Yeni şeirlər
 
Bir yanıq diləyim var,
Məni sev yar.
Ürəyim yanır  oduna.
Qurbanam adına.
Yalvarmaq eyib qadına,
Yanıram oduna,
Məni sev yar, nə olar!
Məni sev!
 
Yaxına gəl, məni qoxla,
Yanıma gəl, xətrimi al,
Bircə dəfə məni yoxla.
 
Məni sev -  bircə gilə,
Yaşat məni istəyinlə.
Yaş axacaq gözlərimdən
Gilə-gilə -
Sevincimdən.
 
Göz yaşlarım 
Şırım-şırım,
Damla-damla,
Gül çöhrəmdən
Əllərinə süzülsün,
Əllərin gözümün
yaşını silsin.
 
Əllərinin təmasından,
Nəfəsinin havasından,
Gözlərinin qorasından,
Kam alacam…
Bir yanıq istəyim var…
Məni sev yar!
 
MƏNİ ÜRƏYİNDƏ GİZLƏT
 
Səni nə qədər sevdiyimi,
Sən hardan biləsən?!
Bir Allah şahidimdi,
Ürəyimə girmisən-
Xəlvət, gizlicə.
Sən də məni 
Sev, gizlicə 
Qurbanın olum!
 
Çəkldirmə möhnət,
Məni ürəyində gizlət.
Çıxarma aşkara,
Qurbanın olum,
 
Dodaqdan şəhvət -
Süzsün məhəbbət!
Mənə sevgini öyrət,
Qurbanın olum.
 
Qəlbimi inlət.
Bir kaman kimi .
Ürəyinin səsin
Sən mənə dinlət,
Qurbanın olum!
 
Dilin şirin -
Bal, bəhməz kimi.
Dodaqlarının 
Şirəsi süzülür,
Şərbət kimi,
Qurbanın olum.
 
Ürəyimdə od var,
Ürəyimdə küsöv.
Məni sev yar, sev.
Bu istəkdən, 
        bu sevdadan
Ürəyimə qor dolar.
Məni sev də, nə olar?!
Qurbanın olum!
 
Qalmır dözümüm,
Yaşı gözümün
Leysana döndü.
Ümid göründü,
O məni sevdi,
Qurbanı olum.
 
*   *   *BU, SEVDA İMİŞ
Bir  isti baxış,
Bu  nə iş imiş,
Sevdayamı düşmüşük?
Ürəyim yarpaq kimi,
Əsməsi tir-tir.
Bu sevgi imiş!
Qəlbimi titrədir.
Hə, sevda imiş,
Nə, gözəl imiş!
 
SÖYÜŞÜN DADINI ÇIXART
 
Məndən soruşma;
-Sən kimsən?
-Nəyinə gərək,
Gərək  biləsən?!
 
Bilirəm…
Ürəyində xam xəyal.
Bilirəm…
Ürəyində mən varam.
 
Məndən soruşma:
-Sən kiminsən?
Dayanma yolumda,
Vaxt itirirsən.
 
Məndən soruşma;
-Kimi isə sevirsən?
 
-Nə borcuna!
Get yoluna.
Min abrının atına,
Sıxıl yalmanına
Çap atını! 
Qoy mən söyüm,
Sən də çıxart
Bu söyüşün dadını.
 
 
 
 
 
BƏXİMİ YAMAYIM GƏRƏK
 
Sinəmin üstündə 
Od yanır,
Atəş yanır.
İçim içimi yeyir,
Dərdim dərdin
Üstə qalanır.
 
Bəxtim - taleyim
Yamaq-yamaq.
İşim-gücüm 
Bəxtimi yamamaq.
 
Yenə də sap gəzirəm
bəxtimi bəxtimə
bağlamaq üçün.
Çırpınıram 
qaramı ağıma
calamaq üçün.
 
Yenə…
Bəxtimi əlimə aldım,
Yamamaq üçün.
Bu ötən illərdə 
Köhnəlib, yırtılıb
            yaman.
Bəxtimə yeni bəxt 
       calamaq üçün
Yenidən doğulam
Gərək?
 
Bəxtim sökük-sökük,
Bəxtim ilmə-ilmə 
               üzülüb.
Bəxtim köhnəlib,
Bəxtim sökülüb.
İlməyə hörüm gərək,
Yenə tikim gərək»!
 
 
 
BAKI
 
Bakı gözəl,  
Bakı qədim, 
              Uludur!
Bu şəhər həyat doludur,
Şəhərin dözümü qalmır,
Bu şəhərin zəngi çalmır.
 
 
 
Bu şəhər 
Xəzərin qucağında,
Bu şəhər süd rəngli,
Bu şəhər min bir aləmli.
 
Atəşgah ocağında,
Alov saçır çatır-çatır.
Od-alov Məbədgahı
Bakıya min rəng qatır.
Hər köşkündə 
Min bir nağıl,
Min xəyal yatır.
 
Bu şəhərin qatarları fit verir,
Şəhərin əhalisi
Belə səs-küyü sevmir.
 
Bu şəhərdə insan seli
Aşıb - daşır.
Heç km heç kimə qatışmır,
Qohum-qohuma yadlaşır.
 
Axşamlar şəhər yorulur,
Gözlərini yumur,
Şəhər yatır.
 
Küçələr,  qatarlar,
Döngələr, parklar,
Hər yer…
Bomboş qalır.
 
Şəhər səhər lal olur,
Xəyala, 
  Sukuta, 
        Səssizliyə dalır.
 
Bu şəhər nə vaxt doğulub?
Ağ qoçun, qara qoçun
Bağrı zülmətdə-
Bu şəhərdə yarılıb.
Məlikməmmədin nağılı,
Bu şəhərdə yaranıb.
Bir sarayın qırx otağı,
Qırx gözəlin yanaqları,
Bu şəhərin suyundan
Gözəlləşib, allanıb.
Gözəllərin əyinləri- başları,
Zinəti qaş-daşları
Bu şəhərin daşlarından.
Bu daşlar zərgərlərin 
Əməyindən
Yonulub, cilalanıb.
 
Bu şəhəri bir az 
              qəribəliklər,
Bir az məhhəbət ucaldır,
Bu şəhəri tarix 
                         qocaldır.
 
Bu şəhərin  öz qoxusu,
Öz çarxı, öz oxu var.
Bu şəhərin dəyirmanı,
Elə hey üyüdür zamanı.
 
 
Bu şəhərdə baharın havası 
yayın istisi,      
     payızın küləyi,
            qışın soyuğu,
Fəsillərin bolluğu,
Bu şəhərin öz ahəngi,
                   öz rəngi var.
 
Bu şəhərin qəbiristanlığı 
Vahəməli.
Yox, yox!
Qorxuimasın səni, 
O lal şəhər, daş şəhərdi.
Gözü nəmli, 
         yaş şəhərdi.
Lal şəhərdə  yaşayanlar,
Bakının sakinləridi.
 
Bu şəhərin 
daşı üstə daş qalanmış,
Bu şəhərin 
yaşı üstə yaş qalanmış,
Qocalmış bu şəhər.
Dünyanın yaşını gəzdirir
                     üstündə.
 
Qırışlar şəhərin üzündə,
Bir tarix yaşadır
Hər  izində.
 
Keçmişin səsi divarlarına 
Hopub bu şəhərin.
Sinəsindən naləsi 
qopub bu şəhərin
fəryad qoparır.
Yığıb boğazına
Acısın-qəhərin,
Kədərin süurüyür aparır,
Zamanın arxasınca.
 
Tökür göz yaşını yağışla,
Bir nigaran baxışla,
Baxır Bakı.
 
«Qız Qalasında» 
nöqtə kimi qara xallar.
Bu qaladan 
Ərənlərin, 
  gələnlərin, 
      gedənlərin, 
                    ölənlərin 
Xatirəsi boylanarlar.
Bakının sakinləri 
bu şəhərdə iz qoyublar.
 
 
Bu şəhərin möcüzələri,
       yuxulu gecələri,
                     mürgülü sakinlri,
                           sevgi doludur.
 
 
Bu şəhərdə həsrətin də,
Sevginin də, zülmətin də,
İşığın da, 
        öz qəribəlikləri,
                     əsrarəngiz
                               rəngi var.
 
Bu şəhər hər gecə yatır,
Xəzərin qoynunda.
 
Bu şəhərin içində sızıltı var,
Bu şəhərdə qığıltı var,
Həyat qığıltısı.
 
Bu şəhərin başı üzərində 
bəxti asılıb.
şəhərin bəxti açılıb
Şəhər gözəlləşib.
 
Bu şəhər 
Duyğularına köklənib,
   qala divarına söykənib.
                  qeyrət qalasına.
 
 
 
Bakının sakinləri 
Deyən, heydən düşüblər,
Bir-birini tanımırllar
Amma hər gün görüşürlər,
Qatarda,
          Küçədə, 
             döngədə,
Hər yerdə…
 
Yorğun üzlərində 
Yorğun təbəssüm.
Hərdən tanımadıqlarına 
Gülümsəyirlər…
Tanışlar tək.
 
Hərdən cüt-cüt,
Hərdən tək-tək,
Küçələrdən keçirlər 
Bir-birini tanımadan,
Bir şəhərdə yaşıyrlar,
Bir şəhərdə ölürlər
Bakının sakinləri .
 
Bu şəhərin buludlu
Havasında
Dumana bürünmüşəm,
Bu şəhərin yollarında,
Toz olub,
Xəlbirindən ələnmişəm.
 
Bu şəhərin
varlığıyla öyünmüşəm
Ay Allah, bu şəhərdən
Ötəri mən lap ölürmüşəm.
 
NƏ QALIB Kİ, ÖLMƏYƏ
 
Ürəyimdən yaman keçir,
Səni ziyarət etməyi.
Gəlirəm, ay ata,
Səni yoxlamağa,
Qəbrini qoxlamağa.
 
Şəkilin də 
baş daşın kimi
Soyuq.
Gələndə -
üzmüzü daşına qoyuruq.
Ürəyimiz soyumur.
 
Öyrəşmişik quru daşla 
görüşməyə,
Tələsirəm, 
Sənin ilə görüşməyə.
 
Qəbrinə girmək istəyirəm,
Səni görmək üçün.
Tezcə ölmək istəyirəm,
Bircə dəfə sevinməkçün.
 
Əzrailə minnətliyəm,
Görüşünə gəlmək üçün.
Alsın canımı,
Nə qalıb ki, ölməyə?!
Gəlirəm ay ata səni görməyə,
Gəlirəm ay ata görüşməyə,
Gəlirəm….
 
SƏNİ SEVƏCƏM ÖLÜNCƏ
 
Təlaş içərisindəyəm,
Eşqimin tələsindəyəm,
Çırpınıram.
 
Fikirlərim dolaş-dolaş,
Səni tanıyan günə
Daş düşəydi, - daş.
 
Səni gizli sevdim,
Bilmədin…
Həsrətindən min yol
Öldüm-dirildim.
Görmədin.
 
Ürəyimdən keçənləri,
İstəkləri, düşüncələri,
Sənə deyə bilmərəm.
Əsla, deyə bilmərəm!
 
Sənin gözlərinə baxmaq…
Bu gözlərdə 
Bir dünya yaşamaq - 
Məhəbbəti görməkdir.
Bu əsil sevgi,
Əsl sevda deməkdir.
 
Səndən uzaqlaşım gərək,
Of,  bu  ölümə bərabərdi.
Ayrılığa dözüm gərək,
Dözmək əsl dəyanətdir.
Dözəcəyəm.
 
Amma səni sevəcəm….
Bu istək ötməz!
Yaşayacaqdır…
Həmişəki tək.
 
Bu sevda bitməz!
Səni sevəcəm, 
Son nəfəsə tək, 
               ölüncə!.
 
RUHUM CİHAD EDİR
 
Ruhumla cismim döyüşür,
Əlbəyaxada.
Cismim xəyalımla görüşür
Xəlvətxanada.
 
Cismim qalalı zindan, 
Ruhum əzab çəkir,
Dustaqxanada.
 
Ruhum cihad edir,
Azadlıq üçün.
Cismim çırpınır.
Yıxılmamaqçun.
 
Gözlərim susur, 
Ağlamamaqçun.
Cismim yalvarır,
Bədəndə ruha
Ayrılmamaqçun.
 
SƏNƏ NƏ VAR, 
DƏRD MƏNİMDİ
 
Ürəyimə köz basılıb,
Kipriyimdən qor asılıb,
Ayağımdan yol saılıb,
Bu yolları getməliyəm.
 
Sənə nə var, dərd mənimdi,
Bir başındı, bir əlindi,
Dərd güldü, qəm öyündü,
Dərd dağını ötməliyəm.
 
Bəxt məni çək-çevir etdi,
Bir az da dərinə getdi.
Komamızı yıxdı, getdi,
Vay, təzədən tikməliyəm.
 
Bir topa duman içində,
Çalxalandım qəm içində,
Yüküm ölümün köçündə,
Bu dünyadan köçməliyəm.
 
SƏNƏ ÜSYAN EDİRƏM
Dodağımda  naləm,
Dilimdə nifrinim var.
Sənə üsyan edirəm!
Əlimdə bayragım - ələm.
Bilir aləm,
Zülümündən ölürəm.
 
Atəşlərə qalanmışam,
Sönməyəcəm hələm - hələm.
Sənə üsyan edirəm!
 
SƏNİ TANIYANA LƏNƏT!
Sən - gələn bir fəlakət,
Başdan-başa qadasan.
Səni And verirəm
Uca Allaha -
Yavaş-yavaş,
Məndən uzaqlaş!
Büsbütün qansan.
Başdan-ayağa xatasan.
 
Sən bir Allahsızsan,
Sən xəta axtarırsan,
Səni tanıyana lənət!
 
Ağlı başda olan bəndə,
Gəzər səndən uzaq, gendə.
Sənədən uzaq olan bəndə,
Bəladan da iraq olar.
 
Məndən uzaqlaş,
Gendə dur, sən   Allah!
Bir qançanağısan,
Get,  başımdan ya Allah!
Yeri!
 
 
 
YARPAQ TÖKÜMÜ
 
Külək əsər,
Yarpaq tökər.
Yağış yağar, 
Torpaq çökər.
 
Köçən qaraçı köçündə
Bir kef vardı, gəl görəsən.
Bu boyda dərd içində,
Bir oynadım gəl görəsən.
*   *   *
Bəxtimin rəngi - sarı,
Sarala-sarala qalıb.
Yarı qara, yarı sarı,
Çarəsi Allaha qalıb.
 *    * 
Ya Allah, Sübhan Allah,
ONA apardım pənah.
Bağışlandı olan günah
Şükür Allah, şükür Allah.
 
*   *  *   *   *   *
Cinə, şeytana oxşayırsan,
Bismillah!
Gözündən od çıxardırsan,
Allah, Allah!
Bir səlavat çevirginən,
Dilə gəlsin «Ya Allah»
Dillən, denən,
Sübhan Allah!
Sübhan Allah!
** ** * *
Başında əmmaməsi
Dilində şeytan kəlməsi.
Əynində çuxası
Fikri - evlər yıxası.
Açması?
*  *   *
Səadət - eşqin zirvəsində
Nə səsim, nə əlim yetir.
Eşqim məndən küsüb,
Barışmaq istəmir,
Üzü dağlara sarı,
Dayanmır, gedir.
 
*   *   *
Məni yandır, od ilə, 
Sovur göyə külümü,
Əgər yalan danışsam,
Kəs ağzımda dilimi.
 
 
*   *    *   *   *
A dinsizlər,
Dinə, imana gəlin!
Susamayın dünya malına.
 
İstəyin qandırar səni.
Hər nə gəldi  tamah salma,
Nəfsin yandırar səni.
Bir quru «mal»dan ötəri,
 
Alışarsız yanarsız.
Göydə ay qızıl olsa,
Yerdən göyə dırmaşarsız.
 
           *   *    *
Bakının pəncərəsindən
Dur,  dünyaya bax!
Bakının gözünün giləsindən,
Süzül ax.
Baxan gözündən,
Xəzərin özündən,
Bakıya baxmamaq-
Vallah Günah,
Billah Günah!
Bakı gözəl şəhərdir!
Dön, Bakıya bax!         
*   *    *
SALAMAT QAL
 
Ayrılıq çətin imiş,
Heç bilməzdim.
Sevdamızı qəlbimizə gömürük,
Ah, yandım, Allah,
Bu ayrılıq ömürlük!
 
 
Əzizim, iki gözüm,
İncimə sözlərimdən,
Son ayrılıq, son vida
Gəl, öpüm gözlərindən.
 
Axıtma, göz yaşını,
Unut, ötən çağını,
Döz, ey əzizim mənim,
Əritmə ürəyinin yağını,
Unut məni. 
 
Ayrılıq özün öymüş,
Qələbə onun imiş.
Vədə çatdı, gedirəm.
 
Səni ey məndən küsənim,
Çarəsizəm, gedirəm.
Mənə «Sevgilim», deyənim,
Səni Allaha əmanət edirəm,
Salamat qal!
 
SEVDAM İÇİMDƏ ÖLÜBMÜŞ
 
Nəsibim dərd, kədər,
Nəsibim qəhər imiş.
Xəstə canda xəstə ruhum,
Sevdam içimdə ölübmüş.
Bilməmişəm.
 
Gecə düşür,
Gecə üşüyür
Fikirlərim kimi.
Xəyallarım asılıb qalıb
Havada.
Ləpə döyən sular kimi,
Çırpılır
İçimin divarlarında.
 
Meh otağımda
pərdəmi titrədir,
Ağlıma qəribə 
fikirlər gəlir
Ətitmi ürpədər.
 
Bu gecə …
dəli olmaq istəyirəm.
Bu gecə… 
çöldə qalmaq istəyirəm.
Divanələr kimi.
Tək olmaq istəyirəm.
Tərkidünya olmaq istəyirəm.
Bu gecə…
Ah, bu gecə…
 
PARTLAYASAN  ÜRƏYİM
 
Qəsdiməmi durmusan?
İncitmisən yormusan,
İcərimi qovurmusan - 
Ürəyim.
 
Hər kəsin qayğısına qaldın,
Hər kəsin qadasını aldın.
Danışdın yuxalandın,
Tək məni unutmusan
Ürəyim.
 
Bu can üzülüb daha,
Dərd döndərib yumağa
Diri gözlü baxa-baxa,
Məni yandırdın yaxdın,
Ürəyim.
 
Sən namərdsənmiş,
Mənə etdiyin qəsdmiş,
Of, kələyimi kəsmiş -
Fələksənmiş
Ürəyim.
 
 
Dağların daşı başıma,
Suyu qatmısan aşıma,
Səni gələsən qarğışıma,
Ürəyim.
 
Saplağında qırılhaqırıl,
Ağrıdan yanır-qovrulur,
Dərdlə, ələmlə  sovrulur,
Səni yanasan,
Ürəyim.
Partlayasan,
Ürəyim.
 
QADOY ALIM,  ZÜLM  EYLƏMƏ
 
Mənə zülüm eləmə gəl,
Bu qədər zülüm olmaz, axı,
Qadoy alım, gəl eləmə,
Bu töhür ölüm olmaz, axı!
 
Cigər partlamaq istəyir,
Dərd qabarır üstələyir,
Ürək dayanmaq istəyir,
Dözə bilmir qadoy alım.
 
Əllərimi əllərindən
Üzə bilmir qadoy alım.
Of, etdiyin sitəmindən,
Dözə bilmir qadoy alım.
O SƏNLİ GÜNLƏRDƏ… 
 
O sənli günlərdə 
Şirinlik, 
    Qələbəlik,
      Şənlitk vardı…
İndi tənhayam.
 
Sənsiz ağlamağım gəlir,
Onsuz da ağlayıram,.
Sənsiz ürəyim əriyir.
Möhnətindəyəm.
 
Ürəyim tuluq kimi şişib,
Gözlərim yoluna düşüb,
Həsrətindən.
 
Hərdən 
xəyalım xəyalınla görüşüb,
dərdləşir.
Fikrim neştər olub,
Qəlbimi deşir.
 
Qapılar, pəncərələr açıq,
Gəlmirsən,
Verir intizar qıcıq,
Gəlmirsən.
 
Burnumun ucu göynəyir,
Səninçün.
Fikrim içimi çeynəyir
Səninçün.
 
Görəsən,
yaddına düşürəm?
Ay insafsız,
Sənsizlikdən üşüyürəm.
 
Əlimi dodaqlarıma çəkirəm,
O təmas qalmayıb daha.
Əlimi əllərinə çəkirəm,
Sığalın olmayır daha.
 
Qəddarsanmış,
İstəyim oduna qalanmış
Ürəyim qəhərindən yanarmış
Yanarmış….
         Yanarmış…
                 Yanardağ kimi,
   Bax, beləcə,
              yandığım kimi,
                                    
                   
 
UMAN YERDƏN KÜSƏRLƏR
 
Uman yerdən küsərlər.
Səndən küsmüşəm.
O gözəl yaraşığından,
Gözlərinin işığından
O biçimli dodağından,
Al çərhrayi yanağından,
Nəfəsinin təmasından
Pay ummuşam.
Sənsə simic olmusan.
Ürəyimi qovurmusan,
Həsrətindən üzülmüşəm,
Haqqı - səlamı kəsmişəm.
Uman yerdən küsərlər…
Mən də səndən küsmüşəm.
 
 
 
 
 
GÖZLƏRİMİN AXAN YAŞI  SƏNİ TUTSUN
 
Eh, bir bilsən…
Sənin üçün mən nə qədər 
                    darıxmışam.
Eh, bir bilsən…
Mənim üçün Alllhmışsan,
Eşq Allahı.
Heç bilməzdim sən gedərsən,
Getdin.
Deyirdim ki, zəng edərsən,
Etmədin.
Bəs gözlərimin yaşlarını 
Kim siləcək?
Bəs ağlasam , 
Kim ovutsun?
Gözlərimin axan yaşı
Səni tutsun,
Qayıtmasan!.
 
SƏNİ SEVİRƏM, GÜLÜM
 
Bəsdir daha,
Qürurumla oynadığın.
Bəsdi daha, 
Yalanlarla tovladığın.
 
Səni on barmağım kimi 
Tanıyıram.
 
Sən yalançı olsan belə,
Sənə tapınıram yenə.
Ümidimi bağlıyram,
Yenə sənə,
Səni tanıya-tanıya.
 
Ürəyim düyün-düyün,
Səni sevirəm gülüm,
Bu sevgimlə ürəyimi 
dağlıyıram.
Ağlayıram, ağlayıram…
 
Deyəsən dönmüşəm mən də,
Eh, sənin kimi elə mən də …
Daha demirəm,
Özünüz bildiz də…
 
 
 
 
ÖLDÜYÜM GÜNÜ BİLƏCƏM
 
Ürəyimə daman fikir 
Başıma gəlir.
Olacağı əzəl gündən
Anlayıram, bilirəm.
Zaman qarşıma gəlir.
Olacağı yuxuda görürəm.
Hərdən düşünürəm:
Bəlkə «Görücü»yəm.
Yuxularım süd kimi.
Yuxularım çin olur.
Nə olsa yuxumda görəcəm,
Allah haqqı, görərsiniz,
Öldüyüm günü biləcəm.
 
 
 
 
Partlatma qara bağrımı,
Yarma ödümü,
Tovlama başımı, 
çalma ağlımı,
niyə ağlayırsan?
Sevda öldümü?
 
Əgər yalan deyirəmsə,
Allah məni öldürsün,
Sən də görəsən ölümü.
 
Səni heç kəslə,
Heç kəslə 
Palaşmaq istəmərəm.
Sənə yetməyincə,
Kamı əritməyincə 
Of, demərəm!
 
Saçlarına bir yel dəysə,
Ələlrinə bir əl dəysə,
Bir özgə göz -
Gözlərinə nəzər etsə
Qısqanclıqdan ölərəm!
 
İşi yoluna qoymuşuq,
Ağlım taxılıb sənə.
Qolların sarmaşıq,
Sarılsın mənə.
 
Məni quş kimi hürküt,
Pır…r..ilə
Sən Allah, məni incit,
Sevgi ilə.
 
Üzümə tökülən tellərimi,
Əllərinə yığ.
Qanı donan əllərimi,
Əllərində ov.
Sevda ilə.
 
Ürəyimin hərarəti,
İki yüz.
Sən Allah, qırma qəlbimi,
Qəlbimi düz -
Xoş söz ilə.
Mən səni gözümlə sevdim,
Sən də məni sev,
İlqar ilə, söz ilə,
Bu alışmış məhəbətin 
Közü ilə.
 
 
SƏNİ GÖRÜM ÖLMƏYƏSƏN
 
Bu sevdanın bəlasını,
Hələ çoxmu çəkəcəyəm?
Başıma toplaşıb xəyalın,
Qovub, bir gün hürkütəcəm,
Məni sevmədin deyəsən?
Səni görüm ölməyəsən!
 
Bu istəklə ovunuram,
Qorğa kimi qovruluram,
Əsəbimdən böğuluram,
Qədrimi hardan biləsən?!
Səni görüm ölməyəsən.
 
Pis fikir, xəyaldan daşın,
Sevda dolu məhəbbətim.
Mənə yalvaran bir qoşun,
Mənimsə sənə minnətim
Bilmirəm, axı niyə sən?
Səni görüm ölməyəsən!
 
 
Sənin ləbin - ağız dadı,
Öpmüşəm, yandırır odu.
Məhəbbətin dadı budu
Başdan-ayağa şəkərsən,
Səni görüm ölməyəsən!
 
Sən Allah, bir kəkilinə bax,
Özü oddu - şəklinə bax,
Od olacaq, yandıracaq,
Sevməyəsən neyləyəsən,
Səni görüm ölməyəsən!
 
Elə sənə qurbanam, özüm,
Məndə qoymamısan dözüm.
Alışıram közün-közün,
Mənsiz bir gün görməyəsən,
Səni görüm ölməyəsən!
 
 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 10 ziyaretçi (26 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol