--------
Avtobus sərgüzəşti
Həyat hekayəsi
“Azərbaycan” Dövlət Nəşriyyatı binasının yanından “20 yanvar” stansiyasına istiqamət alan 96 nömrəli sərnişin avtobusu hava şarı kimi şişmişdi və ağır-ağır irəliləyirdi. Növbəti dayanacaqda özünü yaşlı, cılız qadından qabaq avtobusa təpən cavan kişi tez-tələsik yoğun gövdəsini qapıya yaxın boş oturacağa atıb, yerini rahatladı. Yaşlı qadın başını bulayaraq onun başı üstündə dayandı. Avtobus fısıldayaraq yerindən tərpəndi. Bir neçə metr getmişdi ki, arxa sıralardan qiyyə eşidildi. Bir qadın əti kəsilirmiş kimi bağırdı. Sərnişinlər təlaşla arxaya boylandılar. Bəziləri qorxularını canlarından atmaq üçün “bismillah” edib əllərini başlarına çəkdilər. Bağırtının arxasından söyüş eşidildi. Bağıran qadın kimisə gah söyür, gah da məzəmmət edirdi:
-Bəsdir, kəs səsini! Hər şeyin öz vaxtı, vədəsi var...
Avtobus sürücüsü narahatlıqla güzgüdən arxa oturacağa boylanıb – bu, nə səs-küydür orada? – deyə soruşdu. Bağıran qadından:
-Adə, sənə nə var, öz işinlə məşğul ol - cavabını alıb ayağını qaza basdı. Bir azdan onun konduktor əvəzi yoğun səsi eşidildi:
- “İnşaatçılar metrosu”.
Avtobusun qapısı açılan kimi basabas düşdü. Özünü şikəstliyə vuran cavan oğlan ayağını avtobusun trapına qoyar-qoymaz ağlayıb-sıtqamağa başladı:
-Uşağım acından ölür, Allah xatirinə, çörək pulu verin. - Əlini şikəst adamlar kimi, sərnişinlərə uzadaraq ona verilən qəpikləri çirkli pencəyinin cibinə tökdü. Fağır hala saldığı üzünü pul verməyənlərin üzlərinə dikərək yenidən zarımağa başladı. Sərnişinlərdən bəziləri narazılıqla gileyləndilər. Sürücünün yoğun səsi avtobusu bürüdü:
-Adə, siz nə həyasız məxluqlarsız, yığdın, düş rədd ol da... – Mühərriki işə saldı. - Bir sürüdür qırılmışlar. Birini qovursan, o biri gəlir. – Üzünü həmin oğlana tutdu: - Bu avtobusa daha minmə, eşitdin?!
Dilənçi donquldanıb, gümrahlıqla özünü maşından yerə atdı.
Arxa oturacaqdan yenidən qiyyə qalxdı. Arxasınca da cingiltili gülüş səsi ucaldı. Sərnişinlər maraq dolu baxışlarını arxaya zilləyib səs-küy salanın kimliyini axtardılar. Bayaq bağıran qadından - yana durun görüm! - əmrini alanlar silkələnərək arxa oturacaqdan aralandılar. Sonuncu cərgə göründü. Axırıncı oturacaqların boş olmasına baxmayaraq sərnişinlər ayaq üstə durmuşdular. Ayaqlarını geniş aralayıb, arxa oturacaqda əyləşən qadın ətrafında boş qalmış oturacaqlara baxıb gülümsədi. Qalib sərkərdə kimi başını qaldırıb, özünü dartdı. Böyük sellafan torbasını, böyük şam ağacını ayaqları arasına alıb daha iki böyük torbanı da sağ və sol tərəflərə yerləşdirdi. Qadın kiməsə məsləhət verirmiş kimi əl-qolunu silkələməyə başladı. Elə bil dəli dərdi başına güc gəlmişdi, səsini başına atmışdı.
Avtobus ağır güc altındaymış kimi zarıya-zarıya irəliləyirdi. Daşıdığı dəli və ağıllı sərnişinləri müəyyənləşdirilməmiş dayanacaqlarda mindirib, düşürdə-düşürdə yolları biçirdi. Ön sırada əyləşən orta yaşlı, kənd qiyafəli qadın qəflətən əllərini dizlərinə çırparaq: - Vay, səni qanına bələnəsən, - deyə bağırdı. Bağırtının arxasınca əyləci basılan avtobusun təkərinin altından çıxan uğultu ətrafı bürüdü. Sərnişinlərdən bəziləri əyləşdiyi yerdən sürüşüb yerə düşdülər, avtobusun çoxdan yuyulmayan döşəməsini paltarlarıyla təmizlədilər. Ayaq üstə duran, cılız qadın yerə çırpılan yüngül top kimi avtobusun qapısı ağzına düşdü. Əyninə bahalı, qara şuba geyinmiş qadın: - E...e...e, bu nədi belə? Lap biyabırçılıqdır! Üst-başım nə günə düşdü, a kişi, dəlisən, nəsən? Bir az ehtiyatlı ol da, yük daşımırsız axı, - deyə gileyləndi.
Sürücü əsəbiliklə:
- Əşşi dəli olacağam da. Sərnişin dəli, özünü maşının altına təpən dəli. Cavan oğlandı, canından bezib elə bil. Allah kəssin belə işi. Bir tikə qalıb ürəyimiz.
Əllərini dizlərinə şappıldadan qadın hələ deyinirdi: - Canı ölmüş, nə təhər də özünü maşının altına dürtür e.
Avtobusdakı gərginlik ötməmişdi ki, salonu yenidən qəhqəhə bürüdü.
Sürücü:
- Budey, belələrin daşıyırıq da. Düşüb rədd olanda da qara qəpik də verməyəcək,- dedi.
Avtobus növbəti dayanacağa yaxınlaşdı. Taybatay açılan qapı ağzında görsənən keçəl kişinin avtobusa minmək fikri yox idi. Lakin o, bir ayağını avtobusun trapına qoyub, parıldayan daz başını sürücüyə sarı uzatdı, narazılıqla: - Nətərsən? Bu gün bir şey olub? - deyə soruşdu.
Sürücü könülsüz: Belə də..., - dedi. - Sərnişinlərə elə gəldi ki, keçəl kişi sürücünün tanışı, yaxud, sürücü yoldaşlarındandır. - Sən öl, mən bu gün bir qəpik qazanmamışam, - deyən kişi qəflətən əlini sürücüyə uzadıb: - Sən Allah, bir çörək pulu ver də... – dedi.
Kişinin sözü ağzından qutarmamış:
- Rədd ol ə, buradan, - deyən sürücü əsəbiliklə ayağını qaza basdı. Avtobus adam çalmaq istəyən ilan kimi fisıldadı. Əsəbiliklə yükünü çəkə-çəkə 1 nömrəli Tibb Texnikumuna yaxınlaşdı. Arxadan kişi səsi eşidildi:
- Burada saxla. Saxla. Saxla, demirəm, sənə?!
- Əşi, imkan ver maşını bir kənara çəkim də...
Kişi - arxa qapını aç, - desə də irəli keçib, ön qapıdan yerə endi. Yola düşən maşın təzə hərəkətə gəlmişdi ki, arxa oturacaqda əyləşən sərnişinlər: - Ay, ay uşaq...uşaq... - deyə bağırdılar. Arxa qapı ağzında qalan cavan gəlin bərk-bərk qapını yumruqladı.
Sürücü əyləci sıxdı. Açılan arxa qapıdan güllə kimi yerə atılan gəlin bir göz qırpımında yoxa çıxdı. Bunu görən sürücü təlaşla soruşdu: - Nədi, yenə nə oldu?
Sərnişinlərdən kimsə: - Əşşi, diqqətli olun də. Gəlin düşmək üçün uşağını yerə qoymuşdu ki, siz maşını tərpətdiz. Maşın uşağı tapdalaya bilər axı, - dedi.
Sərnişinlər avtobusun pəncərəsindən uşağını bağrına basan gəlinin həyəcanlı anlarını da nəzərdən qaçırtmadılar. Arxa oturacağı zəbt edən qadın pəncərədən ağlayan uşağa baxıb, növbəti qəhqəhəsilə avtobusu doldurdu. Sürücü acıqla dəli qadına baxıb:
- Maşından kişi düşdü. Mən haradan bilim ki, qadın da düşmək istəyəcəkdir, - deyib, əsəbiliklə qapısı açıq qalmış maşını hərəkətə gətirdi. Elə bu zaman hərəkətdə olan avtobusun açıq qapısı yanında əl-qol ölçə-ölçə qaçan gəlin göründü. Sürücünü söyüb-söylənən gəlin əlini maşına tərəf uzadaraq səsini qaldırdı: - İt oğlu, it. Götür pulunu da.
Sürəti artıran sürücü: - Əşşi, rədd ol yaxamdan. Az qala məni zibilə salacaqdın, - dedi. Gərilən əsəblərlərini “20 Yanvar” dayanacağına toplaşan insanların üstünə tökürmüş kimi uzun-uzadı siqnal verərək dayanacaqda dayanmadan ötüb keçdi. Avtobusa qəsd edirmiş kimi uzun dairəni dövrə vurmaq üçün maşını mələtdi. “Şamaxinka” deyilən dayanacaqda avtobusu saxladı. Güzgüdən arxa oturacağa baxaraq dəli qadına çımxırdı: - Az, gəl düş, rədd ol... Yeni il bayramıdır, get yolkanı bəzə.
Qadın kefini pozmadan yeni qəhqəhəsilə sərnişinlərin kefini durultdu. - Düşmürəm - dedi və yerini bir daha rahatladı.
-Həmişə burada düşürdün axı sən?! Düş, itil, - beynim-başım səsindən dincəlsin!
Qadın: - Əşi, sənə nə var, harada düşəcəyəm, sur arabanı da. Belə mən qonaq gedirəm, sənə nə?! –deyib, güldü.
Sürücü sürəti artıraraq yeni tikilən avtovağzala getmək üçün magistral yola çıxmağa tələsdi. Elə bu an avtobusun mühərriki tüstüləməyə başladı. Əlləri qapqara hisə batmış sürücü artıq bir neçə dəqiqə olardı ki, mühərriklə əlləşirdi. Maşının təmirinin tezliklə başa gəlməyəcəyini anlayıb sərnişinlərə:
-Düşüb gedə bilərsiz. Maşın xarab oldu, - dedi. Üz-gözlərini turşudan sərnişinlər narazılıqla avtobusu tərk etsələr də, dəli qadın yerindən tərpənmədi. Sürücü üzünü qadına tutub: -Ay arvad, düş aşağı, - dedi.
Dəli qadın sellafan torbalarını darta-darta avtobusdan düşdü. Cır-cındırla dolu yükünü və şam ağacını yol kənarına yerləşdirəndən sonra sürücünün yanına qayıtdı. Ona əhəmiyyət verməyən sürücüyə: - A şofer, bu camaatı niyə yarı yolda tökdün, hə, - dedi?
Sürücü özündən çıxdı: - Korsan, görmürsən maşın xarab oldu?
- Kor özünsən! Tfu sənin cəmdəyinə, indi mən bu böyüklükdə şam ağacını piyada necə aparacağam, - deyib yolu adlamağa tələsdi. Elə bu andaca qarşıdan gələn minik maşını ilə toqquşdu.
Toplaşan izdiham dəli arvadın halına acıdılar: - Vay, yazıq arvad... Sonra da öz sellafanından çıxan çirkli paltardan biri ilə onun üzünü və şam ağacını örtdülər.
|