Qurbangah düşərgəsinə dikmişdik. Qaranlıq olsa da, dayandığımız yerdən görünən Qurbangah sakinləri ölmüş şəhərə bənzəyirdi Qaranlıqda topa-topa qaralan qaraltıların maşınlar olduğu  aydınca hiss edilirdi.

Qardaşım Eyvaza yaman hirslənmişdim. Düşünürdüm ki, əgər o bizi qarşılamağa gəlsə bizi birtəhər buradan apara bilər. Amma nəinki o, Qurbangahda heç bir ins-cins gözə dəymirdi. Ölülər məkanına bənzəyən düşərgədə sanki, həyat əlaməti yox idi.

Çayın aşağı hissəsində, dayandığımız sahildə hay-küy eşidildi. Demə, biz dayanan səmtdə bizə yaxın bir neçə çoban yapıncılarının altında daldalanırmışlar. Çobanların səy-küyü getdikcə yüksəlirdi. Anlaşılan, nə isə, qorxulu hadisə baş verirdi. Çobanlardan eşitdiyimiz birinci səs:

-A bala, a bala getmə, girmə-deyə kiməsə bağırdı.

İkinci səs:- Bu neynədi ə, bu neynədi?! Bu səsin dalınca da:

-Ayə qoyma, sel qızı apardı!- bağırtısı eşidildi. Baxışlarımızı səs gələn tərəfə zillədik. Qaranlıqda bir neçə kölgənin çayaşağı qaçdığını gördük. Çayın kənarı ilə qaçışan çobanlar kiməsə kömək üçün özlərini məcrasından çıxan çaya vurdular. Deyəsən, əlləri boşa çıxdı. Ətrafa sükut çökdü. Kimisə sel apardığı aydınca məlum idi. Bir neçə dəqiqəlik sükütdan sonra bir qadın tükürpədici səslə:

-Qızım..m..m -deyə nalə çəkdi. Qadının bağırtısı çayın nərildəyən selinə qarışaraq qızının batdığı sularda batdı.

Sonradan məlum oldu ki, günortadan bəri çobanların yapıncısı altına pənah gətirən bu qız çayın o biri sahilindən anası səslədiyi üçün özünü selə vurmuş, nəticədə sel qızı aparmışdır.

Şahidi olduğumuz bu hadisə bizdə bir fikir oyatdı:

- Çayı necə keçəcəyik! Bizi də beləcə sel aparcaq!

                                  ***

Qaranlığı yaran qalın kişi səsi eşidildi. Kimsə kimi isə səsləyirdi. Atla dayanan oğlanlar bizə, biz isə onların üzünə baxdıq. Heç kəs qalın səsli kişini tanımadı. Kimliyi maraqlı idi. Sanki, Xıdır İlyas idi, köməyə gəlmişdi. Dolu bədənli bu kişi sahilin o tayından bizə nəyi isə başa salmağa çalışırdı. Kişi o biri tayda olduğu üçün səsi bizə yetmir, gurultu salan çay onun səsini udurdu. Nə qədər diqqətlə qulaq assaq da bir şey anlamadıq. Bizim onu başa düşmədiyimizi görən kişi əlindəki yoğun ağacı özünə dayaq edərək suya girdi. Hamımız qorxu altında ona tamaşa edirdik. O, suyu yararaq çayı keçdi. Dayanmadan geri,  yenidən o biri üzə adladı.

 Sözlə bizə çatdıra bildmədiyini o, əyani halda göstərdi. Çayı keçərək əlindəki çomağı yerə döyə-döyə işarə etdi ki, çayın bu hissəsi dayazdır, buradan keçə bilərsiniz. Kişinin elədiklərindən sonra atlı oğlanlar yoxuşdan üzüaşağı yüyürərək özlərini çayın həmin səmtinə vurdular. Və su ilə çırpışa-çırpışa çayı yarıb keçdilər.  Onlar ölümdən qurtulmuşdular.

-Ay Allah, kaş biz də keçə biləydik, - deyə ürəyimdə zarıdım.

Kişinin göstərdiyi səmti itirməmək üçün gözlərimi çayın məlum nöqtəsindən çəkmirdim. Nicat yolunu itirmək istəmirdim. Kəmaləgilə tez olun, səmti itməmiş çayı keçək, dedim. Təpədən çaya tərəf yüyürdük. Bir az aralanmışdıq ki, Kəmalə yıxıldı. Nə qədər çalışsam da qaldıra bilmədim. Gözüm kişinin səmt verdiyi yerdə olsa da var gücümlə Kəmaləni dartışdırırdım. Hikkəmdən bağırmağa başladım.

-Kəmalə, qalx.x!

-A bacı, vallah, qıçlarım tutmur, qalxa bilmirəm -dedi

Kəmalənin yalvarışı mənə çatmırdı. Beynimdə bircə düşüncə vardı; -Çayın dayaz səmtini itirməmək!. Mən qalx dedikcə, Kəmalə israrla qalxa bilmirəm deyirdi. Hövsələm daraldığından üzərimdə nəzarətimi itirdim. Artıq özümə cavabdeh deyildım. Onu söyməyə başladım.

-İtin qızı, qalx!, qalx! Görmürsən, oğlanlar keçdi, burda ölmək fikrindəsən?!

-Hə, mən ölmək istəyirəm, ölmək istəyirəm! deyə acığından üstümə çımxıran Kəmalə hirslə əlini oturduğu yerdəcə ayaqlarına çırpıb, ağlaya- ağlaya: -Mirətlər yerimir, neyləyim!

 Əsəbi halda:- Onda öl, İt qızı, öl! deyərək, tam yumurlanmayan yumruğumla onu yumruqlamağa başladım. Kəmalə hıçqıra-hıçqıra: -Öldür, öldür! deyə qışqırırdı. Birdən acıqla:

-Çıx get də, nə istəyirsən məndən, saqqızsan?! -dedi.

Onun bu sözündən qeyzləndim. Əyninə geyindiyi kişi pencəyinin belindən açılıb, sallanan kəndir belbağına əl atıb, qalan hissəsini də belindən çəkib çıxartdım. - Onda gəbər burda, it qızı, gəbər! deyə öz belbağası ilə onu qırmancladım.

Səfər bizdən aralı olduğundan olanlardan xəbərsiz idi. Geri çevrilərkən Kəmalənin döydüyümü görüb, mənə tərəf yüyürdü. Yaxamdan itələyərək: 

-Dəli olmusan, gəlini niyə döyürsən, öldürəcəksən, gedə bilmir də, neyləsin?! Dağda sən yeriyə bilirdin? Rasimlə köməkləşərək Kəmaləni dizləri bükülmüş halda sürüyə-sürüyə çaya çatdırdılar. Kişinin göstərdiyi istiqaməti hələ itirməmişdim. Göstərilən istiqamətə çatanda Kəmalə özündə güc toplayaraq ayağa qalxdı. Çayı keçən oğlanlar bizə kömək üçün çayın o biri üzündə bizi gözləyirdilər.  Xıdır İlyas dediyim kişi artıq gözə dəymirdi. Onun hara getdiyini heç kimsə görməmişdi.  Təzədən birləşərək, əl-ələ tutduq. Elə bu zaman o taydakı  oğlanlardan biri: 

-Yox, yox hələ  gözləyin!

Ona qulaq asmadıq. Özümüzü suya vurduq. Tələsməyimizdən, ona qulaq asmadığımızdan  əsəbləşən oğlan  söyüş söydü: 

-Ay oğraş, girmə dedim. - Qaçın, qaçın geri! -deməsi ilə eyni anda böyük bir dalğa nərilti ilə bizi basmarlayıb çay aşağı sürüdü. Suyun altına gömüldük. Özümüzü idarə etməyi itirdik. Sel bizi aparırdı. Bir-birimizin gözü önündə suyun gah altında, gah da üstündə atılıb düşə-düşə çayaşağı sürüklənir, qatar-qatar gələn dalğalar başımız üstündən aşaraq bizi çayın ortasında buraxır, üstümüzdən adlayıb keçirdi. Çayaşağı sürüklənən zaman gözüm çayın kənarı ilə arxamızca qaçan oğlanları sataşdı. Sel bizi çayın kənarına yaxınlaşdıran kimi onlar əlini bizə uzadır, bizi tutmağa cəhd edirdilər. Böyük bir dalğa bizi bir-bir geri, çayın içərisindən qırağı tulladı. Bir balaca özümüzə gələndən sonra gözümüzü yenidən çaya dikdik. Gözləyirdik ki, uzaqdan gələn böyük dalğalar ötüb keçsin. Səfər soyuqdan titrəyə-titrəyə:

- Keçək! Nə fərqi var, ya burada donub ölək, ya da seldə bataq. Ölmək ölməkdir də. Elə sel aparsa yaxşıdır.

Mən çayın o tayında dayanan oğlanları göstərib: Darıxma, onlar keçdi, inşallah biz də keçəcəyik. Suyun səngidiyini görüb, fürsəti fövdə verməyərək, çaya sarı yüyürdük. Bu dəfə Kəmalə yerindən tərpənmədi. Gözü qorxmuşdu deyəsən. Mülayimliklə: -Gəl bacı, qorxma, gəl! dedim. Rasim ürəyi darıxmış halda:

-Kəmalə tez ol, keçək!

 İçimizdə böyük qorxu olsa da, heç kimi bu qorxunu dilə gətirmirdi. Özümüzü yenidən çaya vurduq. Su sifətimizə sillə kimi dəyirdi. Çayı o taya adlayan oğlanlar qollarını bir-birinə zəncir kimi dolayaraq bizə kömək üçün selə girmişdilər. Bu dəfəki cəhdimiz baş tutdu. Çayın kənarındakı oğlanların köməyi ilə çayı yarıb keçdik.

Bədənim süstləşdi. Kökündən qopan ağac kimi çayqırağındakı palçığın üzərinə sərildim. Səfər qolumdan tutaraq məni ayağa qaldırdı.  Sonra üzünü Kəmaləyə çevirib gülə-gülə:

-Az, Kəmalə, indi gəl sən bunu əzişdir, gedə bilmir, -deyib bərkdən güldü.

                                                     ***

Gahdan sönən, gahdan da közərən ümidimiz artıq doğrulmuşdu. İnanılası kimi deyildi. İlahi, biz düşərgədəyik! 

Vaxt gecəni tənləmişdi. Göylər də havalanmışdı, deyəsən. Sanki göy təməlindən oynayacaqdı. Şakkıldayan buludlar arasından qəzəbli ildırım çaxdı. Çaxan ildırımın işığında ətraf aydınca görsəndi. Boz bir çoban iti çaxan ildırımdan qorxub, zingildiyərək ozünü yulğun kollarının arasına soxdu. Adama elə gəlirdi ki, çaxan şimşək bu dəqiqə torpağın köksünü dələcək. Gəldiyimiz maşina yaxınlaşdıq. Eyvazı səslədik, cavab gəlmədi. Maşının yük hissəsi tərəfinə keçdik. Kimsə yox idi. Miskin görkəm alan düşərgə bom-boş qalmışdı. Bu qədər camaatın hara getdiyi təəccüblüydü. Maşında nə qədər yorğan, adyal, pal-paltar vardısa, hamısını aramsız yağan yağış islatmışdı. Əynimizi dəyişməyə heç nə qalmadığını görüb, məyuslaşdıq. Maşının yük yeri oturulası halda olmadığı üçün ziyarətçilər maşını tərk edib getmişdilər. Rasim:

-Bəs bu qədər camaahat hara getmiş olar?

Düşərgənin çayxanası yadımıza düşdü. Çiyinlərimizdə yük daşıyırmış kimi çayxanaya tərəf yollandıq. Çayxana adlandırdığımız yer əslində daş dirəklərdən tikilmiş 9-10 metr uzunluğunda bir daldalanacaq idi. Ziyarətçilər yağışdan qorunmaq üçün bura toplaşmışdılar. İldırımın oynadığı rəqslər altında çayxanaya çatdıq. Çayxananın qapısı ağzında ilk qarşımıza çıxan cavan çayçı oğlan oldu. Qəribə nəzərlərlə bizə baxmağa başladı.

Ona: -Bizə isti sığınacaq lazımdır, dedim.

-İsti yerimiz yoxdur.

Onda ocaq qala.

- Odunumuz da yoxdur! - deyə cavab verdi.

-Sizə pul verəcəm.

-Odunlar su içərisindədir, yanmır, mümkün deyil.

Heç nə başa düşmək istəmirdim. Anlayacağım tək anlayış vardısa o da ocaqda qızınmaq istəyim idi. Əsəbiliklə:

-Başa düşmürsən, ölürük, tez ol, ocaq qala!

-Ay bacı, ocağı nəynən qalayım, odun yoxdur,- dedi.

-Sənə 100 $ pul verərik-dedim.

-Allahu Əkbər! ay bacı, heç isti çay istəsəniz yenə mümkün deyil Başa düşmürsüz, od-ocaq alışdırmaq mümkün deyil! Baxın, od-ocaq deyilən bircə fənərdən qeyri bir şey yoxdur.

Çayçının sözündən sonra başımı qaldırıb çayxanaya nəzər saldım. Adamla dolu olan çayxanada ayaq üstə dayanmaq üçün bir qarış olsun belə yer yox idi. Təkcə bizim durduğumuz giriş qapısının girəcəyindən savayı. Çayxana qaranlıq olduğundan içəridəkilər insan kütləsindən çox qara bulud topasını xatırladırdılar. Kimisi yorğana, adyala, kimisi isə qalın paltosuna bükülərək bir-birinə qısılıb daldalanırdılar. Çayxanada olanların hamısının  maraq doğuran baxışları üstümüzdəydi. Elə bil qeyri-adi varlıqlarla qarşılaşmışdılar. İçimi darıxdırıcı hiss bürürdü. Bütün təhlükələri aşmağımıza baxmayaraq, donmaq təhlükəsini hələ də üstümüzdən atmamışdıq. Nəinki sümüklərimiz,  sümüyümüz içərisindəki iliklərimiz də donmuşdu. Ayaqdan başa buzlamışdıq.

Hansısa ağırlığın çiyinlərimi üzüaşağı basdığını anladım. Bu əynimdəki yaş paltarların ağırlığı idi. Ağırlığa artıq dözə bilmədim. Ürəyimdən yaş paltarlardan azad olmaq, onlardan qurtulmaq arzusu məni təntidərək çayxanada olanları mənə bir neçə dəqiqəlik unutdurdu. Bir anlıq beynimi duman bürüdü. Taxtaya dönmüş əllərimlə əynimdəki paltarlarımı bir-bir soyunmağa başladım. İlk öncə arxası cırılan papaqlı caketdən azad oldum. Sonra yun qoftanı və sonra…Ayaqlarım altında bir topa yaş, palçıqlı paltar topası qalaqlandı. Mənim aləmimdə  əynimdə iki şalvar üst-üstə olmalı idi. Çay kənarında palçığa batan zaman çıxarıb atdığım cins şalvarı tamamilə unutmuşdum. Əlimi əynimdəki şalvarın belinə atdım. Titrəyən barmaqlarımla şalvarın belindən tutaraq aşağı siyirdim. Əynimdəki şalvar ayağım üzərinə düşdü. Elə bu vaxt çayxanada boğuq bir uğultu eşidildi. Əvvəlcə dumanlanmış, donmuş beynimə heç nə çatmadı. Gözlərim palçığa batıb rəngini itirmiş, balaca alt tumanımda, lüt qalmış budlarımda  sancılıb qalmışdı. Baxışlarım elə donmuşdu ki…Sanki, Babadağda baxışlarımı da dondurub gəlmişdim. Heç nəyi başa düşmək iqtidarında deyildim. Niyə belə çılpaq qaldığımı donmuş baxışlarım beynimə çatdıra bilmirdi ki, bilmirdi…Bir neçə saniyə özüm-özümə baxdıqdan sonra nəhayət, nə etdiyimi anladım. O an içimi çəkdim. Ürəyimdə: -Biyabırçılıq, özümü lüt-üryan elədim ki?! Güc-bəla ilə aşağı saldığım şalvarı güc-bəla ilə də yuxarı çəkdim. Bu hərəkətimdən sonra başımı qaldırıb ətrafıma baxdım. Etdiyim hərəkətdən Rasimin utanaraq çayxanadan qaçdığını, Səfərinsə mənə sarı uzalı qalan titrək əlini, nə isə demək istədiyini, lakin deyə bilmədiyini, dilinin topuq çaldığını gördüm. Utandığımdan ağzımdan qırıq-qırıq sözlər töküldü. Nə dediyim özümə də məlum deyildir. Artıq gec idi. Bütün çayxanada olanların qarşısında soyunaraq özümü, üstəlik uşaqları da  biabır etmişdim. Özümü ələ alıb, kinayə içərisində mənə baxan çayxanadakılara utana-utana: 

-Siz Allah, məni bağışlayın, ağlım elə çaşıb ki, nə elədiyimi bilmirəm. Oturanların arasından qoca bir kişi ayağa qalxaraq bizə yaxınlaşdı:

-Qızım, siz bu vəziyyətdə hardan gəlirsiz, yoxsa…

Onun nə demək istədiyini anladığımdan sualını başa çatdırmamış cavab verdim:

-Hə, Babadağa qalxmışıq.

-Bəlkə yarı yoldan qayıtmısız, eləmi?!

-Yox əmi, düz zirvəyə qədər getmişdik.

-Demək istəyirsən ki, piri ziyarət etmisiniz?

-Bəli!

Kişi təəccüb hissiylə; -Möcüzədir, sənə halal olsun! Bu tufanda kişilərin bacarmadığın bir qadın bacardı, demək?!

-Yox, əmi, bir qadın da var, biz dörd nəfərik. İki kişi və iki qadın.

-Qoca kişi tərəddüdlə: -Allah ziyarətinizi qəbul etsin!

-Çox sağ olun!

Elə bu zaman hardansa Eyvaz peyda odu. Ürəyimdə:

-Nə yaxşı ki, Eyvaz məni lüt görmədi, yoxsa, vurub məni öldürərdi. düşündüm. O, təəccüb hissi ilə bizi süzərək:

-Gəlmisiz?

Eyvazın mənasız sualı məni cin atına mindirdi. Soyunub lüt qalmağımın acığını ondan çıxmağa başladım. Çığıra-çığıra;

-Ay əclaf, sən necə qardaşsan ki, ölüm qarşısında qalan bacı, qardaşınçün narahat olmadın?. Çayın sahilinə qədər olsa belə gəlmədin. Ölüb-qaldığımızla maraqlanmadın. Gələydin də, bizi necə sel aparmğına tamaşa edəydin barı. Heç olmasa maraqlı bir hadisəyə şahid olardın.

-Nə gic-gic danışırsan? Mən düşündüm ki, siz çayın o biri sahilində «Nənənin türbəsi»ndə daldadanırsız.

-Belə soyuqda yaş paltarda, orada daldalanmaq olar?!

-Nə isə, gəlin gedək, dedi Eyvaz. Eyvazın dalınca çayxanadan çıxdıq. Maşının yük yerində quru yer olmasa da Səfərlə, Rasim bizdən aralanıb orada daldalanmağa getdilər. Bizsə divarları qopub tökülən balaca, daş bir komaya girdik. Eyvaz:

-Gözləyin burda, gedim görüm sizin üçün quru paltar tapa bilərəmmi?! Mən gələnə qədər soyunun!

Paltarımızı soyunub alt tumanda Eyvazı gözləməyə başladıq. Eyvazın gedib-qayıtması beş dəqiqə ancaq çəkərdi. Bu beş dəqiqə bizə bir saat qədər görsəndi. Paltarımızı soyunmasaydıq, bəlkə bir belə darıxmazdıq. Eyvaz qayıdıb, qapı ağzından içəri keçməyərək:

-Heç nə tapmadım -dedi, Heç kəsdə quru paltar yoxdur. Soyunmusunuzsa, geyinin. Əynimizdən çıxan yaş paltarı yenidən geyindik. Eyvaz:  -Arxamca gəlin! dedi. Onun arxasınca düşüb, maşına sarı getdik. Kabinkadan bir adyal götürdü. Maşının qapısı ağzında dayandı, heç kəs görməsin deyə, maşının açıq qoyduğu qapısı ağzında bizi adyalla dövrələdi. Soyunub qalxın maşına.

 Ürəyimdə:  

-Bacın ölsün ay qardaş, kimsəsiz yerdə bizi adyalla qoruyursan, daha bilmirsən ki, rüsvay canım, çayxanada, hamının qarşısında soyunub, sizi biabır etmişəm. 

-Bəs maşında lüt oturaq?

Eyvaz:

-Orada quru adyal var, bükülərsiz. Görəsən, isti çay tapa bilərəmmi, bəlkə çay içsəniz bir az qızınarsınız. Görüm kimin termosunda isti çay qalıb?! Paltarsız adyala bükülmüş halda kabinkada Eyvazın çay gətirməyini gözləyirdik.  Eyvaz bir termos çayla qayıtdı. Çaydan bir-iki qurtum aldıqdan sonra, stəkanda qalan çayı donu açılmamış ayaqlarıma tökdüm. İsti çaydan sonra ayaqlarımın donu gizildəyə-gizildəyə açılmağa başladı. Baş barmağımı don vurmuşdu.

Səfərgilin vəziyyətindən xəbərimiz yox idi.  Bircə onu bilirdik ki, Rasimlə birgə maşının yük yerinə qalxıblar. Yanımızda dadalanmaq üçün əlavə yer yox idi ki, onları da çağıraq. Olsaydı belə bizim paltarsız halımızla yanımızda oturmazdılar.

Gecəni Kəmaləylə birlikdə adyalın arasında keçirtdik. Səhər açılmaq bilmirdi ki, bilmirdi… Elə bil zülmət gecə bizə acıq verirdi. Hər saniyəmiz saata bərabər keçirdi. Səhərə yaxın gəlin necə yorulmuşdusa oturduğu yerdəcə yatdı. Üstündən adyalın sürüşməyindən, lüt qaldığından xəbəri olmadı. Onu oyatmamağa  çalışaraq, sakitcə adyalı üstünə çəkdim. Onsuz da oyanası halda deyildi. Elə bil div yuxusundaydı. Ona rəhmim gəlsə də ürəyimdə güldüm; -Bəxtəvərin qızı, elə bil qu tükündən hazırlanan yorğan-döşəkdə yatıb.

Gözlərimə yuxu getmirdi. Gözlərim gecənin qaranlığına dikilib qalmışdı. Artıq dan yeri sökülməyə başladı. Göy üzü yun kimi əlçimlənib, didilirdi…didilirdi Nəhayət, gündoğandan boylanan bir qətrə şəfəq səhərin açılmasından xəbər gətirərək səmaya dikilib qalan gözlərimi mücdələdi.

-Ah! Tanrı, Şükür sənə! Səhər açılır.

 Mənə elə gəlirdi sabah açılmayacaq. Bir daha dünya günəş nuruna boyanmayacaq.  Sənə çox şükürlər Tanrı, şükürlər olsun!

Səhərin açılmasıyla bərabər uzaqda görsənən, dağların başındakı duman asta-asta yüksələrək asimanın köksünə dolurdu.  

Açılan səhərin ala-toranlığı arasında üç nəfərin çay tərəfdən gəldiyini gördüm. İki kişi cavan bir oğlanın qollarından tutaraq düşərgəyə tərəf gətirirdilər. Gətirilən oğlanın başı dizləri üzərindən qalxmırdı. Bükülü belin dikəldə bilmirdi. Oğlanı dizlərin qucaqlayıb oturmuş vəziyyətdə çayın sahilindən tapıb gətirirdilər.

 Dan yeri söküləndən az sonra sanki, düşərgədə qurbağa gölünə daş atdılar. Düşərgəyə bir «qurhaqur» düşdü ki, gəl görəsən?! Sürücülər ziyarətə  gətirdikləri ziyarətçilərin hamısının yerində olub-olmamaları ilə maraqlandılar.

Bir-birlərindən:

-Adə, filənkəs, sənin ziyarətçilərin hamısı yerindədir?

Javab verən sürücü:

-Hələ baxmamışam, qoy görüm.

Yoxlamadan sonra məlum oldu ki, dağa qalxanların bir neçəsi geri qayıtmayıb. Danışılanlara görə İki kişi itkin düşmüş, bir qızı sel aparmış, həmin qızın anasını isə çay qırağında don vurmuşdü. Ziyarəçilər dəhşət və qorxu hissi ilə dünənki günün facəsindən danışırdı. 

Nəhayət, Səfərgilin səsi gəldi. Onlar maşının yük yerində bir-birini qucaqlayaraq səhəri açmışdılar. Donmamaq üçün nəfəsləri ilə bir-birilərini isitmişdilər. Səhər açılandan sonra bizdən quru paltar istədilər. Quru paltar hardaydı ki?! Eyvaz əynindəki üst və alt köynəyini çıxardıb onlara verdi. Özü  isə lüt bədənlə pencəyinə büküldü.

Yağışın səngiməsi evə qayıtmaq ümidlərimizi doğruldurdu. Amma bir az da gözləmək lazım gəlirdi. Geri qayıtmaq üçün maşınlar mütləq çaydan keçməli idi. Sel çayda hələ də daşırdı. Dünənki, qorxunu üstümüzdən atmamışdıq ki, yağış yenidən gurlamağa başladı.  Sürücülər narahatçılıqlarını qadınların yanında gizlətsələr də, həyacanlarını boğa bilmədilər.

-Belə davam etsə vəziyyətimiz ağır olacaq. Getmək üçün tələsməyliyik! Bəlkə birtəhər çayı keçə bildik?! -dedilər. Amma heç kəs cürət  edib birinci olaraq maşını selə vurmaq istəmirdi. Selin maşını aparmağından qorxurdular. Çayın heç bir bəndi-bərəsi qalmamışdı. Sel yuyub aparmışdı. Çıxış yolu tapmaq lazım idi. Maşını çaydan keçirtmək üçün hərə bir çarə fikirləşirdi.  Amma heç kəs özünə arxayın deyildi.

Eyvaz sürücülərə yaxınlaşaraq:

-Nə bahasına olur olsun, bu gün qayıtmalıyıq. Burada bir gün də qalsaq, arvad uşaq qırılacaq. 

Kəmalə, yuxudan oyanıb;

-A bacı, səhər açılıbmı?

-Açılıb, - dedim.

-Amma mənim bədənimin donu hələ də açılmayıb-dedi.

-Mənim də baş barmaqlarımı don  atıb, dedim.

Eyvaz yanımıza gəlib, əsəbliklə: - Qoşadifer maşını olan oğraşların heç birini razı sala bilmirəm ki, qabağa düşsünlər. Mənim maşınım təkdiferdi, qorxuram maşını çayda batırım. Yoxsa, heç nəyə baxmazdım, çayı vurub keçərdim-dedi.  Bizim dillənmədiyimizi görüb:

-Gedim, görüm kimi razı salıram, deyib uzaqlaşdı. 

 Maşının kabinəsındən  Eyvazın sürücülərə necə yalvardığını eşidirdik.

-A qardaş, siz Allah, gəlin gedək, sonra heç gedə bilməyəcəyik. Sürücülər tərəddüd içərisinə:

-Gözləyək, yağış kəssin, çayın seli bir balaca səngisin, yoxsa çayı keçə bilmərik, dedilər.

-Allah Kərimdi, keçərik, dağların üstündəki buludlara bir baxın, o buludlar yağış yüklüdür. Nə qədər ki, bura çatmayıb, çayı keçməliyik! 

Eyvaz heç kəsin cavab vermədiyini görüb yenidən  yalvarmağa başladı.

-A kişilər, qadozu alım, ə nolar, gəlin köməkləşib,  gedək. Vallah, burada sağ qalanlar da qırılacaq. -Heç kəsdən səs çıxmadığını görüb, sürücülərdən birinin qolundan tutaraq:

-A qardaş, başuva dönüm, sənin maşının qoşadiferdi, gəl, düş qabağa gedək.

Sürücü:

 -Yox, qardaş, mən qoxuram, çayı keçə bilmərəm. Şoferlikdə xamam. Nəhayət, yalvara-yalvara olsa da Eyvaz sürücülərdən bir neçəsin getməyə razı saldı. Eyvaz  sükan arxasına keçib:

 -Allah Məhəmməd ya Əli! - deyib maşını işə saldı. Qurbangahdan ayrılan maşın çaya tərəf ağır-ağır tərpənərək, ləngər vura-vura gətirdiyi ağır yükünü geri qaytarırdı. İztirablı saatlarımıza son qoyaraq, Qurbangahdan ayrılırdıq.

Babadağ zirvəsinə boylandım. Orada keçirdiyim məşəqqətli saatlara baxmayaraq qəbul olunan  ziyarətimin şirinliyi altında Babadağa gözlərimlə; -Salamat qal, a Babadağ! -dedim.

                                                               ***

Maşın çayın sahilinə çatıb dayandı. Bizdən əvvəl çaya çatan maşınların sürücüləri çayın sahilində dayanıb, məzlum-məzlum dəli Girdimançaya baxırdılar. Girdimançay kükrəyərək yalın təpələrin üstünə qədər qalxmışdı. Daşan çay gurultulu səslə şaqqanaq çəkərək sanki gülür, sel atılıb-düşə-düşə ətrafdakılara meydan oxuyurdu. Daşlar üzərində sanki, «Qoçəli» rəqsini oynayırdı çay. Selin səsi hərbdən qələbəylə çıxan döyüşçü kimi cəngi havasını çalırdı.  Eyvazı sürücülərə yaxınlaşab, soruşdu:

-Nə oldu, nə gözləyirsiz?

-Keçmək mümkün deyil-dedilər.

Qurbangahdakı qalan şoferlər gedən maşınları görüb, cürətə gəldilər. Arxamızca növbə ilə düzüldülər. Sel yolu dağıtmışdı. Keçmək üçün dayaz yer tapmaq lazım idi. Dağdan tökülüb gələn böyük daşlar yolu bütünlüklə bağlamışdı.

-Çayın hansı istiqamətindən keçə bilərik? -deyə şoferlər öz aralarında müzakirəyə başladılar. Eyvaz çayın kənarını gəzib, dayaz yer tapdı. Sonra həmin yer cavan oğlanlar tərəfindən böyük daşlardan təmizləndi. Çökək yerlər isə daşla dolduruldu. Bir saata yaxın çəkilən əziyyətdən sonra təhlükəli olsa da yol hazırlandı. Eyvaz ön sırada dayanan maşının sürücüsünə:

-Hə, tərpən görək!-dedi. Sürücü dəli kimi kükrəyən Girdmançaya baxaraq:

-Mən qorxuram qardaş, kim istəyir keçsin-dedi.

-A qardaş, qorxma, sənin maşının mənimki kimi təkdiferli deyil ki, qorxasan?! Sürücünü razı sala bilməyən Eyvaz çayı keçmək üçün o biri sürücülərə müraciət etdi. Heç kəs çayı ilk olaraq keçmək üçün razılıq vermədi. Eyvaz qeyzlə, birinci sırada dayanan maşının sürücüsünün  yaxasından tutub, onu güclə sükanın arxasına oturtdu. Maşının bir qapısından keçirilən sürücü, o biri qapıdan düşüb qaçdı. Eyvaz qaçan şoferi yağlı söyüşlə söyüb, onun  maşınına əyləşdi. Acıqlı halda, maşını sürətlə suya vurdu. Ziyarətçilərlə dolu maşın suda ləngərlədi. Maşın suyun istiqamətinə sarı xeyli üzdü. Sonra istiqamətin dəyişərək hazırlanmış yola sarı çevrildi. İlk maşın çayı keçdi. Olanları gərginlik içərisində izləyən ziyarətçilərin üzərindən ağır bir yük götürüldü sanki. Növbə ikinci maşının idi. Onu da çaydan Eyvaz keçirtdi  Beləliklə, çayın sahilində olan maşınları bir-bir o biri sahilə keçirtdi. O, maşınları çaydan keçirdikcə ətrafı alqış səsləri bürüyürdü. Növbə bizim maşına çatdı. Bizim maşın çaydan keçərkən maşının qabaq hissəsi yuxarı qalxdı. Maşındakı ziyarətçilərin qışqırığı eşidildi. Onlar maşının içərisində suya batmışdılar. Özünü itirməyən Eyvaz ustalıqla maşını çökəkdən çıxartdı. Girdmançayın bir sahilindən o biri sahilinə həvəslə maşınları keçirən Eyvaz alqışlardan sonra cuşa gəldi. Üzünü maşının yük yerindəkilərə tutub, hündürdən:

- Dözün, bir azdan yağış kəsəcək, hələ üstəlik gün də çıxacaq. Lahıcı da keçəndən sonra qurbanlıq qoçun ətini sizinçün kabab çəkəcəyəm deyib, ləzzətlə güldü.

Biz Babadağa qalxan zaman Eyvaz qurbanlıq alınan qoçu kəsib, soymuş, ətini bişirməyə  fürsət tapmadığından maşında saxlamışdı. 

                                                 

                                                      ***

Yağış kəsmişdi. Geri qayıtmaq üçün yolu da artıq yarı etmişdik. Bundan belə kecəcəyimiz yolların çox hissəsi üzü yoxuşa dirənirdi. Eyvazın idarə etdiyi maşın yoxuşları çətinliklə qalxırdı. Torpaq yollar aramsız yağan yağışın ucbatından yolu palçıq xəmirinə döndərmişdi. Bu işimizi çətinləşdirirdi. Maşın üzüyuxarı dırmana bilmir, palçığ xəmirində batıb qalırdı. Eyvaz çayı keçirtdikləri maşınların şoferlərinə arxayın idi. Gümanlı idi ki, onu darda qoyub getməyəcəklər. -Mən onların hamısını çaydan bir-bir keçirtdim, maşınım batsa, onlar da məni atıb, getməzlər, dedi.

Kəmalə onun sözünə qüvvət verərək: -Bu boyda yaxşılıqdan sonra səni yolda qoyub getməzlər qadan alım, narahat olma.

-Tərəkəmə yataqlarının yanındakı təpələri aşa bilsək, qalan yolu birtəhər gedəcəyik.

Sürücülər yanımızdan bir-bir ötüb keçərək bizdən aralanırdılar. Onların getdiklərini görən Eyvaz ümidsiz:

-Deyəsən, işimiz xarab olacaq. Bunlar bizi atıb, gedirlər. Qarşıdakı hündür yoxuşu göstərərək; orada mütləq dirənib, qalacam. Çətinlik çəkdiyimizi görürlər, amma heç veclərinə deyil, bir-bir yanımızdan ötüb, gedirlər. Üzünü mənə tutub: -Arxada gələn o avtobusu görürsən? -Soruşdu:

-Görürəm.

-Görərsən, hündür yoxuşda dirənib qalan bir mən, bir də o avtobus olacaq.

-Allah Kərimdi. O boyda tufandan bizi sağ-salamat çıxarıb buraya qədər gətirən Allah, yəqin ki, bundan sonra da bizi naümid qoymaz-dedim.

-İnşallah!

Narahatçılığın çəkdiyimiz dik yoxuşa çatdıq. Eyvaz yoxuşun ayağından sürəti artırıb yoxuşu sürətlə qalxmaq istədı. Maşın yoxuşun tən yarısından geri sürüklənib, ayağında dayandı.  Geri sürüklənən maşının aşma təhlükəsi böyük idi. Eyvaz bir neçə dəfə maşını yuxarı qaldırmağa cəhd etdisə də, palçıq sürüşməsi maşını sürüşdürüb təpənin ayağında saxladı. 

Eyvaz mühərriki söndürdü. Arxadan gələn avtobus sürücüsünü saxladaraq:

-Qardaş, mən güman ki, yoxuşu çıxa bilməyəcəm, elə sən də. Maşınını bir az geridə saxla, mənim maşınım sürüşüb səninkinə dəyməsin. Avtobus şoferi:

-Yaxşı, -dedi. Nə kömək lazımdı? Bir də cəhd eylə. Allahın köməkliyi ilə inşalah bu dəfə bəlkə, təpəni aşarsan.

 Eyvaz:

-Çətin olacaq, arxada bir-iki maşın qalıb, onlar da məni atıb getsələr, kömək etməsələr təpəni çıxa bilməyəcəm.  Bu sözdən sonra; «Allah Məhəmməd Ya Əli» deyib, sükan arxasına keçdi. Kəmaləylə mən yerimizdən tərpənmirdik, (paltarsız olduğumuza görə kabinadan çıxmalı halımız yox idi) qorxudan nəfəsimizi içimizə çəkmişdik. Hər maşın geri sürüşəndə az qalırdı ödümüz partlasın.

Kəmalə;

 -Ağız, maşın aşsa, əmimin canuyçun (atasına əmi deyirdi) biabır olacağıq. Ölməyimiz cəhənnəm ey, lüt-ətcəbala qalacağıq ortalıqda.

-Nəs danışma, - dedim.

 -Allah, sən özün bizə kömək ol. Bizə bu biabırçılığı göstərmə, -deyən Kəmalə hündürdən Allaha yalvarmağa başladı. Eyvaz ona acıqlanaraq: -Az, bəsdir də, məni çaşdırırsan axı, indi doğrudan da maşını aşırdacam.

Bu dəfə də belə çətinliklə üz-üzə qalmışdıq. Lehmələşən palçıqda təpəni aşa bilmirdik. Eyvazın gözü yanımızdan ötən sonuncu sürücüdə qalmışdı. Bu Göyçay maşını idi. Sürücünün adını bilmədiyi üçün, Eyvaz onu haylayaraq hündürdən: 

-Ayə, a qardaş, bəlkə mənə kömək edəsən, zəncirin varmı?

Sürücü maşını saxlamadan əli ilə «yoxdur» işarəsi verib, keçdi. Eyvazı od götürdü:

-Əzrayıla dönüblər oğraşlar. Qurban olasız diferlərinizə. Pay atonan, elə bil bir-neçə saat bundan əvvəl çay qırağında boyunların büküb duran, bu əclaflar deyildi. Sonra özünü söyərək, mənə deyən lazımdır «əclaf» özünsən ki, belə nadürüstləri çaydan keçirtmisən! Gör məni necə də yolda qoyub qaçdılar e? Ay sizin zatınızı... - Ə, hələ buna bax, necə də qaznan sürür. Tfu, sizin cəmdəyinizə!. –deyib ötüb keçən sonuncu maşının  arxasınca tüpürdü.

Kəmalə:

-Qadan alım, ay Eyvaz, hirslənmə. Ə, onlarda kişilik olsaydı, daha bu yolda arvad, uşağı köməksiz qoyub qaçmazdılar ki?!

-Qoy getsinlər, elə bilirlər mən burda qalacam. Yox, mən də mütləq təpəni aşacam.

Avtobusun şoferi Eyvaza yaxınlaşıb;

 -Ayə, bizi qoyub qaçmaqlarına bax nadürüstlərin! Quyruqları qapı arxasından çıxıb dana.

Eyvaz avtobus sürücüsünə:

-Sənin ziyarətçilərinin çoxu kişi xeylağıdı, denən, mənə kömək etsinlər, İtələsinlər maşını. Sonra da sənin maşınının çarəsinə baxarıq.

Avtobus sürücüsü ziyarətçiləri  hayladı.

-Ay uşaqlar, ayə tökülüşün maşından yerə, görək neyləyirik!

Avtobusdan düşənlərin əksəriyyəti cavan və cüssəli oğlanlar idi. Eyvaz öz maşınında oturan ziyarətçilərə çevirib:

-Qadınlar qalsın, nə qədər kişi var töklüşsün yerə, maşını itələyəcəyik, deyib, özü sükan arxasına keçdi. Maşın yenə təpəni qalxırdı. Bu dəfə alınmadı. Yeni çarə fikirləşməyə başladılar. Ziyarətçilər inanırdılar ki, Eyvaz yenə bir çarə tapacaq, onları darda qoymayacaqdı.

Avtobus sürücüsü Eyvazdan : -Nə etmək fikrindəsən? soruşdu. Eyvazın ağlına bir fikir gəlmişdi. 

-Bizdən əvvəl yoxuşu çıxan maşınlar yolu  şüşə kimi sürüşkən etdilər, yoxuşu çıxmaq daha mümkünsüzdü. Görüm, bəlkə yolun kənarıyla, ot üstündə özümə yol aça bilsəm…

-Yol çox dikdir, qorxuludur, maşını geri aşa bilər. Eyvaz ona qulaq asmayıb ziyarətçilərə: -Qalxın maşına, ağır olsun, dedi. Maşın pişik kimi yeri cırmaqlaya-cırmaqlaya yaş otların üstü ilə yuxarı dırmanmağa başladı. Nərildəyə-nərildəyə, nəhayət ki, yoxuşu aşdı. Ziyarətçilərin alqış səsləri ətrafı bürüdü.

Növbə avtobusun idi. Sürücü maşına əyləşdi. QAZ-53-ün qalxdığı, otlu yolla yuxarı qalxmağa başladı. Amma yoxuşu çıxmağa nail ola bilmədi. Bir neçə dəfə cəhd etdisə də heç bir nəticə olmadı. Eyvaz avtobus sürücüsünə:

-Düş aşağı!  Bu dəfə mən yoxlayım.

Maşın sürətlə yoxuşa sarı götürüldü. Yoxuşu aşmağa az qalmış avtobus sürətdən düşdü. Yoxuşun başına çıxıb, dayanan kişilər yüyürərək çiyinlərini maşına dayad etdilər. Maşını təpədən aşırtdılar.

 Maşının təkəri altından çıxan palçıq maşını itələyənlərin üz-gözünə sillə kimi dəysə də onlar maşından kənara çəkilmədilər. Maşının təkərləri altından nə qədər palçıq çıxmışdısa hamısı maşını itələyənlərin  üstlərindəydi. Elə bil palçıqdan paltar geyinmişdilər.

Artıq hər iki maşın yolun çətinliklərini arxada qoymuşdu. Maşınlar artıq Lahıc yolundakı asma körpüyə yaxınlaşırdı. Eyvaz maşının sürətini artıraraq: -Mütləq məni qoyub qaçan sürücüləri ötüb keçməliyəm, dedi. Qorxulu dəqiqələrı unuda bilməsək də kefimiz kök  idi. Eyvaz bizi təpənin ətəyində qoyub qaçan maşınları bir-bir ötüb keçdikcə, onlara uzun-uzadı «acıq» siqnalı verirdi.

                                             ***

Bizi müqəddəs yolla ziyarətə aparan maşın elə həmin müqəddəs yolla da sağ-salamat  geri qaytarırdı. Ziyarətə gedərkən İsmayıllı rayonunun kəndlərinin birindən keçən zaman tanımadığımız cavan bir oğlan bizə əl edərək demişdi:

-Yolunuz uğurlu olsun! Geri qayıdarkən, həmin kəndi ötərkən, cavan oğlanın sözlərini xatırlayıb, dodoqaltı pıçıldadım:

-Ey bu müqəddəs yola çıxanlar, hər birinizin ziyarəti qəbul olsun! Çünki hər biriniz bu yolda əzziyyət çəkmisiniz, qoy sizin də müqəddəs səfəriniz qəbul olunsun!

 

Dağdan sis-duman ötsə,

Hər kəs niyyətin etsə,

Babaya ziyarət etsə,

Ziyarəti qəbul olsun!

 

Zirvəsində qar, yağışsa,

Çətinliklə qarşılaşsa,

Kimsə zirvəyə qovuşsa,

Ziyarəti qəbul olsun! 

 

                                            

Gün axşama doğru əyilmişdi. Havada mülayimlik hiss olunurdu. Asma körpünü keçdikdən sonra Eyvaz maşını saxladı. Maşındakılar yerə tökülüşdü. Ziyarətçilər dağa qalxmaqlarına təəssüf hissi keçirmir, sağ salamat qaldıqları üçün Allaha şükür edirdilər.

Köz üstündə bişən kababın iyi ətrafı bürümüşdü. Göy otların üzərində bayram süfrəsindən gözəl süfrə açılmışdı. Kimin çantasında nəyi vardısa ortaya qoymuşdur. Demək olardı ki, İki gündə, ziyarətçilər heç nə yeməmişdilər. İndi isə bütün ziyarətçilər bayram süfrəsinə əyləşmişdilər. Kəmalə yaş paltarlarını geyinib maşından düşdü. Paltarımın kürək hissəsi cırıq olduğundan, təkcə mən maşından düşə bilmədim. (Mən yeməyəimi maşının kabinasında yedim). Bu, əsl bayram idi.

 

Epiloq.

Bir günümüzü də belə, yolda başa vurduq. Qaş qaralmışdı. Qaranlıqda Babadağ ziyarətindən qayıdan maşın Şamaxı istiqamətinə sarı sütüyürdü.

 Şamaxının aşağı məhəlləsinin uçulub-tökülmüş divarları yeni, bəzəkli daşlarla əvəz edilmişdir. Yolları ötdükcə bu bəzəkli daşları yol fanarlarının zəif işıqları altında seyr edirdim. Gözlərim bəzəkli daşlarda qalsa da, fikrim ötüb-keçən məşəqqətli saatların yanındaydı. Məşəqqətli olsa da əziz xatirəyə dönən ziyarətimin şirinliyi məni məst etmişdi.

Mən zirvəni “fəth” etmişdim! 

Maşın sonuncu ziyarətçilərini mənzilinə çatdırmaq üçün Şamaxının qaranlıq küçələrindən birinə buruldu. İşıq dirəklərinin yerində olmasına baxmayaraq işıqsız qalan bu küçə ay işığına bələnmişdir.

-Hə, bu da Şamaxının tez-tez davası düşən, «Quşçular» məhəlləsi. Başımı qaldırıb ulduzlu səmaya baxdım. Masmavi səması olan Şamaxı, şirin-şipşirin bir dünyam olan Şamaxı, sən nə gözəlsənmiş! Bunu yalnız indi fərq etmişdim. Ölümdən qurtulduqdan sonra.      

Küçənin işıq fanarlarının yanmaması məni sevindirdi. Çünki, küçə qaranlıq olsa heç kim mənim çılpaq, adyalın arasında gəldiyimi görməyəcəkdi.

Dəmir darvaza cırıldadı. Sevdanın küçə qapısından ayağını içəri qoyan Eyvaz: -Şükür, sağ-salamat çatdıq, kəlməsi məni düşüncələrdən ayırdı.

Ürəyimdə: -Ömür vəfa etsə, məni gələn il yenə gözlə, müqəddəs Babadağ, gözlə!

 

29 avqust 2006-cı il

 

 

 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 7 ziyaretçi (15 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol