Ürəyim azadlıq istəyir

-------

Ürəyim azadlıq istəyir

 

...Hara gedirsən başılovlu, tezliklə qaranlıq düşəcək. Qayıt evinə. Sənin nə işin var axı metro stansıyasında, ünvansız mənzilə getməkmi olar?!

Bayaqdan min fikir gəlib ağlıma; görəsən hara gedim?! Gör ətrafda nə qədər insan var. Hamısı da yad. Kaş bir nəfər tanış çıxaydı qarşıma. Bir neçə kəlmə kəsəydim onunla.

Növbəti stansiya “28 may”. Qataradan düşüm, ya düşməyim? Düşsəm yaxşıdır. Bəlkə qayıdım evimə? İçimdən bir səs: - Yox, qayıtma, - deyir. - Deyəsən, ayaqlarım çəkib məni harasa aparır axı. - Hara gedirəm? Əşi nə bilim, ayaqların hara  aparırsa elə ora da get.

Köhnə dəyirmanın yanından ötüb dənizə sarı can atıram. Uzun yolun kəsişməsində haradansa musiqi sədaları gəlir. Bu musiqi küçənin divarlarında əks-səda verərək qulaqlarıma çökür.  Bayaqdan məni rabitəsiz haralarasa sürükləyən ayaqlarım bir anlıq yerə mıxlanır. Musiqi sədasından simi qırılmış ney kimi titrədim. - Bura haradır? Qoy görüm buranın qapısı haradadır. - Binanın tininə dönürəm. Qarşıma əlcəksiz dəmir qapı çıxır. Astaca qapını itələyirəm. Mərmərə tutulmuş pillələr məni zirzəmiyə “yola salır”.  Sağ tərəfdən zərb alətlərinin səsini xatırladan ayaq səsləri gəlir.  Geniş aynalı zalda qara libaslı, uzun boylu oğlanlar milli musiqimizi öyrənirlər. Oğlanlardan biri mənə yaxınlaşır: - Nəsə lazımdır?

-Yox, sadəcə baxıram... - Bəs qızların otağı haradadır, deyə oğlana sual edirəm.

- Sol tərəfdə.

Bu da qızların məşq zalı. Hündürboylu o qızın əlindəki nədir elə?  Deyəsən, pişikdir, yox, itdir. Bir anlıq tərəddüd edirəm. İlahi, bu yaratdığın hansı heyvandır? Lap başımı itirdim. La İlahə İl Əllah. Nə qəribə məxluqdur bu... Bu boyda auditoriyada bu qədər qızlar qaldı, ağlım bu qəribə məxluqa ilişdi...

Bu an qız əlindəki heyvanı yerə tulladı. Yerə düşməyindən pişiyə oxşadı. Axı qulaqları it qulağıdır. Ortada gəzişən xal-xal dərili ...lənətə gələsən kor şeytan! Bu nə idi qarşıma çıxdı.

Qəfildən qəribə musiqi səsləndirildi. Elə o andaca totuş bir oğlanla arıq bir qız meydana atıldılar, qıvraq hərəkətlərlə ortada oynamağa başladılar.

-Bu, nə rəqsidir, deyə yanımda dayanan arıq, cəlimsiz qızdan soruşuram.

-“Salasa” rəqsi.

-Nə rəqsi?

-İtalyan rəqsi.

-Nə anlam daşıyır?

-Qədim italyanların hansısa salatlarından götürülmüş addır - deyə qız cavab verir.

-Başa düşdüm. Amma başa düşmədim, bayaq gördüyüm pişikdir, yoxsa it?  Eh, nə isə... A...a...bu qəribə məxluq da həmin rəqsi oynayır ki?! Dünyanın qəribəliklərinə bax, İlahi!

...Getsəm yaxşıdır. Qaranlıq düşüb, deyəsən. Qapıdan çıxıram. Hər yan zülmətə dönüb ki. Dayan, bir görüm buraya vurulan lövhəyə nə yazılıb. Azərbaycan Dövlət Neft Akademiyası “Gənclik” rəqs studiyası.

Lövhəni oxuduqdan sonra ayaqlarım bədənimi lövhənin qarşısından çəkib apardı. - Yenə hara gedirəm? Dayan, zəng et dostuna. Çantamı eşələyib telefonumu cıxardıram. - Buna bax e, zibilə qalasan! Heç bircə dəfə də olsun zəng gəlməyib. Kimə gərəyəm axı?!

- Xəttin o başından yoğun səs eşidilir: - Alo.

- Gəl, gözləyirəm.

Ayaqlarıma baxıram. -Yeri ayaqlarının aparacağı yerə. Ayaqlarım da məni elə dartır a.  Budur, bu da dənizkənarı park. Gecənin qaranlığında kimsəsiz sahil ləpə döyürdü. Parkda yerləşən “Bakı”  pestoranında əyləşən qonaqlar bərq vuran işıqlar içərisində aydınca görsənir. Xəyallarımda özümü restoranın içərisində hiss edirəm. Uzaqdan eşidilən gəmi fiti məni xəyallarımdan ayırır: - Nə oldu axı,  gəlib çıxmadı. - Yenə zəng edirəm. - Hə, indi gələcək!

Başımın üzərındəki lövhə diqqətimi çəkir. “Dəniz gəzintisi”. Ağlıma gələn düşüncədən daşınıram:  - Olmaz. 

Palıd ağacının yarpaqlarını dəniz küləyi gətirib ayaqlarıma dolaşdırır. - Hə, xoş gəldiniz, onsuz da danışmağa adam tapmıram. Heç olmasa sizinlə söhbətləşərəm. Görürsünüz, sahil necə boşalıb? Məndən başqa bir kimsə gözə dəymir ətrafda... Yaxşı, deyin görək külək sizi hara aparır? Getməyin, dayanın!

Yenə telefona sarılıram. - Səni lənətə gələsən! Gəl, çıx! 5 dəqiqəlik kiminləsə danışmağa ehtiyacım var.

...Qaranlıqda dəniz nə gözəl sayrışırmış, Ay işığı altında. Soyuqdan əllərimi ağzıma təpirəm.

Səs... Kiminsə ayağı altında qalan xəzəllərin xışıltısı.Yaxınlaşan addım səslərindən qorxub çantamı sinəmə sıxıram. Yoğun gövdəli ağacın arxasından əlində aparatı, nazik bədənli, cavan fotoqraf çıxır: - Şəkilinizi cəkim?

-Pulum yoxdur.

-Cəmi 1 manata.

-Yaxşı, çək.

-O zaman işığa sarı gəlin.

Yox, dənizin qaranlıq görüntüsünü arxa planda istəyirəm.

 Canım boğazıma yığıldı. - Səni bəlaya gələsən, dondum,  gəl çıx.  Sən gələnə qədər budur, çəkdirdiyim şəkil də gəlib çıxdı.

Şəkilə diqqətlə baxıram. Əcəb qəşəngdi.

Qaranlıq, dəniz və mən. Maraqlı kompozisiyadır.

-Bismillah. Qorxdum. Nəhayət ki, gəldin. Cin kimi görünməzdən çıxdın. Haralarda qalmısan, gəl çıx də. A...a...a bu nə üst-başdır? Əyin-başın qan içindədir. Dalaşmısan?

-Hə, dalaşmışam. Sən məni bağışla, getməliyəm.

Ah, bu da getdi. Donuram soyuqdan. Ətrafa göz gəzdirirəm. Nəzarətçi polislərdən yayınmaq lazımdır. Görünən o köşkə sığınım barı.

Səhər açılır. Taqətim qalmayıb, buna baxmayaraq üzümə gülümsəyən Günəşi salamlayıram. Güc-bəla ilə dodaqlarım pıçıldayır: - Sabahın xeyir, ey Günəş! Bu gecə məni narahat edən olmayıb. Nəhayət ki, azadam!

 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 46 ziyaretçi (110 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol