--------------
Mətanət Ulu Şirvanlı
İt kəlləsi
Povest
Baş alıb kəndə gedən yolun kənarında əkilən çinar ağacları ağ, tozlu yolları kəndin girəcəyinə qədər müşayət edirdi. Dəli Həsən axşama doğru «Muncuqlu» kəndinin tozlu yollarında irəliləyirdi. Hava tutqun idi. O, yolun tən ortasında, balaca körpüdə dayanıb nəfəsini dərdi. Körpünün yaxınlığında yerləşən «Qoşasöyüdlü» bulağına yaxınlaşıb, özünü pal-paltarlı bulağın suyundan göllənən gölməçəyə vurdu. Sonra sudan çıxıb insana xas olmayan, itə məxsus hərəkətlə bədənini silkələdi. Dəli Həsən paltarını qurutmaq üçün özünü günə vermək istədi. Üzünü göyə tutdu. Günəş görməyən Həsən əlini havada sallayaraq eh, etdi. O, kəndə sarı yoluna davam etdi. Kəndin girəcəyində - «Şor bulaq»da toplaşan qız-gəlini görcək üz-gözünü turşutdu. Onlardan acığı gəldiyini hiss etdirərək qaş-qabaqla yanlarından ötüb keçdi.
«Muncuqlu» kəndinin yeganə dükanına çatanda dayandı. Sağda yerləşən, dükanın damını örtən qollu-budaqlı tut ağacının yuxarı hissəsindəki budaqlarına diqqətlə baxdı. Ağacla fəxr edirmiş kimi gülümsədi. Baxışlarını ağacın ətəklərinə qədər gəzdirdi. Gözləri tut ağacının yoğun gövdəsinə çatanda kəndin veyil kişilərinin ağacın altında kart oynadığını gördü. Ağıllı adamlar kimi başını buladı. Bunu görən kişilərin kefi duruldu. Onunla əylənmək üçün Dəli Həsəni yanlarına çağırdılar.
Həsən: - Bu boyda «Muncuqlu»da bir ağıllı adam yoxdur ki, söhbət eyləyəsən deyib, onlardan uzaqlaşdı. Yaşadığı evin yolunu ayaqları ilə arşınlaya-arşınlaya dikdirə dırmanmağa başladı. Evinin sınıq-salxaq taxta qapısına çatıb dayandı. Gözü küçədən üzüyuxarı gələn qadını gördü. Qadın onun bərabərinə çatanda dayanüb dəli Həsəni dolamaq istədi. Axşamüstü olmasına baxmayaraq:
Sabahın xeyir , Həsən! Səhər-səhər «Şor bulaq»da çimibsən?- deyə soruşdu.
Həsən onun dediklərinə məhəl qoymadı. Bir-neçə dəqiqəlik qarşısında dayanan qadını xəyalında soyundurub hər yerinə baxdı. Gonbul qadının eyiblərini xəyalən görüb, qəhqəhəylə güldü. Elə bu an yaxınlıqdakı darvaza cırıltıyla açıldı. Dəli Həsən Çeşmini görən kimi özünü yığışdırıb dilləndi:
-Salam məleyküm, Çeşmi bacı.
- Əleykümsalam, Həsən qardaş! Nə var, nə yox?
-Heç. Bu xaraba qalmış kənddə ağıllı bir kəs tapmıram ki, dərdləşəm, -dedi.
***
Yolu yarı etmiş qəm karvanı əyri dolayları arxada qoyaraq «Acı dərə «deyilən düzənliyə çatdı.
Qarşıda gedən Təcili Tibbi Yardım maşını sürətini azaldaraq yolun kənarında dayandı. Maşın dayanan kimi arxadakı minik maşınında əyləşənlər bir anının içərisindəcə yerə atıldılar, tibbi yardım maşınına sarı yüyrürdülər. Dörd cavan qızın qışqırığı, maşınlardan tökülən adamların ağlayışı magistiral yolunda hadisə yaratmasına səbəb olduğundan kişi xeylağlarından bir-neçəsi:
-Getdik! – deyib, Tibbi Yardım maşınına tərəf yüyürən qızları maşının artıq açılmış arxa qapısı ağzındaca yaxalayıb, onları atalarına yaxın qoymadılar. Sinələrindən itələyərək maşınlara əyləşdirdilər.
-Ata, deyib, bağrışan qızların səsləri çırpılan maşın qapıları arxasında əridi.
«Acı dərə»də dayanan maşınların birindən düşən cavan oğlan həyacandan sidiyini saxlaya bilmədi. Şalvarını isladacağını görüb, özünü yolun sağ kənarındakı yarğana saldı. Özünü yarğana salan oğlanı heç kəs görmədiyindən onun qəm karvanından ilişib qaldığından da heç kəsin xəbəri olmadı.
***
Toplaşanların nəyə baxdığını görmək üçün Sərvin böyük izdihamı yara-yara, irəli can atırdı. Ona mane olan sonuncu adamı qarşısından kənarlaşdırdı. Gördyü mənzərəyə təəccübləndi. Qarşısında böyük, qəbirə oxşayan qızıl topası qalaqlanmışdı. Qəribəsi o idi ki, heç kəs qızıla əl uzatmır, lakin bərəlmiş gözlərlə qızıl topasına baxırdılar. Və birdən qızıl topası silkələndi. Əvvəlcə parıltı canlıya, daha sonra isə bir ölüyə çevrildi. Sərvin qorxusundan qışqırmaq istədi. Birdən ölünün atası olduğunu gördü. Toplaşanlar Sərvinə əhəmiyyət verməyərək atasını çiyinlərinə qaldırdılar. Yeyin addımlarla dar və uzun keçidi adlayaraq uzaqda görünən qəbiristanlığa sarı yönəldilər.
Sərvin boğazının acışdığını hiss etdi. Ata! deyib qışqırmaq istədi. Səsi çıxmadı. İzdiham Sərvini ayaqlayaraq yolun kənarına saldı.
Yaxınlıqdakı məsciddən əzan səsi yüksəlrdi. Sərvin divarın küncündə, çarpayının yanına yerləşdirilmiş dolabın üzərindəki gecə lampasına əl atdı. Lampanın düyməsini basıb, yataq otağını işıqlandırdı. Dolabın üzərindəki balaca saata baxdı. Altıya üç dəqiqə işləyirdi. Yuxudan erkən oyanmışdı. Qorxulu yuxunun təsirindən oyanmış Sərvin ürəyində: - Allah, özün kömək ol!- dedi. Görəsən, atam necədi? Onu kəndə sağ-salamat yola salmışdım axı?! Yuxuda qızıl topası nə deməkdir, görəsən? Yuxusu qeybə çəkildi. Özün kömək ol Allah, deyib, ayağa qalxdı.
Bir neçə saat olardı ki, Sərvin qonaq otağında, yumuşaq kresloda əyləşib, gözlərini dəhlizdən görsənən giriş qapısına zilləmişdi. Ona elə gəlirdi ki, bu dəqiqə qapı döyüləcək, kim isə atasının ölüm xəbərini gətirəcəkdir. Qarşısındakı curnal masasının üzstündən qızının kiçik əl güzgüsünü götürüb, özünə baxdı.
Gözəgəlimliydi Sərvin. Xarici görünüşdən anasına bənzəsə də xasiyyətdə atasına çəkmişdi. Çox da hündür olmayan boyu, nazik bədəni sifətinin incə cizgiləri ilə həmahənglik yaradırdı. Qıvrım, pərişan sarı saçları pırtlaşmış halda üz-gözünə tökülmüşdü. Saçlarını yığmağa ərincəklik edən Sərvin yorğun baxışlarla güzgüdən özünə baxıb; gör nə gündəyəm, fikirləşsə də dilində özgə söz - Allah yuxumu xeyirə yoz! dedi.
Sərvin yuxularına özünə inandığı qədər inanırdı. İndiyə qədər gördüyü yuxularının heç biri yalan çıxmamışdır. Yuxuda gördüyünü həyatda qarşılaşardı Sərvin.
Yataq otağındakı çarpayının cırıltısı eşidildi. Addım səsləri dəhliəzə qədər uzandı. Ruzgar dəhlizdə dayanaraq, qəribə baxışlarla həyat yoldaşı Sərvinə baxıb:
- Səndən çıxmayan iş-erkən durmusan yuxudan?- soruşdu. Sərvin yuxuda atasının öldüyünü, yad adamların çiyinlərində aparıldığını dedi.
Ruzgar laqeyidliklə əsnəyib, əlini qalın, qıvrım tüklü sinəsinə şappıldatdı. Sonra da ağzını yastılayaraq dedi: - Tay denən kişinin ömrünü uzatmışam da.
Sərvin ərinin laqeyidliyinə baxıb, ürəyində: - Nəinki atam, elə bu dəqiqə mən yıxılıb ölsəm, vecinə olmayacaq!
Ruzgar: - Səhər yeməyimi hazırla deyib, vanna otağına keçdi. Sərvin yerindən qımıldanmadı. Əl-üz dəsmalı əlində vanna otağından çıxan Ruzgar Sərvinin yerindən tərpənmədiyini görüb, narazılıqla; əşi bir yuxudur da…Zalımın qızı sən də ... deyib, mətbəxtə keçdi. Bir azdan giriş qapısının səsi eşidildi. Gəl, qapını bağla, deyən Ruzgar evdən çıxaraq arxasınca qapını zərblə çırpdı.
***
Otağa dolan cingiltili telefon səsi oturduğu kreslodan tərpənməyən Sərvini səksəndirdi. Bismillah! dedi. Ayağa qalxıb dəhlizdəki telefona yaxınlaşdı. Əlini telefonun dəstəyinə uzadıb: - Ya Allah, səhərüzü xeyirliyə! Sərvin: Alo, deyə qarşı xətdə dayanmış naməlum adama səsləndi. Xəttin o başındakı naməlum səs:
- Sabahın xeyir, Sərvin, - dedi.
Bibisioğlu Poladın səsini eşidən Sərvinin ürəyi döyünməyə bişladı. Yuxusunun dəqiqləşəcəyini anladı. Nigarançılıq içərisində; Sabahın xeyir, Polad, dedi.
Polad söhbəti uzatmadan: - Atanın halı xarabdır. Yoldayıq, şəhərə gəlirik, dedi. Xəstəxanaya gedəcəyik. Atanın həkiminə zəng vur, xəstəxanada deyilsə xahiş et gəlsin, deyib, telefon əlaqəsini kəsdi.
Sərvin özünü xəstəxanaya çatdıranda artıq atasıgil orada idi. Sağ əlini xəstəxananın birinci mərtəbəsindəki pillələrin kəndarına, digər əlini isə sol dizinə dayaq verib dayanan atası çətinliklə nəfəs alır, ayaq üstə güclə dururdu. Sərvin hüznlü halda atasına yaxınlaşdı. Son dəfə baxırmış kimi diqqətlə üzünə baxdı. Atası başını qaldırıb, gözlərini qızının gözlərinə dikdi. Lakin Cavad kişi işini bilirdi… Bu baxışda «salamdan tutmuş sağ ol»a qədər - hər şey oxundu.
Yuxusunu bir an belə yadından çıxartmayan Sərvin qəhərləndi. Atasına «quruca» salam deyə bilmədi. Ağladı. Cavad məhəccərdən yapışdığı əlini qaldırıb qızının göz yaşlarına çəkdi. Göz yaşından islanmış barmaqlarına diqqətlə baxdı, nə fikirləşdisə barmağandakı yaşı dilinin ucuyla yaladı. Və bundan sonra qızına yorğun, xırıltılı səslə; ağlama dedi.
***
Üç gün idi ki, vəziyyəti ağır idi Cavadın. Ürəyindən şikayət edən Cavad dörd qız, iki oğul atası idi. Sərvindən sonra dünyaya gələn ikinci qızı Selan Moskvada yaşayırdı. Sonrakı uşaqlarını baş-göz (evləndirməmişdi) etməmişdir. Dərindən ah çəkdi. Yadına ötən günlər-imkanının babat vaxtları düşdü. Xəstəliyə düçar olmamışdan əvvəl, hələ Sovet quruluşu dövründə imkanlı idi Cavad. Pula pul demirdi. Qohum- qonşu üçün xərclədiyi puldan danışmırdı hələ. Böyük bizneslə məşğul idi. Aidiatlı orqanların gözü kor, qulağı kar, dili isə lal idi. Çünki, hamısının haqqlarını çatdırır, «şirinliyini» verirdi. Üzü dönsün zəmanənin! Necə ki döndü. Çevriliş zamanında nə qədər pulu batdı. Kisəylə pul qazanan Cavad indi dərman puluna həsrət qalmışdı. Çəkdiyi ah-uflar bəzən ağrıdan deyil, iztirablarından qopurdu Cavadın. Özünü yük sanırdı qızlarının üstündə. İmkanlı vaxtlarında ona yaltaqlanan yalançı dostlar dar vaxtında yoxa çıxmışdılar. Bir-iki kasıb, sadiq dostdan başqa ətrafında kimsə qalmamışdır. O qədər yetim-yesirə əl tutmuşdur ki…Amma indi ona əl tutan yox idi. Üzü qara olsun yoxluğun! Əvvəlki vaxtları olsaydı xəstəliyin əlində naçar qalmazdı. İndi o qədər pul haradaydı ki, xəstə ürəyini əməliyyat elətdirsin?!
Cavad uzandığı çarpayıdan dikəldi. Çarpayının yanındakı balaca şkafın üzərindəki kiçik, ayaqlı güzgünü götürdü. Ağrının şiddətindən qan çanağına dönmüş, qızarmış gözlərinə baxdı. Gözaltı çuxurları tuluqlamış, şişib qaralmışdı. Üç gün idi yata bilmirdi. Tez-tez çarpayıda o yan-bu yana çevrilir, birgə saat yata bilsəydim… deyə çırpınırdı. Yuxu isə ondan qaçaq idi. Qalxdııb çarpayısında əyləşdi. Çarpayıdan salladığı, şişib, kötüyə dönmüş ayaqlarına, sonra isə əllərinə baxdı. Qəfil gələn ağrıdan üz-gözünü büzüşdürüb, astaca yerinə uzandı. Ürək sancıları doğradı yenə böyüyüb, genişlənmiş ürəyini.
Dörd nəfərlik xəstəxana otağında onlardan başqa kimsə yox idi. Xəstəyə baxmaq üçün yanında qalan Çeşmi ərinin nədən nigarançılıq çəkdiyini bilirdi.
Orta boylu, yaşıl gözlü Çeşmi əri ilə həmyaşıd idi. Bir-birlərini sevib evlənmişdilər. Heç vaxt başından örpəyini açmayan Çeşmi kənd xanımlarına məxsus geyimdə olardı. Zarafatcıl ərindən fərqli olaraq qapalı xasiyyətli idi. «Sər verər, sirr verməz»di kimsəyə. Kasıblığa düşəndən sonra dərdlini kimsələrlə bölüşməyən Çeşmi daha da qaraqabaq olmuşdu. İndii o, ərinin nigaran üzünə məzlum-məzlum gözlərini dikmişdi.
Çox şeydən nigaran idi Cavad... Nəinki, uşaqlarından, tikib başa çatdırmadığı evindən, taxıl sahəsindən, hətta həyətindəki qaşqa atından belə nigarançılıq çəkirdi. Bir belə iş-gücün içərisində Cavad səfərə çıxmalıydı. Səfərinin ağır, çox ağır olacağını duymuşdu özü…
Üzünü çarpayının yanında ayaq üstə dayanmış arvadına çevirdi. Asta səslə: - Bacım Zəminəyə, bir də uşaqlara xəbər çatdır gəlsinlər, onları görüm, dedi Cavad.
***
Səhəri gün çağrılanlar Cavadın çarpayısı ətrafına toplaşmışdılar. Hətta yaxın qohum-qonşu da gəlmişdir. Təkcə Selandan başqa. Hamının gözü nəmli idi.
Cavad bu gecə də yata bilməmişdi. O, titrək əllərini bacısı Zəminəyə uzatdı. Zəminə qardaşının əllərinin əsməsini saxlamaq istəsə də bacarmadı. Cavadın əlləri bacısının xırda ovuclarında külək vuran yarpaq kimi titrəşirdi. Zəminə yaşlı gözlərini balalarından çox sevdiyi qardaşına zillədi. Qardaşının ona nə isə gizli sözü olduğunu anladı. Üzünü otaqdakılara tutub: - Bizi tək buraxın, dedi.
Otaqda ikisi qaldıqdan sonra Cavad kövrək səslə: - Zəminə, sənə and verirəm oğlun Məhərrəmin goruna, dediklərimə əməl edərsən! - dedi. Bir az sözünə ara verib; məni Məhərrəmin yanında, özün üçün saxlatdırdığın yerdə basdırın!
Qardaşının sözünün bu yerində Zeminə dözmədi. Hönkürtü vuraraq: - Qadoy alım sənin, ay qardaş, öz yerimdə özüm yatacağam. Sənə nə olub Allaha şükür, sağalacaqsan. Əlli səkkiz yaş nədir ki?! Sənin ömrün hələ qabaqdadır, dedi.
Cavad təmkinlə: - Sözümü kəsmə. Dayan, hələ qurtarmamışam, dedi. Zəminə susdu, amma ağlamağını kəsmədi.
- Bilirsən ki, düşmənliyəm. Qəbirimi qoruyarsız. Ara soyuyanadək qorusanız bəsdir! Sərvinə də tapşıracam. Məqamını gözləyin, tədbirsiz bir iş görməyin. Sənə yerini deyəcəyim əmanəti iki-üç ildən sonra verərəsən oğlum Surxaya. Təntidi. Amma susmadı. Ağır-ağır nəfəs almasına baxmayır danışırdı…
Vəsiyyətindən sonra yüngülləşmiş kimi dərindən nəfəs aldı. Öksürdü. Ağrıdan əllərini sinəsinin üstünə qoyub ürəyini silkələnməkdən qorudu. Onun bu halını görən Zəminə:
-Yaralı ürəyinə bacın qurban ay qardaş, - dedi.
Cavad bacısına: - Çağır uşaqları gəlsinlər, - dedi.
Cavad qızarmış gözlərini başına toplaşan uşaqlarına zilləyərək: - Çıxın gedin kəndə, işiniz-gücünüzlə məşğul olun! Şükür Allaha, hamınızı gördüm, dedi. Gözləri yol çəkdi. Gözünü xəstəxana qapısına zillləyərək asta səslə; Selanı da görə bilsəydim…
***
Ağrıdan üzülmüşdü Cavad. Ömrünün son və ağır günlərini heç kəs görməsin deyə otuz üç illik ömür-gün yoldaşını da yanına buraxmırdı. Yanına gələnlər onunla görüşə bilmədən geri - rayona qayıdırdılar. Heç kəsi görmək istəmirdi, Sərvindən başqa. İstəmirdi ki, acınacaqlı halını kimsələr görüb, ona acısınlar. Heç kəsin yanında sınmaq istəmirdi Cavad. Taqətsiz ayaqları üzərində güclə dayanırdı Cavad. Yuxusuzluq da bir yandan...
O, xəstəxananın dəmir çarpayısında uzanaraq qızı Sərvini gözləyirdi. Könlünün quşu evinə uçmuşdu. Getmək istəyirdi. Ürəyində danmışdı ki, tezliklə… Ürəyi darıxdı. Səbirsizcəsinə; Sərvin gəlib çıxsaydı, dedi.
Pulsuzluğun pəncəsində çırpınan Sərvin yaşlı gözlərini atası yatan otağın qapısı arxasında silərək ağlamayıbmış kimi içəri girdi. Atasının üzünə baxmadan, göz yaşları içərisində bişirib gətirdiyi, yeməkləri zənbilindən çıxardaraq:
- Ata, acsan, bircə tikə çörək ye, - dedi.
Cavad gözünün ucuyla olsa da yeməyə baxmadı. Dərmanımı alıb gətirdinmi, qızım? - soruşdu.
Sərvin: - Gətirmişəm. Amma ac qarınla dərman atmaq olmaz, bilirsən.
- Cavad xəcalətlənirmiş kimi: çoxmu baha idi? – deyə soruşdu.
-Yox, cavab verdi Sərvin. Sən puldan nigarançılıq çəkmə, pulumuz var.
-Əynimdən çıxartdığım şalvarımın cibində altı (köhnə say miqdarıyla altı min) məmməd pul var, götür, lazım olar, dedi atası.
-Nəyimə gərəkdir?! Pulum var. Yalan danışdı Sərvin. Səhər evdən çıxanda Rüzgardan dərman pulu istəmiş, yoxumdur, deyə, cavab almışdır. Bir həftə ərzində əlində-ovcunda olan pulun hamısın xərcləmiş, üstəlik qonşusundan borc da götürmüşdü Sərvin. Amma özünü sındırmadan üyüdüb-tökdü: Sən darıxma ata, Rüzgar mənə pul verir deyə, atasını arxayın saldı.
Həkim palataya girib Cavadın vəziyyəti ilə maraqlandı. Heç bir dəyişiklik olmadığını görüb, yeni, bahalı preparat yazdı və bunu təcili alın, deyə resepti Sərvinə uzatdı.
***
Sərvin kürəyini aptekin arxasındakı, gövdəsi qalın şam ağacına söykəyib ağlayırdı. Yoldan ötənlərdən bəziləri ona yaxınlaşır, nə kömək lazımdır? - soruşur, niyə ağladığı üçün maraqlanırdılar. Sərvin soruşanlara necə deyəydi ki, ölüm ayağında olan atamçün dərman pulum çatmır. Axı necə deyəydi?! Sərvin cib telefonunu çantasından çıxarıb Rüzgara zəng etdi.
- Ruzgar, mənə dərman almaq üçün pul lazımdır.
-Pulu haradan tapım, yoxumdur, deyə çımxıran Rüzgar telefonu Sərvinin üzünə bağladı.
Sərvin xəstəxaya, pərişan atasının yanına əliboş qayıda bilməzdi. Nə qədər vaxtın keçdiyini ayırd etməsə də axşamın düşdüyünü ayırd etmək çətin deyildir. Sərvin boş-boşuna küçələrdə veyillənirdi. Bir neçə aptekə dəydi. Bəlkə həmən dərmanlar burada ucuz olar deyə düşündü. Getməliydi. Amma əliboş necə? Ağlına bir fikir gəldi. Qulağındakı bahalı, brilyant sırğaları satıb, dərman pulu əldə etsin. Amma gec idi. Artıq axşam düşmüşdü. Bu, fikir bayaqdan ağlına gəlmədyi üçün özünü yamanlayan Sərvin iynə-dərmansız xəstəxanaya qayıtdı.
Cavad qızarmış, tuluqlamış gözlərini otağın künclərində gəzdirir, rəngini dəyişmiş gözləriylə sanki tavan uzunluğunu ölçürdü. Atasının üzünə baxan Sərvinə elə gəldi ki, atasının gözlərinin ağı bulanıb. Günahkarcasına: - Ata! - səsləndi.
-Nə gec gəldin bala? - soruşdu Cavad.
-Həkim yazan dərmanı tapa bilmədim. Apteklərdə yoxdur. Dili topuq vura-vura yalan danışdı, Sərvin. Sabah olacaq, dedilər.
Cavad qızının ağlamaqdan qızarıb - şişimiş gözlərinə, qətiyyətsiz hərəkətinə, ümidsiz danışığına diqqət etməsə də nələrin baş veridyini aydınca hiss edirdi.
Sərvin atasının yeməkdən kəsildiyini bilsə də: - Sabah sənə nə bişirim gətirim, deyə soruşdu. Könlün nə istəyir, ata?
Cavad gözlərini zillədiyi tavandan çəkməyərək: - Bilirsən, könlüm nə istəyir?
-Nə?
-Evimi, ocağımı istəyirəm. Son mənzilimə rahat, evimddən köçmək istəyirəm, qızım. Apar məni buralardan. Sənə də əziyyət verirəm.
Sərvin gizli axıtdığı göz yaşarını daha gizlədə bilmədi; Hönkürdü. Sən ölməycəksən, elə demə ata!
-Ağlama, kimin ata-anası ölmür ki?! Hanı mənim atam-anam? Adam səbirli olar! O, Sərvinin kirimədiyini görüb: - Yaxın gəl görüm, dedi, qızına. Sərvin atasına yaxınlaşdı.
-Başına dönüm qızımın, deyən, Cavadın öz gözləri yaşla doldu. Güclə balışa dirsəklənən ata titrək əllərini qızının saçlarına çəkdi, gözlərindən öpüb: - Kaş, Allah-Təala səni mənə oğul verəydi, bala, dedi. Mənə çəkdiyin əziyyətini halal eylə, qızım.
Sərvin dözmürdü, ürəyi partlamaq dərəcəsinə gəlirdi atasını sözlərindən. Çarpayının ayağından atasının əl-üz dəsmalını götürüb gözlərinin yaşını sildi. Dəsmaldan atasının ətirin duyan Sərvin dəsmalı bağrına basıb, ağlaya - ağlaya dərindən iylədi. Sərvinin dəsmalı iyləməsi Cavad gözündən qaçmadı. Göz yaşları içərisində gülümsündü; nədi, iyim gəlir dəsmaldan? soruşdu. Dinmədi Sərvin.
-Götür, dəsmalı. Bükülü, saxla. Amma yuma. Bir zaman dəyərli olar bu dəsmal səninçün, məni yadına salanda açıb iyləyərsən dedi.
Sərvin hönkürdü: - Elə demə, ata, elə demə!
***
Qulaqlarına şüşə materialdan sırğa alıb taxan Sərvin səhəri gün atasının dərmanların alıb gətirməmişdi. Artıq ayaq üstə durmağa taqəti qalmayan Cavada ayaqyoluna getmək üçün kömək gərək idi. Lakin o, altına qab gətirliməyini şəninə sığışdırmır. Özüm ayaqyoluna gedəcəyəm, deyib inad edirdi.
Cavadı rentgenoloci müayinə edən həkim başını bulayaraq çıxıb getdi. Heç bir iynə-dərmanın atasına kömək etmədiyini görən Sərvin ağlayırdı.
Cavad ölümünün yaxınlaşdığını duysa da özünü balasının qarşısında şax tutmağa çalışırdı. O,. başı üstündə ağlayan Sərvinə: - Get, əl-üzünü yu, gəl! Sənə sözüm var, deyə pıçıldadı. Sərvin yerindən tərpənmədi. Gözlərinə dəm verib, ağlamaqdan hıqkırığa keçdi.
Sərvinin tərpənmədiyini görən Cavad: - Qulaq as qızım, fikirləş, gör bizim nəsildə yaşı altımışı keçən kişi xeylağı varmı?! Biz çürük nəsilik. Yaş sarıdan yekəlmirik. Daha mənim də vaxtım çatıb. Öz sözündən ürəyi darıxdı. Nə qədər yaşayacağam e… tay bəsdir! - deyən Cavad köksünü ötürdü. Ağlama, gör sənə nə deyirəm: Bilirsən ki, ölümdən qorxmuram. məni qorxudan bilirsən nədi? Cavad sözünü yaramçıq kəsib qızına acıqlandı - Di bəsdi, ağlama! Söz danışıram axı! Sözünə ara verib, yenidən davam etdi:
-Məni yandıran bilirsən nədi?! Ölümüm yox, Qəvinin, mənim meyitimi görmüş olması. Bir də qisasımın yerdə qalacağı. Bibinə tapşırmışam, sənə də deyirəm, qəbrimdən muğayat olun! Qəvi məndən çıxa bilmədiyi heyifi qəbrimdən çıxacaq. Onun nə yuvanın quşu olduğunu çox yaxşı bilirəm. Sözünün bu yerində ürəyi sancdı. Əlini ürəyinin başına qoyub aramsız döyüntüyə diqqət kəsildi. Ürəyinə dolan ağrıdan üz-gözünü turşudub; ox, ox deyib, sinəsini ovuşdurdu. Bir-neçə saniyədən sonra ara vermiş söhbətini yendən batıq səslə davam etdi:
-Qəvini tövləmizdə oğurluq üstündə yaxalamışdım. O zaman tövlədəcə döymüşdüm onu. Sonralar tez-tez davamız düşürdü, mənə gücü çatmırdı. Amma oğlanları böyüyəndən sonra daha gücüm çatmadı onlara. Tez-tez dava salıb məni döysələr də Qəvinin ürəyi hələ soyumayıb. İndi sənə tapşırığım budur ki, bacı və qardaşlarından muğayat ol. Qəvigildən sizə hər vaxt ziyan gələ biləyini yaddan çıxartmayın.
Bacı qardaş bir-birinizdən muğayat olun! Məndən sonra dalaşmayın, mehriban olun! Cavad sözünü bitirib: - Hə bala, gecdir, dur get daha evinə, ərin, qızların səni gözləyir, sabah gələrsən.
Sərvin: Yorulmusan, bir az dincəl ata.
- Lap yadımdan çıxmışdı; sabah qayıdıb gələn zaman məni qoyub getdiyin kimi görməsən, qorxma! O, Sərvinin susduğunu görüb sözünü təkrarladı; eşitdin, əsla qorma! Mən elə həmən adam olacağamm, fərqim təkcə onda olacaq ki, susacağam.
Cavad qızını ölümünə hazırlayırdı. İstəyirdi qızı mətin olsun, özü kimi! O, ölümün gözlərinə dik baxırdı. Sərvin birinci dəfəydi ki, ölümdən qormayan adam görürdü. Özü də atasını.
Cavad: -Hə, yadımdan çıxmamış deyim; uşaqların böyüyü sən olduğunçün sənə tapşırıram…Cavad bu yerdə sözünün dalısını gətirə bilmədi. Sustaldı. Bir həftədən artıq yuxu görməyən gözlərini yumdu.
Sərvinə elə gəldi ki, atası keçindi. Qışqıdı, ayaqyalın özünü otaqdan çölə, həkimin araxasınca atdı. Həkim bir-neçə iynə vurub Cavadı özünə gətirdi. Həkimi atasının yanında qoyub yenidən harasa qaçan Sərvin bu dəfə Ruzgarı çağırırdı telefonla.
Cavad çətinliklə nəfəs alırdı. Verdiyi nəfəsin geri ala bilmirdi. O, gözlərilə qızını axtardı. Cavad qızına əliylə yaxınlaş, işarəsi etdi. Zəifləmiş səslə: - Sərvin, Selana zəng vurdunuzmu, gəlirmi? soruşdu.
Sərvin: Selan sabah gəlir ata, dedi. Anana da zəng vur, səhər burada olsun. Cavadın ağı bulanmış gözlərinə solğun təbəssüm qondu. Gülümsünüb, qorxaq, qızım! - dedi. Çarpayının altındakı ləyənə işarə edib, o ləyəni bura çək, qusacağam, deyib, ögüdü.
***
Cavad istəməsə də yaxınları yenə onun başına toplaşmışdılar. Gözləri qapıda qalmış Cavad: - Baxın, görün saat neçədir? - soruşdu. Rüzgar qolundakı saata baxsa da vaxtı demədi. Əvəzində: Polad aeroporta onları qarşılamağa gedib. indilərdə gələrlər, deyə cavab verdi.
Ürəyi darıxan Çeşmi; istidir, qapını açın, desə də özü qapını açmağa getdi. Çeşminin açdığı qapıdan palataya girən Polad: - Gəldilər, deyə xəbər gətirdi.
Cavad uzandığı yerdən qalxmaq istədi. Lakin özünü qaldırmağa çətinlik çəkdi. Yanındakılar yastığını kürəyinin arxasına bərkidib, durma dedilər.
Selan palataya göz gəzdirdi. Özünü itirdiyindən atasını görmədi. Çaşqın nəzərlərlə anasının üzünə baxdı. Anası əlini Cavad uzadıb: - Atan səni gözləyir, görüşməyəcəksən?!
Atasını tanımayan Selan: - Ata! Bu, sənsən?! Can ata, xəstəlik səni nə günə salmışdır, deyib, atasına sarıldı.
Cavad daha heç kimin nigarançılığın çəkmirdi. Bir həftənin yuxusuzluğuna baxmayaraq dirçələn kimi oldu. Bulanmış gözləri duruldu sanki.
İkiillik həsrət bicirdi atayla bala. Selan qohumları evə göndərib; çıxın gedin, özüm tək baxacağam atama, dedi.
Atası xəstəxaya düşəndən birinci gecəydi ki, rahat yatırdı Sərvin. Bacısı Selana əmanət etmişdir atasını bircə gecəlik.
***
Telefonun zəngi gecənin köksün parçaladı. Dəstəyi götürən yox idi. Hamı daş kimi yatmışdı. Telefon susdu. Bir dəqiqə keçmədi ki, yenidən bağırdı. Qardaşıqızıgildə gecələyən Zəminə Çeşmini oyadaraq: - Çeşmi, telefon çağırır, dedi. Çeşmi yerindən tərpənənədək Sərvin özünü telefona çatdırdı.
Telefonda Selanın səsi eşidildi:- Sərvin, tez gəlin, atam ağırlaşdı. Həkimlər onu reanimasiya şöbəsinə qaldırdılar.
Yüngül peşaba getmək istəyən Cavad altına gətirilən qabdan imtina edib, ayağa qalxmış, ayaqları yer tutmadığından dizləri üstə qızının qarşısındaca çökmüşdür. Selan tibb bacısıla köməkli onu çarpayıya uzadanda Cavad artıq şokda idi.
Sərvin reanimasiya şöbəsinə qalxan zaman Selanı üçüncü mərtəbənin pilləri başında ağlayan gördü. Atasının yanına keçmək istəyən Sərvini həkim dəhlizdə saxlayıb, içəri keçmək üçün qadağa qoydu. Həkimlərin dediyinə görə Cavadın halı çox ağır idi.
Zəminə uzun, darıxdırıcı dəhlizdə var-gəl edir, qardaşıyçün heyfsılənırdı. Çeşmi isə ərinin ağır vəziyyətdən çıxacağına inanırdı.
Səhərə az qalırdı. Növbətçi həkimin stol arxasınada yatmasından istifadə edən Sərvin ayaqqabılarını soyunub, barmaqlarının ucunda reanimasiya şöbəsinə keçə bildi.
Reanimasiya şöbəsi iki hissəyə bölündüyündən Sərvin əvvələcə hansı səmtə gedəcəyini bilmədi. Sol tərəfə keçdi. İki qadından başqa kimsəni görməyən Sərvin özünü sağ tərəfdəki arakəsmənin arxasına saldı.
Tənəffüsünü stabilləşdirmək üçün süni tənəffüs aparatına qoşulmuş Cavadın üzündə həyat əlaməti yox idi. Üzünün rəngi üstünə çəkilmiş ağ mələfədən seçilmirdi. Atasının halını görən Sərvinin pərişan halı bir az da pisləşdi. Atasına yaxınlaşdı. Atasının göz qapaqlarını qaldırıb genəlmiş, sanki donmuş gözlərinə, sonra isə dəqqətlə üzünə baxdı. Təzəcə çal düşmüş saçlarını sığalladı. Nə fikirləşdisə cəld atasının üzərinə çəkilmiş ağ mələfəni qaldırıb əlini atasının ayaqlarına çəkdi. Diskindi. İlan çalmış kimi tez əlini geri çəkdi. Sarsıldı. Zəhrimara qalmış yuxusu yadına düşdü. Boğazı qəhərdən düyünlənmiş Sərvin yenidən əlini mələfənin altına saldı, asta-asta, ayaqlarını sığallayırmış kimi üzü yuxarı çəkdi. Dizlərinə qədər buzlaşmışdı Cavad. Bunun nə demək olduğunu Sərvin yaxşı bilirdi. Hönkürmək istədi. Özünü ələ ala bilməyəcəyini görüb yüyrək addımlarla yuxudan oyanıb qarşısını kəsən; sən orada neyləyirsən? deyən növbətçi həkimə əhəmiyyət vermədən dəhlizə qaçdı.
Dəhlizdə bibisigildə anasının sual dolu baxışlarıyla qarşılaşan Sərvin üzünü yana çevirdi. Sərvinə elə gəldi ki, kürəyinin ortası dəlinir. Burada da qardaşları Surxay və Simirxanın nigaran üzlərini gördü. Hönkürtü vuraraq özünü pillələrdən aşağı atdı.
Xəstəxananın həyətində, kimsənin görmədiyi yerdə kürəyini binanın birinci mərtəbəsinə söykəmiş, üzügündoğana dayanmış qız əlləri göydə Allaha yalvarırdı: - İndi yox, Allahım, indi yox! Sənə and verirəm bu açılan sabaha! Möhlət ver Allah, möhlət!
***
Bir payız səhəri açılırdı. Bu payız səhərində kimsə sevincək, kim isə kədərlənəcək. Kimsə doğulacaq, kim isə öləcəkdir!
Sərvin başını qucaqlayıb, xəstəxana binasının arxa divarı dibinə çömbəlmişdir. Səhərin soyuğu canına işləyir, içini titrədirdi. Bu titrəmə onu bəlkə də atasının ondan əbədi ayrılacı ücün tutmuşdur. Qayıtmaq lazım idi. Can verən atasını qoyub qaçan Sərvinin ayaqlarından daş asılmışdı sanki. Qara qanlar axirdi ürəyindən. Üzünü göyə tutub:
-Güvəndiyim dağlar bu səhər uçur, Allah! Allah eləməmiş atam ölsə…Mən neyləyəcəyəm, kimə üz tutacağam?! Güclü kimim-kimsəm də yoxdur ki, arxalanam. Ah, ölsə… Pul da yoxdur yerdən götürməyə. Selan da əliboş gəlib.
İçi yandı elə bil Sərvinin. Əlini göynəyən ürəyinin başına qoydu. Bir tərəfdən atası üçün çəkdiyi üzüntü, digər tərəfdən imkansızlıq! İki üzüntü arasında çırpındı Sərvin. Üzünü göyə tutub: Ey gözəgörünməz Xudavəndaləm, sənə yalvarıram: Səndən yalnız möhlət istəyirəm, məni bu pulsuz vaxtımda xəcil eləmə, Allahım.
Dəhlizdə sakitlik idi. Növbə dəyişmiş, şöbəyə yeni növbətçi həkim gəlmişdir. Sərvin yeni gələn həkimlə dil tapıb atasının yanına keçdi. Hüzn və üzüntü içərisində atasının əl-ayağını yoxladı. Buz kimi donmuş, qurşağa qədər daşlaşmışdı. Sərvin ürəyində: - Allah, özün kömək ol, ürəyinə çatmağa bir şey qalmayıb, deyə zarıdı. Xəstənin başı üstündə dayanan həkim: - Xanım, görürəm ağıllı qıza oxşayırsan. Bilirsən ki, bu xəstəliklə və vəziyyətlə sağalmaq çətindir, onu aparmığınız məsləhətdir. Sonra sizə çətin olacaq. Keçinəndən sonra meyidi müayinəyə götürəcəklər. Təftiş etməmiş onu sizə qaytarmayacaqlar.
-Yox, apara bilmərəm, Allaha pənah, çıxmayan cana ümid çoxdur, dedi Sərvin.
Dəhlizdə gözləyənlər artıq Cavadın halından xəbərdar idilər. Dəhlizdə var-gəl edən Çeşmi qızı Selana; bibin deyir, götürüb aparaq atanı. Amma Sərvin hələ inad edir. Gün keçməmiş yola düşərdik, deyir. Selan atasının vəziyyətini ümid yeri olmadığını bildikdən sonra atasını xəstəxanadan aparmağı bacısından xahiş etmişsə də Sərvin razılıq vermədi. Selan bacısına: Hələ dayan görək nə olur, cavabını verdi.
Gün qüruba əyilirdi. Ata can üstəydi. Lakin, ürəyi asta-asta vururdu hələ Cavadın. Sərvin səsini çıxartmasa da içində ağı deyə-deyə oxşayırdı atasını. O, atasının əlini üzünə qoymaq üçün onun əlini qaldırmaq istədi. Qızı bununla sanki; ata, sonuncu dəfə məni əzizlə demək istədi. Lakin buzlaşmış qollar qalxmadı. Dərdi köksünə sıxmayan Sərvin dərdinin sinəsindən partladacaqmış kimi dərindən ah çəkdi. Ona elə gəldi ki, atasını qalın yorğana bükərsə canı istilənər, donu açılar. Sol tərəfdəki boş çarpayının üstündə qatlanıb, səliqəylə yığılmış qalın mələfədən ikisini götürüb atasını yaxşı-yaxşı bükdü.
***
Sərvin qərar vermişdir. Can üstəykən götürəcəkdilər Cavadı xəstəxanadan. Bir saat olardı ki, maşın dalınca getmiş Rüzgarın maşın gətirməsini gözləyirdilər.
Birdən… Reanimasiyanın növbətçi həkimi Cavad deyə - deyə şöbədən çıxıb, tələsik özünü baş həkimin otağına saldı. Baş həkim tələsik özünü reanimsiyaya şöbəsinə çatdırdı. Çeşmiyə elə gəldi ki, Cavad keçindi. Əllərin şappıltı ildə dizlərinə çırpıb, yanındakı oturacağa çökdü. Sərvin göz yaşları içərisində: - Rüzgar, gəl çıx, deyə zarıdı. Zəminə baş-gözünə döyə-döyə qardaş! deyib nalə çəkdi. Sərvin özünü bir anlıq yığışdırıb, qışqırışan, bacı-qardaşlarnına; sakit olun, xəstəxanada başqa ağır xəstələr də var, nahat etməyin, dedi.
Baş həkim reanimasiya şöbəsindən çıxıb, kabinetinə sarı yönələrək: - Cavad kişinin aldamlarından biriniz, yanıma gəlin, dedi.
Sərvin gözüyaşlı baş həkimin otağında, qapı ağzında dayanaraq resept kağızına nə isə yazan həkimin ona nə deyəcəyini gözləyirdi. Həkim əlindəki resepti Sərvinə uzadaraq: Şükür Allaha, atan ağır vəziyyətdən çıxır. - dedi. Bu dərmanları tez bizə çatdırın. Sərvin qulaqlarına inanmadı. Ona elə gəldi ki, həkimin dediklərini düzgün başa düşmədi, yaxud, həkim atasını kiminləsə səhv salıb. Həkim çaşqın baxan Sərvinə fikrini açıqladı. Atanın fəaliyyətdən qalan daxili orqanları fəaliyyətə başladı. Böyrəkləri işlədi. Dərmanları bizə çatdırmalısınız ki, xəstənizi müalicə edək.
Gecəni dəhlizdə keçirən Sərvin səhər 11 radələrində atasının yanına keçməyə müəffəq oldu. Möcüzəydi! Atası solğun baxışlarla olsa da, ona baxırdı. Sərvin atasına yaxınlaşıb ona sarı əyildi. Sevincdən gözündən çağlayan yaşlar atasının üzünə tökülürdü. Sərvin göz yaşları içərisində: - Ata, şükür Allaha, yaxşısan! Deyirdin öləcəyəm, görürsən, ağır vəziyyətdən də çıxdın.
Cavad zəif səslə, dili topuq vura-vura: Hə, kəfənimi cırıb çıxmışam, qızım. Şükür!
Sərvinə elə gəldi ki, atasının dili ağzında şişib, buna görə çətinliklə danışır. Sərvin üzünə çəkmək üçün qaldıra bilmədiyi qollar bu dəfə çətinliklə olsa da özü qalxdı. Cavad əllərini qızının saçlarında gəzdirdi. Əllərini yaxşı işlədə bilməydiyi üçün Sərvin əldən çox ağır, nəyisə hiss edirmiş kimi hiss etdi atasının əllərini başında.
Cavad balalarını çox sevirdi. Balaları da sevinirdi ataları yaxşılaşır deyə. Simirxan və Surxayı evə yollamaq üçün dilə tuturdu Çeşmi: Ev yiyəsizdir. Mal-qara tövlədə qırılar, çıxın gedin kəndə, deyirdi. Surxay cavab verdi: Ana, icazə ver bir gün atamızın yanında qalaq. Sabah axşam üstü gedərik.
Qorxu və həyəcan arxada qalmışdır. Cavad həyata qayıtmış, yaxınlarnı, əzizlərini sevindirmişdir. İki gün idi ki, Zəminə sevincindən yerə-göyə sığmırdı. Şükür Allah, götürdüyüm qurbanım yerdə qalmadı. Sabah Surxaygilə qoşulub, kəndə qayıda bilərəm, deyirdi.
Axşam düşürdü. Sərvingil bir-bir xəstəxanadan çəkilib getdilər. Gecəni Sərvin rahat yatdı. Yuxu filan da görmədi.
Səhər yuxudan oyanan kimi özünü xəstəxanaya çatdıran Sərvin axşam növbəsindən çıxıb evinə getmək istəyən tibb bacısını xəstəxananın qapısı ağzında görüb, ona yaxınlaşdı. Gülərüzlə: - Sabahın xeyir, dedi. Tibb bacısı Sərvini görüb tələsik; sabahın xeyir, deyib ondan uzaqlaşmaq istədi. Sərvin onu yolundan saxlayıb: Atam necədir, bu gecə necə yatıb? - soruşdu. Tibb bacısı soyuq şəkildə: Bilmirəm deyib, uzaqlaşdı. Tibb bacısının cavabı ürəyinə xal saldı Sərvinin. Ürəyi sıxıldı. Tələsik yuxarı qalxdı.
Yenə buzlaşmışdı Gavad. Sərvin əlini atasının alnına, sonra da sinəsinə sürtü. Təkcə sinəsində ilıqlıq duyulurdu. Tənəffüs çatışmamazlığı! Həkimlərin dediyinə görə oksigen balonu lazım gəlirdi. Bir günün içərisində iki balon aldılar. Yenə gərək idi. Amma Sərvinin pulu yox idi…
Gün günortanın ətəklərin bükmüşdü. Gövdəsi qaralıb ləçəkləri qızaran göy üzü olğunlaşmışdı. Uzaqda görsənən qara bulud uşaq kimi nədənsə inciyib, gözlərindən dolmuşdu sanki. Hər an ağlamağa hazır idi. Bəlkə də bir azdan ağlayacaqdır! Cavadın balaları kimi…
***
Musa Nağıyev xəstəxanasının həyətində, çıxış qapısı ağzında Təcili Tibbi Yardım maşının arxa qapıları taybatay açılmışdı. Cavadın balaları reanimasiyanın qapısı ağzında çarəsiz, son ümidlərini itirmiş halda, gözüyaşlı, atalarının hələ canı çıxmamış, ilıq bədəninin həsrətində gözləyirdilər.
***
Musa Nağıyev xəstəxanasından yola düşən qəm karvanı üzü Şirvan torpağına sarı irəliləyirdi. Bir-birinin arxasınca düzülmüş yeddi minik maşını içərisində əyləşənlər hüzünlü idilər. Bir həftədən artıq üzlərinə kədər hopmuş yolçular qarşıda gedən təcili tibbi yardım maşınında nə olub-bitdiyini öyrənmək üçün tez-tez maşını saxlatdırır, vəziyyətin nə yerdə olduğunu bilmək istəyirdilər.
Təcili tibbi yardım maşınında əyləşmiş, üzü nurlu, ağzı Quranlı qadın qardaşının dodaqlarına pambıqla su damızdıraraq kədərli səslə:
- Maşını tez-tez saxlatdırıb, bədbəxti incitməyin. Şər düşür, ləngiyirik. Harada canını Allaha tapşırsa orada maşını saxlatdıracam, dedi.
Polad və Rüzgarın maşınının arxasınca qohum-qonşu maşını da qəm karvanına qoşulmuşdu.
Sərvinin qulaqlarında atasının sözləri cingildədi. Atası: «Məni yandıran bilirsən nədi? Ölümüm yox, Qəvinin, mənim meyitimi görmüş olması. Bir də qisasımın yerdə qalacağı. Bibinə tapşırmışam, sənə də deyirəm, qəbrimdən muğayat olun!»
Sərvin üzünü Rüzgara tutub: - Kəndə getməyəcəyik! dedi.
- Qaranlıq çökür. Bəs hara gedəcəyik? Rüzgar soruşdu.
-Sərvin yaşla dolu gözlərini qaralmış səmayə dikib, ürəyində; ata, bu, qaralmış səma sənin bəxtin kimi batdı, fikirləşsə də. Dilinə başqa söz gətirib dilləndi:
- Atamın on bir bundan əvvəl köçdyü kəndə, boş qalmış köhnə evinə gedəcəyik.
Rüzgar heç nə anlamadan; - niyə? soruşdu.
- Belə məsləhətdir!- dedi. Amma ürəyində Rüzgarın sualını cavabladı: - Sənin meyitini Qəviyə göstərməyəcəyəm, ata, göstərməyəcəm!
Çeşmi və Zəminə Cavadın yanında - Təcili Tibbi Yardım maşınında əyləşmişdilər. Qardaşı üçün dayanmadan Quran oxuyan Zəminə özünü didib tökən Çeşmiyə baxıb kövrəlirdi. Həyəcan və kədərdən özünü itirir, oxuduğu Quranı çaşdırırdı. Lənət sənə kor şeytan! deyərək özünü yenidən toparlayırdı.
Yolu yarı etmiş qəm karvanı əyri dolayları arxada qoyaraq «Acı dərə «deyilən düzənliyə çatanda Zəminə Quranı yarımçıq kəsib, xırıltılı səslə sürcüyə saxla dedi, sürücüyə.
Maşın sürətini azaldaraq yolun kənarında dayandı. Çeşmi üz-gözünə əl atdı. Zəminə hıçqırıq içərisində əl atıb qardaşının gözlərini sığadı. Başına bağladığı ağ rəngli ləçəyi başından açıb Cavadın çənəsni bağladı.
Rüzgarla Polad Sərvingili maşinın artıq açılmış arxa qapısı ağzındaca yaxalayıb, onları atalarına yaxın qoymadılar. Sinələrindən itələyərək maşinlara əyləşdirdilər. A..ta...! deyib, bağrışan qızların səsləri çırpılan maşın qapıları arxasında əridi.
Ömründə ölü görməyən Simirxan atasının ölümündən həyacanlandı. Şalvarını isladacağını görüb, özünü yolun sağ kənarındakı yarğana saldı. Bir az irəlilədikdən sonra kimsənin görüb-görmədiyini bilmək üçün geri qanrıldı. Hava dumanlı olsa da adamlar və yoldan ötən manışlar görsənirdi. Onu kimsə görməsin deyə əli şalvarının belbağında, qarşısındakı dərəyə yüyürdü. Dərədə üç it boğuşa-boğuşa nəyisə parçalayırdı. Ağzı qana bulaşmış itlər parçaladığları leşdən əl çəkib, fosfor kimi parlaq gözlərini Simirxana zillədilər. Simirxan qaçmaq istəsə də yerindən tərpənə bilmədi. İtlər asta-asta ona sarı gəlməyə başladılar. Simirxan şalvarını aşağı çəkmədən, siyidi. İliq sidik paçaları arasından süzülüb ayaqlarını isladırdı.
Qəm karvanı özünü yarğana salan oğlanı götürmədən yola düzəldi.
***
İllərlə açılmayan dəmir darvaza taybatay açılmışdı. Çoxdan insan nəfəsinə həsrət qalan otaqlar sanki sevinirdilər. Axı evin sahibi gəlmişdi.
Qohum-qonşu toplanmış həyətə, çox da böyük olmayan üzüm talvarının altına xalça - palaz döşənmiş, döşənmiş xalça-palaz üzərinə, üzügündoğana əzizləri üçün bircə gecəlik qonaq olan fani dünya yolçusu uzadılmışdır.
Qohum qonşudan dörd tərəfinə canlı çəpər çəkilmiş Cavadın daha ürəyi ağrımırdı. Yuxusuz da deyildi. Yuxusuzluqdan şikayət etmədən dinc və sakit halda doğmalarının arasında yatırdı. Bu yatışın fərqi təkcə onda idi ki, yatarkən heç vaxt üzünü örtməyən Cavadın bu gün üzü yaşıl xarayla örtülmüşdü. Sərvinlə Selan atalarının ayaq tərəfində oturub, ağrı-acılarını dilə gətirir, gah da əlləri ilə atalarının cansız təşini sığallayırdılar. Qardaşlarından kiçik olan bacılar Səma və Sima ovunmurdular. On səkkiz yaşlı Səma sağ əlini yaşıl xaranın altından içəri salıb əlini atasının ürəyinin başına qoydu. Toplaşanlar nə qədər etsələrdə Səma əlini atasının sinəsindən çəkmədi ki, çəkmədi. On beş yaşlı Sima isə başını atasının sinəsinə söykəyərək hıçkırtılar içərisində yuxuya getdi. Səhərə qədər beləcə, başı atasının ürəyi üstündə yatan Simanı atasından kənarlaşdırmadılar. Sadəcə qız soyuqlamasın deyə ata və balanın, ikisinin üstünə bir mələfə çəkdilər. Çeşmi ərinin baş ücünda əyləşmişdi. Səhər açılana qədər dözməyib bir neçə dəfə ərinin üzünə çəkilmiş xaranı qaldırıb, Cavadın üzünə baxdı. Zəminə qardaşı arvadına acıqlanıb; Çeşmi, günahdır, eyləmə, dedi. Dəfn hazırlığı üçün lazım olan xərclikləri Rüzgar insafa gəlmiş, ödəmişdir.
Ağlaşma səsindən diksinən səhər gözlərini bu gün tez açırdı. Səhərin əsən mehi talvardakı saralmış meynə yarpaqlarını Cavadın qız balasıyla birlikdə yatdığı yerə tökürdü. Selan tökülmüş yarpaqları atasının üzərindən təmizlədi. Sonra Simanı silkələyrək yuxudan oyatdı. Sima yuxulu gözlərin açdı. Atasını uzanmış görüb, öldyünü xatırladı. Ağladı. Anası: - Ağlama qızım, gəl bax atana, deyə yenə yaşıl xaranı Cavadın üzündən astaca qaldırdı. Sima atasıyla görüşəndən sonra Çeşmi göz yaşları içərisində qızlarına; gəlin, son kərəm atanızla görüşün, dedi.
Kəndin mollası Cavadı yola salmaq üçün toplaşanlardan halallıq vermələrini xahiş etdi: - Ay camaat, mərhumun haqqı bəzilərinizin çiynində çoxdur. Yəqin ki, bunu danmazsınız! Bəlkə onun da hansınızasa verəcəyi var. Bu kişi haqq dünyasına köçür. Sizdən təvvəqəm budur ki, mərhuma halallıq verəsiniz. Hamı bir ağızdan; halalı olsun! dedilər.
Böyük izdiham kiçik həyətə sığışmırdı. Sərvin irəli, atasına sarı can atırdı. Ona mane olan sonuncu adamı qarşısından kənarlaşdırdı ki… Elə bu zaman izdiham Cavadı çiyinlərinə qaldırdı. Dar və uzun keçidi adlayaraq uzaqda görünən qəbiristanlığa sarı yönəldilər.
Sərvin: - Ata! deyərək qışqırdı. Səsi ağlaşan, qışqırışanların səsləri arasında itib-batdı. İzdiham Sərvini ayaqlayaraq onu yolun kənarına saldı. Sərvini dəhşət bürüdü. Yuxusu həqiqətə çevrilmişdi. Yuxuda gördyü dar və uzun yol atasının son mənzilə köçdüyü bu, həyətin dar çıxışı imiş.
Cavadı adına layiq götürmüşdü el-ova yerdən. Eşidib-bilənlər axışıb gəlmişdilər onun son görüşə. Yas mərasiminə gələnlər Cavadın ölməyinə təssüf hissi kecirir: - Belə olası insan deyildir! Yenə də Allah bilən məsləhətdir, deyirdilər.
Cavad torpağa tapşırılandan bir - iki saat sonra Simirxanın yoxluğunu hiss etdi Çeşmi. Başı Cavad dərdinə qarışdıqları üçün qadınlar Simirxanı kişilərin, kişilər isə onu qadınların yanında zənn etmişdilər. Çeşmi Sərvindən Simirxanı görüb-görmədiyini soruşdu. Sərvin qardaşını dünəndən görmədiyini dedi. Sonra fikrindəkini dilə gətirdi; gecədir, indi haradasa başını qoyub yatıb, yəqin. Bəlkə də xalagildədir. Sərvin xala deyəndə həmin kənddə yaşayan atasının xalası Gülnazı nəzərdə tuturdu.
***
Arxa otaqda, evdəkilər yerə döşənmiş yataqlarda kim necə gəldi, baş-ayaq büzüşüb yatmışdır. Sərvin isə təkcə, aynabənddəki divanda uzanıb, ötüb keçənləri gözü qarşısında canlandırırdı. Atası gözləri önündən çəkilmirdi. Ürək ağrısından qovrulduğu anları, narahat çırpıntıları, yoxsulluğun son həddi, vəsiyyətlər…Elə bu andaca atasının vəsiyyəti yadına düşdü Sərvinin. Cavadın narahatçılıqla; qəbrimi qoruyun! kəlməsi əqrəb çalmış kimi çaldı Sərvinin ağlını. Qalxıb arxa otağa keçdi. Qardaşı Surxayı astaca silkələyib., yuxudan oyatdı:
- Dur, ayağa görüm! Sakitcə gəl dalımca, dedi. Asta, anam yuxudan oyanmasın.
Surxay narazı halda: - Nə var e… Nə istəyirsən? soruşdu.
-Deyinmə, gəl görüm!
Onlar uzun, dar keçidi adlayıb kənddən çıxdılar. Sərvinin arxasınca gedən Surxay soruşudu: - Hara gedirik?
Sərvin: - Atanın qəbirini yoxlamağa.
-Bu gecə vaxtı?
- Qorxursan? İyirmi üç yaşında oğlansan, uşaq deyilsən ki, qorxasan.
-Yox qorxub eləmirəm. Nədən qorxacağam! Surxay dilində yox desə də ürəyində vicələndi.
Onu anlayan Sərvin: - Qorxma. Atanın qəbiri uzaqdan görsənir, kənardan baxıb qayadacağıq. Onlar qəbiristanlığa yaxınlaşdılar. Görürsən o ağacı? Görsənən o ağacın altında ata yatıb, dedi, Sərvin.
Surxay qəflətən: - Bir bax, atanın qəbri üstündə kimsə var, dedi.
-Hanı? Sərvin həyacanlandı. Diqqətlə qəbirə nəzər yetirdi. Hə, nəsə qaraltı görürəm. Yavaş ol, əyil, sakit gəl görüm! Atalarının qəbiri üstündə kimin olduğunu, orda nə etdiyini öyrənmək üçün əyilə-əyilə qəbirə yaxınlaşdılar.
Sərvin yüksək və həyəcanla: - Bibi, burada neyləyirsən, deyə bağırdı. Bağırtıdan diksinən Zəminə - Bismillah! elədi. - Ciyərin çıxmasın! Qorxutdun məni.
-Bu gecə vaxtı nə işin var qəbiristanlıqda?
Zəminə: Çıraq gətirmişəm, yandıracam bədbəxtimin üstündə, deyib, lopalı ağacı qəbrin ayaq hissəsinə taxıb, alışdırdı.
Sükut içərisində qəbiristanlıqdan evə qayıdırdılar. Əslində Sərvin və Zəminənin fikiri eyni idi. Cavadın qəbirini gözdən qoymurdular.
***
Ağ libaslı, saqqalı, əli əsalı qoca, nurani bir kişi Sərvini çağırırdı. Sərvin qapının ağzına, çağrılan səsə yeridi. Üzündən nur yağan kişi atandan nigaransanmı? soruşdu. Sərvin susdu. Bilirəm, nigaransan, deyən qoca qəmli-qəmli başını buladı. Sonra dərindən nəfəsini dərib: Eh, bala, bu hələ harasıdır ki, atanın ilinə kimi yeddi ölü görəcəksən! İlə qədər gözlə! deyib, qoca gözdən itdi.
Sərvin gözlərini açdı. Yatdığı divandan qalxıb, qapıya sarı yüyürdü. Qapının ağzında dayanıb geri, yatağına sarı boylandı. Yuxu gördüyü anlayıb: - İlahi, yeddi ölü! deyə qışqırdı. Qışqırıq səsinə Çeşmi və Zəminə yuxudan oyandılar. Sərvin anasının dırnaq yerindən qəlpə-qəlpə olmuş üzünə baxıdı. Simirxan yadına düşdü. Ürəyi sıxıldı. Qorxusundan yuxusunu danışmadı. Amma hövüllü; - Simirxan! deyə qışqırdı.
***
Ağzı qana bulaşmış itlər parçaladıqları leşdən əl çəkib gözlərini Simirxana zillədilər. On yeddi yaşlı Simirxanın it zənn etdiyi əslində canavarlar idi. Bu vaxtlarda buralarda canavar görünməzdi. Amma dərəyə çökən dumanı fürsət bilib buradan keçən qoyun köçünün arxasınca, pusquya gələn 3 canavar qabağda gedən çobanın gözündən yayınıb arxada doğmaq üçün ləngiyən boğaz atı yanladılar. At canavarları görmüşdü. Qorxusundan özünü arxın kənarında bitrak kimi bitən, qalın yulğun ağaclarının arasına verdi. Fənd işlədib ləngiyən canavarlar atı parçalamağa tələsmədilər. At yulğun kolları arasında iki dəfə inildəyib balasını yerə qoydu. Balasından sonra daş kimi pərdəsini-ətənəsini də salan at kimisə imdada çağırırmış kimi sakitcə kişnərtiyə bənzər səs çıxarıb, fırnıxdı. Canavarlar sanki köçün uzaqlaşmasını gözləyirdilər. İki dişi canavar yulğun ağaclarının arxasına keçib atı ürküdərək yulğunluqdan çıxartmaq istədilər. At balasını qoyub qaçmaq istəmirdi. Lakin at canavarlardan qorxub yulğunluqdan çıxdı. Bu məqamı gözləyən qarşıdakı erkək canavar tullanaraq atın boğazından yapışıb yerə çökdürdü. Və sıxmağa başladı. Atı ürküdüb, yulğunluqdan çıxaran dişi canavarlar da erkək canavara köməyə gəldilər. Çapalayan atı çətinlik çəkmədən boğdular.
Qan gözlərini tutmuş, ağzı qana bulaşmış canavarlar Simirxanı görəndə köç artıq çoxdan dərədən uzaqlaşmışdı. Canavarları görən Simirxan dərəni arxa-arxaya geriləməyə başladı. Asta - asta ona yaxınlaşın canavarlar Simirxanı dövrəyə almağa çalışırdılar. Simirxan qışqırırdı, köməyə adam çağırdı. Lakin Cavadın qəm karvanı getdiyindən, yolda bir kimsənən olmadığından onun səsini eşidən olmadı. Qorxudan bərəlmiş gözlərini canavarlara zilləyən Simirxan ağlayırdı. Axşamın dumanlı alatoranlığı kimi gözləri torlandı. Ayağını üstünə qoyduğu iri kəsək dabanı altında ovulurdu. Kəsək ovxarlanan kimi arxası üstə yerə yıxıldı. Dabanlarını yerə basaraq torpağı cırmaqlaya - cırmaqlaya kürəyi üstə dərəyuxarı dartınmağa başladı. Simirxan gözlərindəki tordan qurtulmuqçün əlini açıq belbağından çəkib, gözlərin ovuşdurdu. Beliaçıq şalvarını bir andaca əynindən canavarlar dartışdırıb çıxartdı. Simirxan şalvarını canavarın dişləri arasında görəndə bağırmağa başladı. Ağzı at qanına bulaşmış erkək canavar Simirxanın başı üstündən onun bağıran dodaqlarını gəmirdi.
***
Çeşmi gecəykən Cavadın xalası Gülnazgilə getdi. Gülnaz nəinki bu gün, heç dünən də Simirzxanı görmədiyini dedi. Bütün qohum-qonşuları ələk-vələk etsələr də ondan xəbər tuta bilmədilər. Kim isə onun cib telefonuna zəng etməyi tösiyyə etdi. Sərvin onun mobil telefonu yoxdur, dedi.
Bu səhər də qara xəbərlə açılırdı. Ağlaşması səngiməyən evin bundan da qara günləri başlayırdı. Simirxanın itkin xəbərini eşidən qonşular Çeşmiyə: - Qonşu, biz dünən Cavad rəhmətliyi qarşılamağa çıxanda gələn maşınların heç birindən Simirxanı düşən görmədik, dedilər. Zəminə qonşuların bu sözünü eşidən kimi dalağı sancdı. Oğlu Poladı yanın çağırıb:
-Polad, bala, uşaqlardan bir-ikisini götürüb «Acı dərə»yə gedin. Dayın orada keçinən zaman Simirxan maşının yanından ötüb, bizdən geri qaçdı. Onu gördüm. Allah eləməsin, özü öz ağzından vururmuş kimi əlini ağzını şappıldatdı. Dilim-ağzım qurusun! uşağın ürəyi-zadı partlamış olar, dedi.
Rüzgar şəhərə getməliydi, lakin, Simirxanın itkin xəbəri onu yolundan saxladı. Gülnazın oğlu Əli, Rüzgar, Polad və bir neçə kənd uşaqları bir-birinə qoşulub Simirxanı axtarmağa getdilər. Heç bir saat keçmədi ki, Polad qucağında canavarların parçaladığı atın yanından tapıb götürdüyü qaragözlü, balaca qulancanı, Rüzgargil isə palaz arasında üz-gözü dağıdılmış Simirxanın meyitini qapısı taybatay darvazadan içəri saldılar.
Həyətdən şivən səsləri qalxdı. Çeşmi nə qədər yalvar-yaxar etsə də oğlunun meyitini ona göstərmədilər. Ortaya qoyulası halı qalmamışdı Simirxanın. Axşamın tez düşəcəyini bəhanə edən Poladgil Simirxanı atasına təfil verməyə tələsidilər.
Cavadın yuat yeri hələ sökülməmişdi. Adətə görə şər qarışan vaxtı üç gün orada şam yandırılmalı idi. İkinci şam yandırılmağa macal tapılmamış ikinci ölünü orada yumağa götürdülər. Sərvin yüat yerini qarşısında ürəyi keçmiş anasına baxıb: - Allah bilir bundan belə başımıza nələr gələcək! Yeddi ölünün birincisi gəldi, deyə içində fəryad qopartdı.
Sərvin qonşuya tapışırıb gəldiyi məktəli qızlarından nigaran idi. Qızlarına bir şey olacağından qorxurdu. Hər an nələrinsə baş verəcəyinə hazırlıqlı Sərvin yuxuda yeddi ölünü görəcəyini öyrəndisə də kimlərin öləcəyini yuxusunda görməmişdi. Sərvinə elə gəldi ki otuz yaşında qədər - otuz kilo dərd gəzdirir.
***
|