Milli xəzinəmiz-musiqi və yaxud Sevilən müğənni

Milli xəzinəmiz-musiqi

və yaxud

Sevilən müğənni

 

Mənə elə gəlir ki, cəmiyyətdə özünü sözün əsl mənasında təsdiq etdirmiş insanlardan söhbət açmaq bir elə də çətin məsələ deyil. Çünki, belə insanların həyatı və fəaliyyəti göz qabağındadır. Lakin el üçün, oba üçün zəhmət çəkən insanların əziyyətini dəyərləndirmək vacibdir. Milli dəyərimiz, xalq yaradıcılığı incisi olan muğamlarımız, təsniflərimiz, bəstəkar mahnılarımız əvəzolunmaz xəzinədir.

 Musiqi - bizi-bizdən alan, köhlən at kimi cilovlanmayan, sərhəd tanımayan, ruhun qidası, ürəyimizə hakim olan, duyğuları dilləndirən, insanı paklaşdıran, saflaşdıran,  musiqi. Ən qüdrətli musiqimiz isə insanı Allaha yaxınlaşdıran Azan səsidir. Elə buna görədir ki, musiqi dinlənilən zaman bizi saflaşdırır, düşüncələrimizi pəmbə buludlu səma kimi aydınlaşdırır. Azan səsindən qaynaqlanan musiqimiz elin sərvətidir, əmanətidir.

Bu xəzinə nəsildən-nəsilə ötürülərək bir əmanət kimi daim qorunub saxlanılmalıdır. Bu xəzinəni əmanət etdiyimiz insanlardan biri…

Haqqında söhbət açacağımız insan xalqın sevgisini, məhəbbətini qazanmış, el yanında böyük nüfuzu olan, nümunəvi xarakteristikası ilə özünə hörmət qazanan müğənnilərdəndir. Sizi çox intuzarda qoyduq deyəsən, əziz oxucu. Bəli, biz də onun ifa etdiyi mahnıların hər zaman intizarındayıq. Beləliklə, söhbət müğənni Yusif Mustafayevdən gedir. Səmimi etiraf edək ki, yaradıcılığı, xüsusiyyət və xarakteristikası ilə seçilən Y. Mustafayev öz mahnıları ilə onu sevənlərin könlünü çoxdan fəth etmişdir.   

     Qısa tanışlıq: Mustafayev Yusif Höccət oğlu 1955-ci ildə Cəlilabad rayonunun Hacıismayıllı kəndində anadan olub. Təhsil üçün ilk qədəmlərini doğma kəndin məktəbinə atmış, Cəlilabad rayonu 1 saylı məktəbdə orta təhsilini başa vurmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu-indiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Musiqiyə olan sevgisi ondan böyük bir cəsarət tələb edərək cətin bir imtahanla xalq qarşısına çıxarmış, nəticədə böyük bir xalq ordusunun sevimli müğənisinə çevrilmişdir. Ağası Meşədibəyli və Əlibaba Məmmədovun rəhbərlik etdikləri ansanbıllarda çıxış etmiş, “Humayın” xalq çalğı alətləri ansanblında fəaliyyət göstərmiş və işgüzar səfərlərdə olmuşdur. Azərbaycan Dövlət Muğam Teatırnın solistidir. 

Bir sıra diplomlar, təltiflər almışdır. Aldığı ən böyük mükafat isə Xalq məhəbbətidir.

   Xalqın məhəbbətini qazanmaq heç də asan məsələ deyil. Xalqın sevimlisi olan Y. Mustafayev böyük, eyni zamanda zəhmətkeş ailədə dünyaya göz açdı. Atası Höccət kişi dünyanın bir ucunu digər ucuna birləşdirən yolların bələdçisi olmuşdur. O, halal zəhməti ilə cəmiyyətə yararlı, layiqli övladlar yetişdirdi. Övladları da öz növbəsində ata-anasının zəhmətini uca tutdular. Nəinki, ailədə hətta xalq yanında özlərini sevdirməyi bacardılar. Bəli, onun övladları da özü kimi zəhmət və həyatsevərdirlər. Höccət müəllimin oğlanlarının hər birinin özünəməxsus səs çalarları var. Allah-təalanın onlara verdiyi bu lütfü onlar da layiqincə dəyərləndirir, el şənliklərində ustalıqla el-obaya çatdırırlar. Elə Yusif müəllim də ilk  dəfə 1977-ci ildə el şənliyində oxudu. Beləcə illər qanadlı yel kimi Yusif müəllimin ömründə pərvazlandı, çevik gənclik illərini arxada qoydu. Bu sənət onu cəfakeş müğənni kimi bu illərdə püxtələşdirdi. Tanındı və Azərbaycan xalqı tərəfindən məhəbbətlə qəbul edildi. Bu müstəvidə o, sənətin yüksək zirvəsində qərarlaşdı.  Oxuduğu mahnılar qəlblərin sarı simini tərpətdi, könül oxşadı. Sevilə-sevilə dodaqlarda zümzümə olundu. Onu dinləyicilərə sevdirən ən uğurlu mahnısı isə “Ana” mahnısı oldu. Yeri gəlmişkən qeyd edək ki, Yusif müəllim üçün dünyada ən ülvi və ali varlıq olan anası Pakizə xanım həyatda müğənninin böyük həyat qaynağıdır. Qazandığı uğurları onun alqış, dua və məhəbbəti ilə əldə etmişdir. O, sevgilər içərisində ən böyük sevgi olan ana məhəbbətini müqəddəs duyğu sayır.

    Y. Mustafayevin səsi Tanrı payı, bəndələrinə sovqatıdır. Bu qarışıq dünyada insanlara könül fərəhi gətirər, dinləyiciləri poetic notlara kökləyər, duyğuları dilləndirər.     

  Müğənni qaynar ictimai həyatdan da kənar qalmır. O, mütamadi olaraq silsilə şəkildə ictimai tədbirlərdə iştirak edir. Əsgərlər qarşısında, qocalar və körpələr evində mahnıları ilə könüllər alır. Bütün bunlarla yanaşı bir sıra xeyriyyə konsertləri həyata keçirir. Musiqinin ahəngdar dilini anlayan, ecazkar quvvəsini özündə daşıyan Yusif Mustafayev Azərbaycan Dövlət Flarmoniyasında, Şəhriyar adına Mədəniyyət sarayında və bir sıra mədəniyyət ocaqlarında musiqisevərlərlə görüşlər keçirmişdir. Ümumiyyətlə, müğəninin qaynar əmək fəaliyyəti dövrü məhsuldardır. İşıq üzü görən “Uşaqlıq həsrəti”, “Vətəndir”, “ Körpə gülüşləri” “Ana” və s albomları, bundan əlavə ictimayyətə çatdırılan “Ötən günlərim” kimi dəyərli videoklipləri, bir-birindən maraqlı mahnıları onun uğurlarının bariz nümunəsidir. Onun rəngarəng musiqi dünyasında bəşəri dəyərlər yüksək yer tutur. Oxuduğu mahnılar insanın daxili aləminə siyarət edərək insanı səmavi bir dünyaya çəkir. Böyük sevgi ilə ifa etdiyi “Yavaş yeri”, “Ana”, “Bacılar”, “Ötən günlərim”, “Qəmərim”, “Gedirəm”, “İstərəm”, “Yaradana qurban”, Azəriyik biz” və s mahnıları xalq tərəfindən sevilə-sevilə qəbul edildi. Hal-hazırda Yusif Mustafayev 3 mahnı üzərində çalışır. Bundan əlavə işıq üzü görəcək olan yeni albom müğənnini sevənlərin yeni  töhfəsi olacaqdır.

    Təbiət vurğunu olan, təbiət sevər Yusif müəllimin özunun də təbiəti fərqlidir. Ən kiçik təəssüratdan təsirlənən bir təbiətə malikdir. Onun xüsusiyyətində haqsızlıqla barışmamazlıq var. O, olduqca iddialı, səbrlə məqsədinə doğru addımlayan və nəhayətdə istəklərinə qovuşan insandır. Heç bir kəsdən heç bir təmannası olmayan, çətin anlarında heç kəsdən yardım gözləməyən Yusif Mustafayevin Allah-təaladan başqa heç kəsdən bir arzu və istəyi yoxdur. Dostluğa önəm və qiymət verəndir. Onun uşaqlıq xatirələrinə şərik olan, eyni məktəbi və sinifi paylaşan mügənni Ağadadaş Ağayev elə indi də onun ən yaxın dostlarından biridir. Daha bir yaxın dostu isə Baloğlan Əşrəfovdur.

   Azərbaycan adət və ənənələrinə dərin hörmət bəsləyən müğənninin gənclərə tövsiyyəsi adət-ənənələrimizi qoruyub saxlamaq, milli dəyərləri qiymətləndirməkdir.     

  Yorulan zaman təbiətin qoynuna çəkilər, duyğuları ilə baş-başa qalar, çətin müğənni dünyasında həyata keçirəcəyi planlarına bələdçilik edər. Təbiətin mənzərəsi; bulaqların şırıltısı, yarpaqların pıçıltısı, böcəklərin cırıltısı, quşların cəh-cəhi onu yaşayıb-yaratmağa səsləyir. Göy üzündən süzüb gələn buludların göz yaşları, bəzən isə Aylı gecə məqamında ulduzların sayrışması, buludların qatar-qatar dağ döşünə sürünməsi, səhər üzü göy üzündə al Günəşin görünməsi müğənniyə ilham verər. Onun gərgin əməyi sonunda insanı sabaha səsləyən  mahnılarla əvəz olunur. Bütün bu hiss və duyğularının müqabilində yaradıcılığında ən uğurlu göstərici böyük dinləyici ordusu qazanması oldu. Varlığında bütöv şəxsiyyət gəzdirən Yusif Mustafayev oxuduğu mahnılara ürəyinin odunu bağışlayır. Qeyd etdiyimiz bu fikirləri onun dinləyiciləri də təsdiqləyir.  

     RETTM-nin metodisti Fəxriyyə Musayevanın dediklərindən: Yusif Mustafayevin siması bildirir ki, onun daxilində musiqinin hələ açılmamış düyünlərini açmaq istəyi, narahatçılığı var. Təqiq olunmamış, hələ oxunmamış daha kövrək, daha duygulu mahnılar eşidiləcək onun  dilindən.

Həmin mərkəzin şöbə müdiri Elnarə Nəsirovanın dediklərindən: Mən Yusif Mustafayevi xeyriyyəçi bir insan kimi tanıyıram. Eyni zamanda onun anaya  verdiyi böyük qiymət Azərbaycanın mərd oğullarında olan ən böyük keyfiyyətlərdən biridir. Ailəcanlı və vətənpərvərdir. Oxuduğu manhıları ürəkdən oxuyur.

Sözügedən mərkəzin əməkdaşı Alagöz Hüseynovanın dediklərindən: Yusif Mustafayevə böyük hörmət bəsləyirik. Məhz ona görə ki, vətən uğrunda döyüşən, bu yolda əlil olan insanlara xüsusi diqqət yetirir. Buna misal olaraq qeyd edə bilərəm ki, qayınım Sarvan Hüseynovun toy şənliyini təmənnasız, böyük istək və sevgi ilə idarə etmişdir. Bu da onun böyük insanlığının, ətrafdakılarına  diqqət və sevgisinin təzahürüdür. Elə buna görədir ki, onun sevənləri çoxdur. Mən də öz növbədə məqalənin  müəllifi kimi öz fikirlərimi şeir misraları ilə diqqətə çatdırıram.

 

Lütf eyləyib Tanrı sənə

Oxumaq həvəsin verib.

Yamanca sevdirib elə,

Bülbülün nəfəsin verib.

 

Bəmdən zilə, zildən bəmə,

Qalxır enir pərdə pərdə.

Nə düşürsən təbdən-təbə,

Ay “Qəmərim” deyə-deyə.

 

Səcdəgahın Ana andı,

Sevgisi var könlündə.

Belə oxuma amandı,

Daş əriyər önündə.

 

Səsin eldə əks-səda,

Yerindən dağlar oynada.

Ya məni məndən qoparar,

Bilmirəm, öldürər ya da.

 

İnsafa gəl, qardaş, bir az,

Gur səsini bəmdən elə.

Belə nəfəs, belə avaz,

Hələm-hələm düşməz ələ.

 

Xalq üçün əziz, doğmadı,

Oxuduqca yorulmadı.

Ən dəyərli mükafatı

El-obanın sevgisidir.

 

 

Yusif Mustafayevin yaşadığı ömür yoluna çox ləpirlər, izlər düşdü. Bu izlər onun həyat naxışlarıdır. Həyat adlı kainatda bu addımlar atıldıqca arxasınca neçə-neçə ləpirlər də sıralandı. Qismətinə Tanrısından 3 övlad payı nəsib oldu. 2 oğlan 1 qız atası olan Yusif müəllim artıq babadır. Dünyanın ən şirin həyat meyvəsi olan nəvə şirinliyini daddı. Yusif müəllim asudə vaxtlarını nəvələri ilə birlikdə keçirməyi çox sevir. Yusif müəllimin oğlanlarının hər ikisi gözəl səsə malikdirlər. Lakin atalarının davamçısı deyillər. Bəlkə də gələcəkdə nəvələri babalarının yolu ilə gedərlər. Bax, bunu yalnız Tanrı bilir.

   Halallıqla qazanılan uğurlar hər zaman dəyərli olur. Bu uğurları əldə etmək üçün  insan çox əziyyətlərə qatlaşır, bununla bərabər zamanın tufanlarında çırpına-çırpına bərkiyir, dözümlü olur. Əldə etdiyi dəyərlər onu tutduğu mövqedə daha da mətinləşdirir. Sonunda-illər ötdükdən sonra bu çətinliklər xatirəyə çevrilərək arxada qalır,  insanın ən əziz və kövrək xatirələrə çevrilir. Yusif Mustafayevin arxada qoyduğu xatirələr kimi.  

 

Mətanət Ulu Şirvanlı,

Azərbaycan Yazıçılar

Birliyinin üzvü,

publisist-şair

 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 58 ziyaretçi (136 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol