Povest Leysan yağışları

-----

Leysan yağışları

 

Povest

 

Qəmli payız günü idi. Yağış xırda-xırda çiləyirdi. Göyün qaş-qabağı dünəndən acıqlı adamın üzü kimi tutulmuşdu. Narın yağış getdikcə iri damcılara çevrilərək, gurlaşmağa başladı. Küçədə kimsə gözə dəymirdi. Küçənin sakinlərini yağış ev-eşiklərinə çəkilməyə məcbur etmişd. Tək-tük ərzaq almaq məcburiyyətində qalanlar balaca dükandan azuqələrini aldıqdan sonra tez-tələsik özlərini yaşadıqları  evin dalanına çatdırırdılar.

Səriyyə xalanın ovqatı günün havası kimi dumanlı idi. Dindirən olsaydı yağış kimi gözlərindən leysanlayardı. Yaman qəribsəmişdi oğlu Faiq üçün. Oğlundan nigaran idi: - Görəsən indi oğlum haradadır, nə edir, sağdırmı? Düşüncələrlə gününü keçirən ana ümidini oğlundan üzmürdü ki, üzmürdü. Bütün günü özü ilə ürəyində danışır: - Bəlkə oğlum ölməyib, əsir düşüb?! Əgər belədirsə... Bəlkə bir tikə çörəyə möhtacdır tifilim? - Qara fikirlər Səriyyə xalanı rahat buraxmır, hər gün başından min cür qorxulu düşüncələr keçirirdi.

Səriyyə xalanın oğlu bir il idi ki, Qarabağ uğrunda gedən döyüşlərə getmiş, bir müddətdən sonra səs-səmiri kəsilmişdi. Ona bir parça qara kağız da gəlmişdi: «Sizin oğlunuz itkin düşmüşdür».  Bu xəbər Səriyyə xalanın qəlbini didim-didim etmişdi. Amma ölüm xəbərindənsə, itkin xəbəri onu az da olsa ovundururdu. Bəlkə sağdı?! Tapılacaq!? Bu ümidlə yaşayırdı ana. İntizar onu üzürdü.

Yağış ananın dərdinə şərik çıxırdı sanki. Buludlar da Səriyyə xala kimi ürəyini boşaldıb yüngülləşmək istəyirdi elə bil. Fərq təkcə onda idi ki, yağışın «göz yaşları» küçəni, ananın göz yaşları isə öz içini yuyurdu. Səriyyə xala heykəl kimi pəncərə qarşısında dayanıb, gözlərini həyətdəki balaca çalada göllənən yağışın suyuna zilləmişdi. Əslində o, çalaya baxmırdı, həmişəki kimi  öz xəyalı ilə danışırdı. Səsləyən olsaydı bəlkə də eşitməzdi. Pəncərəyə çırpılan iri yağış damcısı ananı səksəndirib xəyaldan ayırdı. Üzünü otağa çevirdi, yorğun nəzərlərlə ətrafını süzdü.

Divanda əyləşən, məzlum baxışlarla ona tamaşa edən qızı  Sonanı gördü.  Sona  anladı ki, anasının yadına yenə oğlu düşüb.  Belə vaxtlarda Sona çalışırdı kı, xəstə anasının  fikrini dağıtsın.

 

***

 

Tibb Universitetitinin birinci kurs tələbəsi olan Sona dərs ilini bu il də çətinliklə başa vurdu. Dolanışıqları ağır idi Sonagilin.  Şikayət etməsə də, içində əzab çəkirdi. Hər şeyi yaxşı başa düşən qız anasının üzüntülərini də anlayırdı.

Qaçqınlıqdan sonra anasının şəhər həyatına alışa bilməməsi, el-obadan ayrı düşməsi Sonaya əzab verirdi. Bu azmış kimi Faiqin itkin xəbərini alması, atasının vəfatı, qardaşı Faiqin iynə olub yoxa çıxması, balaca qızcığazın böyük dərdi idi. Sona  anasının yarasının qaysağını qoparmamaq üçün susurdu.

Qaçqınlıqdan əvvəl Səriyyənin sonbeşik oğlu sarılıq xəstəliyindən vəfat etmişdi. Qəbri əsirlikdə qalmışdı. Sonbeşik oğlunun dərdini çəkə bilməyən ana haradan biləydi ki, köhnə yarası qaysaqlanmamış, təzə yarası irinləyəcəkdir. Heç olmasa sonbeşik oğlunun ölümünü görmüşdü Səriyyə xala. Faiqin dərdi isə daha ağır idi. Onun nə öldüsündən, nə qaldısından xəbər yox idi. Ana gözlərini  oğlunun getdiyi yollardan çəkə bilmirdi ki, bilmirdi. Ananın iztirablarını Sonadan yaxşı anlayan yox idi. Sona hər gün anasının çəkdiyi acıları görür, onu heç nəylə ovundura bilməyəcəyini düşünürdü. Atası sağ olsaydı, Sonanın çiyinlərinə bu qədər yük düşməzdi bəlkə də. Artıq səbri tükənmək üzrə idi. Bəzən ürəyini boşaltmaq, xəlvətə çəkilib ağlamaq istəyirdi Sona. Amma dözürdü. Bu gün isə dözə bilmədi.  Onsuz da ağlamaq üçün bir bəhanə gəzirdi. Nəmlənmiş gözləri anasında olsa da xəyalı bir neçə anlıq rayonda qoyub gəldikləri evlərinə qayıtdı. Ötən günlər yadına düşdü. Burnunun ucu göynədi o günlər üçün.

Bütün məcburi köçkünlər kimi Sonagil də 1989-cu ildə el-obalarından ayrı düşmüşdülər. Qaçqınlıqdan sonra, onlar şəhərdə müvəqqəti  məskunlaşdılar. Ümidlərini torpaqları geri alınan günə bağlamışdılar. Şəhər həyatına alışa bilmirdilər. Anası tez-tez deyirdi:

-Başa düşə bilmirəm, şəhər evlərinin nəyini tərifləyirlər axı? Elə bil qutuya girmişəm. Heyf deyil kənd həyatı! Vallah, mümkünüm olsa bir gün də burada qalmaram. Allah erməniləri evsiz-eşiksiz qoysun, bizi evsiz-eşiksiz qoyduqları yerdə. O bağlı-bağatlı həyət-bacanın halı necə oldu görəsən?

O zamanlar heç nəyin dərdini çəkməzdi Sona. Düzdü, cəh-cəlal içərisində yaşamasalar da sakit və firavan həyat keçirirdilər. Heç zaman belə ağır günləri olmamışdı. İndi isə hər şeydən korluq çəkirdilər. Axı o, hələ tələbə idi, işləmirdi. Hər gün nəqliyyat pulu, yemək xərci lazım gəlirdi. Hələ geyimdən danışmırdı. Universitetdə forslu-fasonlu geyinən qızların yanında sıxılırdı. Tələbə rəfiqələri gündə bir dəst libas geyinirdilər. O, isə universitetə getmək üçün yol pulu belə tapmırdı. Əyninə geydiyi nimdaş paltarları da dost-tanış bağışlayırdı ona. Bütün bunlar onu utandırsa da: - Allah Kərimdir. Hər şey yaxşı olar, inşallah! - deyirdi.

Əslində Sona qrupdakı qızların çoxusundan gözəl idi. Geyinib-keçinsə, bəlkə də universitetdəki  gözəl qızların birincisi ola bilərdi. O, bəzən öz-özünə təsəlli verirdi:- Eh, yaman günün ömrü az olar. Təki sağlıq olsun! Qardaşım sağ-salamat gəlsin! Anam xiffət çəkməsin. İnşallah Faiq qayıdıb gələr,  ailəyə köməklik edər, mən də ürəyimcə geyinər, bu günlərin acısını çıxardaram.

Anasına yazığı gəlirdi Sonanın. Elə bu günkü kimi. Hərdən fikirləşirdi: «Məzlum, biçarə anam!». Əvvəlcə kiçik oğlunun, sonra ərinin, daha sonra da Faiqin dərdi - duz yükündən də ağır oldu çiyinlərində. Yazıq arvadın ürəyi partlamasa yaxşıdır.

Sona düşüncələr içərisində başını qaldırıb anasına baxdı. Ana ilə qızının baxışları toqquşdu. Hər ikisi qəm-qüssə içərisindəydi, hər ikisinin baxışları intizar çəkirdi. Ana oğul intizarında, bacı isə qardaş intizarında idi

Ayrılıq yaman olurmuş, İlahi!  Özü də bir-birinin dalınca gələn zillətli, zülmlü ayrılıq. Vətən ayrılığı, ata ayrılığı, qardaş ayrılığı! 

Belə zamanlarda qız, anasına  təsəlli verər, bir-birlərini ovundurardılar. Bu dəfə nə Sona anaya, nə də ana Sonaya təsəlli verdi. İndi hər ikisinin təsəlliyə ehtiyacı vardi. Sona əyləşdiyi yerdən hüznlə, asta addımlarla qalxıb, pəncərə qarşısından çəkilməyən anasına yaxınlaşdı. Otaqda yanıqlı hıçqırıq səsi gəldi. Ana ilə qızın qolları eyni vaxtda bir-birlərinə uzandı, sarmaşıq kimi bir-birlərinə sarıllar.

Artıq  Səriyyə xalanın pəncərəsin yağış döymürdü. İndi növbə anayla balanın gözlərindən yağdırdığı leysan yağışlarının idi. Balasının göz yaşlarına qarışan ananın göz yaşları leysan yağışlarına döndü.

 

*   *  *

 

Dünənki yağışdan əsər-əlamət qalmamışdı. Hava daha payız havasına bənzəmirdi. Elə bil yazın gəlişinin ilk günləri idi. Adamı yandıran gün çıxmışdı. Günəşin isti şəfəqləri yağışın islatdığı həyət-bacanı qurudurdu.

Bəzən fikrini dağıtmaq üçün həyətə düşən Səriyyə xala bu gün də həyətdəydi. Binanın qarşısındakı böyük tut ağacına bərkidilən taxta oturacaqda oturub, fikrə dalmışdı. Oğlu Faiqi düşünürdü. Qəfil eşitdiyi səs onu  fikirdən ayırdı:

-Vaxtın xeyir olsun, ay Səriyyə! - Salam verən qonşu Zeynəb idi.

-Aqibətin xeyir olsun.

-Deyəsən hava xoşuna gəlib, həyətə düşmüsən? Dünənki yağışı gördün də?! Maşallah, bu gün əsl yaz havası var. Yağışdan sonra göyün üzü tərtəmiz açılıb.

Səriyyə xala başını qaldırıb göyə baxsa da bir söz demədi. Səriyyənin halının pərişan olduğunu görən Zeynəb:

-Yenə gözümə bir təhər dəyirsən, nə olub a bacı?

-Ay Zeynəb, ürəyim yaman narahatdı. Allah eləməsin, elə bil nəsə olacaq. Heç özümdə-sözümdə deyiləm. Dilim-ağzım qurusun, deyirəm, Faiqimdən Allah eləməmiş,  bəd xəbər-zad eşidərəm.

Zeynəb dərin bir ah çəkdi. Səriyyə onun yadına oğlu Şaiqi saldı. Zeynəb arvadın yaralı yerinə toxundu qonşusu.

-Ürəyinə qara fikir gətirmə, ay Səriyyə, darıxma! Tezliklə müharibə qurtarar, bizim balalarımız sağ-salamat geri dönərlər.

-İnşallah! Allah ağzından eşitsin!

-Deyirəm, ay Səriyyə, bu qansız ermənilər bizdən nə istəyirlər axı? Halal torpaqlarımıza gözlərini niyə dikiblər, niyə qoymurlar sakit oturaq?! Bu torpaqlar bizim dədə-baba torpaqlarımızdı. Torpağı bizə əmanət verib gediblər. Biz də ki…Zeynəb sözünü yarımçıq kəsərək susdu.

-Uşaqlar dözmədilər ermənilərin vəhşiliyinə, ay Zeynəb, onun üçün yollandılar Qarabağa. Gedişləri xeyirə calanar inşallah! Sən də tez-tez dua et Allaha. Allahın mərhəməti üstlərindən əskik olmasın. 

- Vallah, edirəm Səriyyə. İnşallah, sağ salamat dönərlər.

Araya cansıxıcı sükut çökdü. Səriyyə sükutu pozaraq:

-Sənin Şaiqindən nə xəbər?

-Arabir səs-səmrini eşidirik, çox şükür! Bəs sizin uşaqdan  nə xəbər var?

-Eh…h… Hərbi Komisarlığın qapısını döyməkdən daha yorulmuşam. Rayon məhkəməsi 6 ay bundan əvvəl balamın İtkin düşməsi barədə iddia qaldırıb. Hərbi hissə komandirini də görüb, danışdırdım, heç nə izah edə bilmədi. Uşağımdan mənə qalan zəhrimara qalmış «bir parça kağız. O kağızı hər görəndə gözlərim ağrıyır, Zeynəb, gözlərim. Bu şikəst ayaqlarımla hara gedim, kimdən  xəbərin alım?!  Bir tikə yağlı əppək olub balam, yeyilib elə bil uşaq.

-Tapılar Allah qoysa, darıxma, Allah Kərimdi! - Zeynəb dilləndi.

Səriyyə ümidli baxışlarla üzünü qonşusu Zeynəbə tutaraq: -Allah ağzından eşitsin, İnşallah!

-Allah lənət eləsin kafirlərə! - dedi Zeynəb.

- Amin! Mən daha gedim qonşu, bir az dincəlmək istəyirəm. Ayaqlarım ağrıyır, istəyirəm özümü sabahda zadda bir həkimə göstərəm. Balalarımız da Allah amanında olsun - deyən Səriyyə dalana sarı yönəldi. O, yük daşıyan adamlar kimi ağır-ağır, doqquzmərtəbəli binanın pillələrini qalxmağa başladı. Səriyyə özü getsə də özündən böyük qəm yükünü qonşusu Zeynəbin çiyinlərinə şələlədi. Qonşusunun arxasınca baxa-baxa qalan Zeynəb ürəyində Səriyyəyə acıdı.

-Yaman dərddi, Səriyyənin çəkdiyi dərd. Alllah heç kimə göstərməsin. Yazığın balasının öldüsündən, qaldısından xəbər-ətər yoxdu.

Zeynəbin dərdi Səriyyənin dərdindən heç də geri qalmırdı. Zeynəb də pərişan idi. Amma o bunu  qonşusuna bildirmədi. Fikirləşdi ki, Səriyyənin öz dərdi özünə bəs edir.

 

***

 

Neçə gün idi ki, Zeynəbin yuxusu ərşə çəkilmiş, gözündən yuxu qaçaq düşmüşdü. Qulağı səksəkədə idi, hər eşitdiyi səsdən səksənirdi. Gözü bir balaca yumulan kimi yuxularını qatışdırırdı. Oğlunu odun-alovun içərisində görür, nə qədər kömək etmək istəyirdisə də heç nə bacarmırdı. Alovun içində yanan Şaiq «Ana, gəl məni evimizə apar”, - deyə zarıyırdı. Gördüyü yuxu onu dəli etmişdi. Yuxudan oyanan kimi soğan dişləmiş, pəncərədən atmışdı ki, ağrı-acı balasından uzaq olsun. Bununla da ürəyi sakitləşməmiş, evdən sədəqə ayırıb dilənçiyə vermişdi. Ürəyində: - «Ay Allah, Şaiqimi sağ-salamat evə qaytar» deyə Allaha yalvarmışdı. Bütün bunlardan sonra bir balaca sakitləşən Zeynəbi  Səriyyənin bugünkü söhbəti yenidən narahat eləmişdi. Şaiq ananın yadına düşdü.

Xəyallar Zeynəbi ötən illərə qaytardı. Ermənistanın Azərbaycana təcavüzü, torpaqların bir-birinin dalınca işğal olunması…

Azərbaycan xalqının ağır günləri idi. Qərbi Azərbaycanlıların 1988-ci ildən deportasiya edilməsi, ətrafın bir-birinə çaxnaşan ağır zamanında Səriyyə xala ilə Zeynəbin tanışlığı başladı. Tale onları yaxın qonşu etdi. Bu qonşuluq uşaqlarının da bir-birinə yaxın dost olmasına səbəb oldu.

Onlar doqquzmərtəbəli binanın blok qonşusu idilər. Hər iki evi bir arakəsmə ayırırdı. Qəribə idi ki, hər iki qonşu uşaqlarının adları, soyadları bir-birinə oxşar idi. Ürəklərində Vətən eşqi, Vətən məhəbbəti daşıyan dostlar fikirləşdilər ki, tezliklə döyüşə getməlidirlər. Vətənpərvərlər vətənlərinin müdafiəsinə qalxdılar. Onlar deyirdilər; düşmənin  işğal etdiyi torpaqlarımızı mütləq geri almalıyıq, mütləq! Buna görə tezliklə döyüşə getməyi qərara aldılar. Könüllü olaraq hərbi komissarlığa müraciət etdilər. Gedəcəkləri gün müəyyən olunduqdan sonra fikirlərini valideynlərinə açıqladılar. Vətən dardadır, kim nə deyə bilər ki?! Zeynəb - “Allaha əmanət ol”! - desə də nigarançılıqla dolu qəlblə oğlunu Qarabağ döyüşlərinə göndərdi.

Onlar birlikdə,  «N» saylı hərbi hissədə döyüşürdü. Sonra   cəbhə yolları ayrıldı. İlk vaxtlar  bir-birlərindən xəbər tuta bilsələr də, sonralar  bu əlaqə  kəsildi.

 

***

 

Tez-tez yağan yağışlar payızı gətirmək üçün tələsirdi sanki. Nəhayət payız da yetişdi. Xəzəllər narın-narın uçur, hər tərəfi qızılı çalarlara bələyirdi. Payız mehinin ürək sərinlədən bir vaxtında ürəkləri yandıran bir xəbər payızın gözəlliyini Səriyyə xalagilin küçəsində alt-üst etdi. Payızın saralmış, solmuş xəzan yarpağı kimi bənizləri saraldan bir xəbər - Faiqin ölüm xəbəri oldu. Bu ağır xəbər iki ananın oğulları haqqında olan söhbətindən üç gün sonra gəldi.

Günorta vaxtı əzaba sürgün Səriyyənin qapısı döyüldü. Qapını Sona açdı. Qapı ağzında hərbi geyimli iki nəfər dayanmışdı. Onlardan birinin əyninə geyindiyi hərbi paltarların çiyinlərində dörd kiçik ulduz görən Sona onun kapitan olduğunu, hərbi komisarlıqdan gəldiyini anladı. Kapitan əvvəlcə Sonadan evin ünvanının düz olub-olmadığını soruşdu. Sona suala cavab verə-verə - Allah xeyir eləsin, görəsən nə xəbərdi?» - düşündü və: - Sizə nə lazımdır? - deyə soruşdu.

Qonaq ona qardaşı haqqında bəzi suallar verdi, sonra isə evdə kiminsə olub-olmadığını soruşdu. Sonaya elə gəldi ki, qardaşından nəsə bir xəbər var - özü də şad xəbər. Yəqin qardaşım tapılıb, düşüncəsilə sevindi. Lakin gələnlərin üzlərində az da olsa sevinc əlaməti görmədi. Bu Sonanı narahat etməyə başladı.

Qonaq danışmağa çətinlik çəkirdi. Dili topuq vururdu. Kapitan evə keçmək üçün icazə istədi. Sona təlaşla kənara çəkildi, qonaqa yol verdi.

Qonaqlar gətirdikləri teleqramı ev sahibəsinə verməyə cürət etmirdilər. Teleqramda anaya oğlunun Göstərdiyi şücaətə görə, fəxr ediləcək bir övlad yetişdirdiyi üçün təşəkkür edilir, Vətən uğrunda vəfatına görə başsağlığı verilirdi.

Gələnlər Faiqin cəsədini gətirmək üçün icazə istəyirdilər. Məsələdən xəbər tutan Sona “yazıq anam”! deyərək, fəryad qopardı. Ağlaya-ağlaya:

-Anam sənin gəlişini belə gözləmirdi, ay qardaş, elə mən də...

Xəbəri gətirənlərdən biri Sonaya təmkinli olmağı tövsiyə etdi. Təskinlik verməyə çalışdı:

- Bacım, yaxınlarına xəbər ver, bir azdan qardaşını gətirərlər, hazırlaşmaq lazımdır. Sona havalı kimi otağın bir başındın o biri başına yüyürür, yenidən geri qayıdır, nə edəcəyini bilmirdi. Sona gəlib otağın tən ortasında dayanaraq xəbər gətirənlərin üstünə qışqırmağa başladı:

-Niyə belə oldu? Mən indi nə edim? Yazıq anama bu xəbəri necə verim?!

Bəlkə, anan gələnəcən yaxınlarından birinə deyəsən bacı, olar?

Sonanın yadına dayısı Vəli düşdü. Zəng vurub, ağlaya-ağlaya məsələdən onu xəbərdar etdi. Çox keçmədi ki, dayı həyəcanla özünü bacısıgilə çatdırdı. 

 

***

 

Qara xəbər yüyrək olar deyirlər. Heç bir saat keçmədi ki, bütün qohum-qonşular artıq Səriyyə xalagilə yığışmışdılar. Hamı məsələdən agah idi. Təkcə xəstəxanada xəstə yatan Səriyyədən başqa.  Bir azdan onu da xəstəxanadan gətirdilər.

Faiqi hələ gətirib çıxartmamışdılar. Zavallı ana yenə oğlunu gözləyirdi. Bu dəfə Faiqin ruhsuz bədəni üçün darıxırdı. Gözləri qapıda qalmışdı. Elə bil oğlunun cansız bədəni deyil, özü gələcəkdi...

-Gəl çıx bala, gəl çıx! -deyə hündürdən onu səslədi.

Ana baş-gözünə döyür, nə edəcəyini bilmirdi. Tez-tez qalxıb-oturur, arabir də - Faiq, oğul!- deyə nalə qoparırdı: - Gözümü yollarda qoyan oğul, itkin düşən bala, axı sənin dönməyini belə arzulamırdım - deyib, hönkürürdı. Ananın halı Sonanın  bağrını dəlirdi. Sona gah ağlayır, gah da anasının hayına qalaraq yan-yörəsinə keçir, onu sakitləşdirməyə çalışırdı. Əlindəki yaylıqla anasının göz yaşlarını silən Sonanın gildir-gildir tökülən göz yaşlarını silən gərək idi.

-Sakit dur, ay Səriyyə, Sonanı dəli eləmə,  qorxar, uşaqdır axı – deyən Vəli Səriyyəni sakit etmək istəsə də bacarmadı. Onsuz da Səriyyə qardaşının nə dediyini anlamırdı. Ana  fəryad qoparır, yanıb-yaxılırdı. Halını görənlər ona acıyır, göz yaşlarını saxlaya bilmirdi.

Evin qapısı taybatay açıq idi. Qara xəbərə gələnlər açıq qapıdan birbaşa evə keçirdilər. Gələnlərin arasında qonşu Zeynəb də vardı. Qonaq otağının qapısı yanında duraraq tez-tez giriş  qapısına boylanırdı. Faiqin ölüm xəbəri ona böyük sarsıntı yaşatmışdı. Axı Faiq  oğlunun dostu idi. Zeynəb Səriyyəyə ürək-dirək verdi;

-Ay Səriyyə, hələ bir dur, bəlkə sağdır, nə bilmək olar! Bəlkə də yalan xəbərdi.

Ancaq Zeynəb öz dediyinə özü də inanmadı. Onu narahat edən yuxuları yadına düşdü. Yuxuları onu heç vaxt aldatmırdı. Ürəyi yaman  tələsirdi. Faiqin ölüm xəbərini eşidikdə yuxularının Faiq üçün olduğunu qətiləşdirdi Zeynəb. Bir iki ağız bayatılayan Zeynəb: -Can bala, bu nə xəbərdi belə, bu nə gəlişdi belə gəldin? – deyib Faiqin oduna yandı.

 

***

 

Açıq qalan evin qapısı sahibini gözləyə-gözləyə durmuşdu. Gün artıq qüruba sarı əyilirdi. Günəş şəfəqlərini bu gün sanki həmişəkindən daha tez yığışdırırdı. Batmaq üçün tələsirdi. Faiqi gətirib çıxartmamışdılar. Günün əyildiyinin fərqinə varmamışdı evdəkilər,  Səriyyə xala  və Sonadan başqa.

-İlahi, analar oğul meyitini də intizarla gözləyərlərmiş! -Ay bala, şər də qarışır, gəl, çıxmış gözlərimlə səni görüm! - Ahu-zar etdi Səriyyə xala.  Oğlunun qarası ilə danışa-danışa Səriyyənin  gözləri Sonanı gəzdi. Sona büzüşüb divanın küncündə qalmışdır. Qızının büzüşmüş halını görən Səriyyə xalanın hönkürtüsü bir az da artdı. - «Bu qızcığaza bundan belə kim havadar duracaq Faiq, kim?! Səni kim əvəz edə bilər Sona üçün? Bu dəm qapıdan tələsik və həyəcanla  otağa keçən Vəli:

- Qapıdan çəkilin! Yer hazırlayın, - dedi və gətirilən tabut üçün gözləri ilə otaqda yer aradı.

Tabutun otağa keçməyi ilə aləm bir-birinə dəydi, şivən qopdu. Səs-küy içərisində ağız deyəni qulaq eşitmədi.

Ana ilə Sona  tabutu göydə qamarladılar. Bu mənzərəni görənlərin damarlarında qanı donurdu. Heç kəs onları tabutdan aralamaq cəsarətində deyildi. Sakitləşə bilməyən ananın fəryadı otağın pəncərəsindən havaya süzülüb, gecənin köksünü dəldi. Fəryad qaranlıqda pərdə-pərdə dalğalandı. Havada əks-səda verərək, qaranlıqda əridi.

Ana başına döyə-döyə oğluna qıyanı qarğayırdı. -Balama əl qaldıran, əlin qırılsın! Evin yıxılsın erməni, evimi yıxdığın üçün!

Otaqda olanlar Faiq üçün göz yaşı axıdır, anaya isə ürək ağrısı ilə təsəlli verirdilər. Amma heç bir təsəlli ananı ovuda bilmirdi.

Səriyyə xala birdən hövlnak yerindən qalxdı. Ətrafdakılarıı nəzərdən keçirdi. Otağın açıq qapısından oğlunu gətirən əsgərləri gördü. Ağlamaqdan qızarmış gözlərini onlara zillədi. Ananın baxışlarından əsgərlər büzüşüb, xırdalaşdılar, özlərini günahkar saydılar sanki.

Ana ləngərli addımlarla əsgərlərə yaxınlaşıb gözlərini onlara zillədi. Əsgərlər  gözlərini ananın  baxışlarından  qaçırdaraq, qapının küncünə qısıldılar.

Səriyyə xala amiranə səslə:

- Açın tabutu, dedi.

Özlərini itirən əsgərlər bir-birlərinin üzünə baxdılar. Amma yerlərindən tərpənmədilər.

-Açın, mən balamı görmək istəyirəm! - Bir neçə dəqiqə ortaya sükut çökdü. Heç kimin tərpənmədiyini görən Səriyyə havalı halda çığırmağa başladı.

Nəhayət, əsgərlərdən biri dilləndi: - Ay xala, bağışla, bizə belə bir göstəriş verilməyib. Ana isə heç nə başa düşmək istəmədi.

-Açın!- deyə qışqırmaqda davam etdi. Otaqdakılar özlərini itirmişdilər. İşin necə qurtaracağı hamıya maraqlı idi. Sona donuq baxışlarla anasına baxırdı. Canından titrəmə keçdi. Qardaşının soyuq üzünü görmək istəsə də, buna cəsarətinin çatmadığını  hiss etdi. Lakin qardaşını görmək istəyi  qorxuya güc gəldi.

Əsgərlərdən səs çıxmadığını görən Səriyyə xala üzünü geri çevirdi. Qapı arxasında pəjmürdə dayanmış qardaşına amiranə tərzdə:

-Aç tabutu, oğlumla görüşüb, halallaşacam,-dedi

Vəli onu fikrindən döndərmək istədi: - Sakit ol, ay Səriyyə…

Səriyyə qardaşının sözünü yarımçıq kəsərək: - Mən oğlumu el adəti ilə yuyub, basdıracağam, özü də bu əllərimlə! - deyərək, titrək əllərini qardaşına göstərdi. Vəlidən səs çıxmadığını görən Səriyyə tabutun üzərinə yüyürdü. Dizlərini yerə atıb tabutun qapısını dırnaqları ilə çəkişdirə-çəkişdirə: - Qalx oğlum, Faiq, qalx dur ayağa-dedi.

Yasa gələnlər zənn etdilər ki, Səriyyə xalanın ağlı yerindən oynadı.

Otaqdan  səslər eşidildi:

-Bədbəxtin başı çöndü, deyəsən? Vay, yazıq arvad, bala dərdinə dözmədi. Səriyyə xala elə bir qarışıqlıq qopartdı ki, Sonanın ürəyinin keçdiyindən heç kəsin xəbəri olmadı.

Hamı ananın harayında idi. Bütün bu qatışıqlıq içərisində Səriyyə  xala özü Sonanı  tabutun üzərində  huşsuz gördü. - Sona…- deyə, özünü ona tərəf atdı. Anaya elə gəldi ki, Sonanın ürəyi olanlara dözmədi. Ana Sonanı tabutun üzərindən qaldıranda onun sadəcə, huşsuz olduğunu anladı. Bir balaca toxtadı, Səriyyə xala. Sonanı su ilə özünə gətirdilər. Və onu o biri otağa apardılar. Ana gözünün ucu ilə qızının arxasınca baxsa da, oğlunun tabutunun yanından çəkilmədi.

Vəli bacısının fikrindən dönmədiyini görüb, əvvəlcə Faiqi gətirənlərlə, daha sonra isə qohumlarla məsləhətləşdı. Tabutu açmaq qərarına gəldi. İstədi ki, əvvəlcə meyiti  özü görsün. Çünki meyitin nə vəziyyətdə olduğu heç kəsə məlum deyildi. Bəlkə doğrudan da Səriyyənin onu görməsi məsləhət deyildi.

Səriyyə xalanı bir təhər razılığa gətirərək, başa saldılar ki, kişi xeylağıdır, əvvəlcə dayısı görsə, yaxşı olar, sonra da sən görərsən, dedilər. Məsləhətdən sonra Vəli  camaat toplaşan otağa keçdi, üzünü otaqdakılar tutdu:

- Ay cammat,  sizdən  bir xahişimiz var. Biz uşağımıza baxmaq istəyirik, ricamız budur ki, 5-10 dəqiqəliyə yan otağa buyurasınız.

Səriyyə xala tez dilləndi:

- Mən qalıram!

Vəli əsəbiləşməmiş halda: -Danışdıq axı, Səriyyə. Döz də,  sən də görəsəksən!

Dayı qorxurdu ki, meyit xoşagəlməz vəziyyətdə ola bilər. Bu isə ana üçün ömürlük göz dağına çevrilər. Əgər belə olarsa,  Səriyyəni oğlu ilə görüşməyə qoymayacaqdır. Otaqdakılar yan otağa keçdilər. Kimsənin otaqda qalmadığından əmin olan Vəli arxasınca qapını örtdü. Tabuta yaxınlaşdı. Dizlərini yerə dayaq edərək, əsgərlərin köməyi ilə tabutun ağzını açmağa başladı. Tabut açıldı. Cənazənin üzərinə qırmızı parça verilmişdi.

Meyit gətiriləndən bəri özünü bərk tutan, göz yaşlarını boğan, ağlamayan dayı, bu yerdə artıq özünü saxlaya bilmədi. Gözlərində gilələnən yaş yanağından süzülərək, bacısı oğlunun üzərinə örtülən qırmızı şiləni isladırdı. Vəli Faiqin üzərindəki örtüyü qaldırmağa tələsmədi. Aramsız axan göz yaşlarını cibindən çıxardığı dəsmalla sildi, amma dəsmalı qaytarıb cibinə qoymadı. Həyəcandan əlində didişdirməyə başladı. Beləcə dəqiqələr ötdü.. Elə bil Faiqi görmək üçün tələsmirdi.

Lakin bu, belə deyildi. Dayı  meyiti normal vəziyətdə  görməyəcəyindən örtüyü götürməyə cürət etmirdi.

Nəhayət, Vəli titrəyən əlləri ilə qırmızı şiləni Faiqin üzərindən qaldırdı. Və bir andaca  dəli bir sıçrayış etdi. Dizini yerə qoyub çömbəldiyi vəziyyətdən yaşına yaraşmayan bir tərzdə quş kimi göyə sıçradı. Ayaq üstə tabutun içərisindəki cənazəyə tamaşa etməyə başladı.

Vəli qəribə hərəkəti ilə otaqdakı əsgərlərin təəccübünə səbəb oldu. Dayı gözünü cənazədən çəkərək, əvvəlcə əsgərlərə, sonra isə yenidən tabutdakı cənazəyə baxdı. Yenidən tabuta tərəf əyildi. Meyiti yaxından bir daha diqqətlə  nəzərdən keçirdi, sonra üzünü əsgərlərə tutdu. Və titrək bir səslə:

- Örtün tabutun qapağını, amma bərkitməyin! - dedi.

Vəli asta addımlarla camaatın gözlədiyi otağa tərəf yönəldi. Qapını astaca açdı eyvana tərəf gəldi və sakit səslə bacısını səslədi: - Səriyyə, buraya gəl!

Səriyyə xala qardaşının əlindəki parçaya baxa-baxa qaldı. Eyvana çatandan sonra intizar baxışlarını qardaşına tərəf yönəltdi. Vəli ancaq eyvana çatdıqdan sonra əlindəki örtüyü hiss etdi. O, necə karıxmışdısa cənazənin üzərindəki örtüyün əlində qaldığının, özü ilə gəzdirdiyinin fərqinə varmamışdı. Vəli indi örtüyün hayında deyildi, onu cənazə düşündürürdü. Başını qaldıraraq bacısının nəmli gözlərinə baxdı və aramla dilləndi:

- Səriyyə, tabutdakı bizim uşaq deyil. Səriyyə heç nə anlamadı. 

-Necə yəni bizim deyil?

- Ölən Faiq deyil, başa düşmədin?

- Bəs kimdir? - Səriyyə soruşdu.

-Nə bilim, tanımadım. Gəl, özün bax.  Tabut olan otağa keçdilər.

İndi tabut başqa cür görünürdü Səriyyə xalaya. Daha onu dəhşətə gətirmirdi. Ananın sönən ümidləri yavaş-yavaş təzədən göyərməyə başlamışdı. Otaqdakı əsgərlər ananın gəlişini görsələr də, yerlərindən tərpənmirdilər. Çaşıb qalmışdılar. Çünki məsələnin təfərrüatından bixəbər idilər.

Onlar tabuta yaxınlaşdılar. Vəli tabutun qapağını qaldırıb, bacısına dedi:

- Qorxma, yaxın gəl, bax!

Səriyyə xala tabuta yaxınlaşdı. Tabuta uzadılan, solğun bənizli oğlanı dərhal tanıdı və qışqırdı:

- Boy, ay bala, ay bala! deyə-deyə heyfisləndi.

Vəli soruşdu:

-Tanıdın deyəsən, kimdi?

Qardaşını eşitməyən Səriyyə xala cənazəyə sarı əyildi. - Can bala, can! - dedi. Karıxdı. Bir anlıq daxilən yüngülləşən Səriyyə bilmədi ki, ağlasın, ya sevinsin.

Vəli səbrsizcəsinə sualı yenidən təkrarladı:

-Kimdi, bu?

Səriyyə xalanın sanki  donu açıldı. Suala cavab verməsə də dilləndi:

-Vay, başıma gələnlər! Bəs mən bunun anasına nə deyim?

Səriyyə xalanın közərmiş ümidi təzədən söndü. Bir az əvvəl ağlamağını kəsən Səriyyə xalanın gözləri yenidən yaşardı, ağlamağa başladı.

Artıq səbri  tükənən qardaşı Vəli dedi:

- Səriyyə, sən mənə cavab verəcəksən ya yox?!

- Qonşumuz Zeynəbin oğludur, -dedi Səriyyə.

Vəli mat-məəttəl qaldı. -Allahın işinə bax!-deyən Vəli əlindəki örtüyü Şaiqin üstünə çəkərək, tabutun qapağını bərkitdi. 

Dostların adlarının bir-birinə oxşaması, bir soyadı daşıması,  üstəlik eyni binada yaşaması belə bir qarışıq vəziyyət yaratmışdı.

Bacı-qardaş yaranmış vəziyyətə əncam çəkmək üçün çarə axtarırdılar. Axı tabutu qonşuya keçirmək lazım idi. Ən dəhşətlisi isə  bu xəbəri Zeynəbə vermək lazım idi. Amma necə?

Zeynəbə necə  deyəcəklər ki, ay Zeynəb, ölən sənin oğlundur, buyur götür!

Zeynəb Faiqin ölüm xəbərinə yığışanların arasındaydı. Səriyyə xala heç vaxt belə çətinə düşməmişdi. - Bu nə müsibətdir, ilahi - deyə çırpınırdı

Hamı intizardaydı. Vəligil çıxış yolu tapmamışdılar. Qərara gəldilər ki, hələləik yasa yığışanlara heç nə deməsinlər, qoy elə zənn etməsinlər ki, guya Səriyyə xala öz oğlu ilə görüşdü. 

 

***

 

Gecə yarını ötmüşdü. Acıq pəncərədən külək özünü içəri təpdi. Əsən meh Zeynəbin sifətini sığalladı. Sanki dərdinə məlhəm olacaqdı. Zeynəb şalına büründü. Üzünü geri çevirib, pəncərədən boylandı. Gözünü göyün ənliklərinə dikən ana qaranlıqda kiçik bir ulduzun axdığını gördü. Astaca köks ötürərək yazıq Faiq, ulduzu sönən bala, deyə pıçıldadı.

İndi vəziyyət bir başqa cür idi. Daha nə ağlayan var idi, nə də qışqırıb özündən gedən. Divardakı saat öz işindəydi. Zamanı qayşılayaraq vaxtı qısaldırdı. Səhərin açılmasını gözləyən qonaqlar  tabutu dövrəyə alıb oturmuşdular. Heç kəs heç nə anlamırdı. Əvvəlcə Vəlinin Səriyyənin oğlu ilə görüşü, ardınca Sona ilə gizlicə nə isə danışmaları, daha sonra isə araya çökən səssizlik-sükut, yasa yığışanların marağına səbəb olmuşdu. Səriyyə xala daha ağlamırdı. O, gizli baxışlara gah Zeynəbi süzür, gah da tabuta baxırdı.

Məsələdən xəbərsiz olanlar hadisəni hərəsi bir cür yozurdu. Kimisi Səriyyə xalanın oğlu ilə görüşüb sakitləşdiyini, kimisi isə ağlamaqdan yorulub heydən düşdüyünü zənn edirdi.

Qohumlardan bir neçəsi artıq məsələnin nə yerdə olduğundan xəbərdar oldu. Çıxış yolu tapmaq üçün qonşu otağa yığışmışdılar. Qonşunu duyuq salmamaq üçün isə Səriyyə xalanı tabutun kənarında oturtmuşdular. - Sən otur, ay Səriyyə, nə qədər ki məsələ Zeynəbə çatmayıb belə məsləhətdir, - dedilər.

İki qonşu bir-birinin halına yana-yana tabutun dövrəsində əyləşmişdi. Zeynəb fikirləşirdi ki, Səriyyə yazığın gözləri daha yollardan yığılar. Səriyyə xala isə öz növbəsində: - Yazıq Zeynəb hardan bilsin ki, tabutu yanında əyləşdiyi onun öz oğludur. Zeynəb düşünürdü ki, qonşusunun belə ağır günündə onun yanında olmalıdır. Axı Faiqlə Şaiq dostdurlar.

Səriyyə xala yorğun nəzərlə Zeynəbə sarı dönərək, ay Zeynəb, dur get evə, dincəl bir az, yorulmusan, sabah gələrsən.

-Yox, getmirəm, ay Səriyyə, oturmuşam.

-Heç olmasa bir hovur gözünün çimirini al!

-Bir gecə yatmasam ölməyəcəyəm ki, neynək, dözərik.

Səriyyə Zeynəbin  təkidinə baxmayaraq, onu evinə göndərmək istəyirdi. Elə bu vaxt Vəli yan otaqdan çıxaraq, qonşulara müraciətlə dilləndi:

-Ay qonşular, Allah sizdən razı olsun, zəhmət çəkmisiniz, ancaq xətirinizə dəyməsin, sizdən xahiş edirəm ki, evinizə gedəsiniz ki, biz də dəfn mərasimi üçün bəzi hazırlıqlar görək. Qonşular  incik halda ayağa qalxdılar. Zeynəb də başını buladı. Sakitcə evinə yollandı.

 

***

 

Dəyirmanın dərd üyüdə bilməyəcəyi bir zaman idi. Dərd içində dərd göyərmişdi. Bu dərd tabut boyda göz dağı idi, Səriyyənin evində. Bəlkə qonaq gəlmişdi Şaiq dostugilə? Bu dostların analarının bir-birinə o qədər bayram payları olmuşdu ki. Bəs indi? Paymı göndərəcəkdi Səriyyə qonşusu Zeynəbə oğlunun soyumuş cəsədini?! İlahi, belə qonşu payı olarmı? Dünyanın ən şirin bala payını beləcə vəziyyətlə, hansı üzlə Zeynəbə göndərsin axı?

Tabutu öz ünvanına çatdırmaq lazım idi. Vəligil tabutu ağır-ağır yerindən qaldıraraq dünyanın ən ağır yükünü çəkə-çəkə ünvanına apardılar. Bir neçə dəqiqədən sonra Zeynəbin fəraydı eşidildi. Qapısını döyən qəm yükü artıq öz mənzilinə yetişmişdi.

Sən bu dünyanın işinə bir bax, ay Allah, - deyə Səriyyə xala fikirləşdi. O, Şaiqin tabutunun arxasınca qonşuya adlamadı. Bacarmadı. Ona elə gəlirdi ki, bütün baş verənlərin səbəbkarı odur. Özü çəkə bilmədiyi dərdi çiyinlərindən düşürdərək Zeynəbin çiyinlərinə yükləmişdi axı. Səriyyə xala özünü ona görə suçlu hiss edirdi ki, oğlu qədər xətrini istədiyi, oğlunun dostu Şaiqin  cəsədi onun evindən öz evinə  getmişdi.

Səriyyə xala günahkarcasına oturduğu yerdə büzüşdü, qalın şalına bükülməyinə baxmayaraq, üşüməyə, titrəməyə başladı. Ürəyi quş kimi çırpınırdı.

Səhər açılmaq üzrə idi. Şaiq bu gün son mənzilinə köçəcək. Özünü Zeynəbin yanında günahkar sayan Səriyyə xala onlara hansı üzlə gedəcəyi barədə fikirləşirdi. Əgər belə bir üzü olsaydı, Səriyyə xala artıq çoxdan orada olardı.

Qonşuda ağlamaq səsləri getdikcə yüksəlirdi. Ağlayanların içərisində Səriyyə Zeynəbin səsini aydınca eşidirdi. Zeynəb bayatıyla oğlunu oxşayırdı:

 

Mən aşiqəm, ay oğul,

Şəkər oğul, pay oğul.

Qonşudan pay düşübdü,

Anasına pay ,oğul.

 

Mən aşiq dərdə düşdüm,

Qəribdim, dərdə düşdüm,

Anan ölsun, ay bala,

Dərdindən dərdə düşdüm.

 

Qarabağın bəxti qara,

Düşübdü çətinə, dara.

Olum gözün qurbanı,

Ölmə, ay ciyərpara.

 

Divarın o tayından axıb gələn ağlaşma səsləri Səriyyənin evində əks səda verirdi.  Səsə qoşulub ağlayan Səriyyəni daha heç kəs ovutmurdu. Daha ona ağlama, deyən yox idi. Hamı Zeynəbgildə idi. Eşitdiyi bayatılar  ananı yandırıb-yaxdı. Ürəyini qəm-qüssə ilə doldurdu. Səriyyənin gözləri önündə Faiqin surəti - qara şəvə gözləri, şirmayi qarabuğdayı çöhrəsi, şirin təbəssümü canlandı. Od qalandı Səriyyənin sinəsində, sanki. Dərd dilə gətirdi yenidən onu, dilləndirdi: 

 

Mən aşıq balabanı,

Asta çal, balabanı.

Hamının balası gəldi,

Bəs mənim balam hanı?

 

Səriyyə xala ağlayırdı. Yenə yadına balası düşmüşdü, yenə ürəyi Faiqi istəyirdi.

Səriyyə xalanın gözləri yenidən doldu... Onun gözündən tökülən yaş adi yaş deyil, qəm yağışları idi.

                                      

***

 

Dənizyanı parkda düzülmüş oturacaqların birində gözəl, səliqəli və dəblə geyinmiş bir cavan xanım əyləşmişdi. Əynində son dəbdə olan dəri gödəkcə, başında isə gödəkcəsinin rəngində şlyapası vardı. Qalın bir kitabı əlində saxlamışdı. Ayaqlarına keçirdiyi uzunboğaz yaz çəkmələri onun dəblə ayaqlaşmasından xəbər verirdi. Parkda gəzənlər onun yanından etinasız ötüb keçə bilmirdilər. Gözəl geyimi və valehedici siması ilə çoxlarını heyran edən bu cavan xanımın sanki gözlərinə bir kədər hopmuşdu. Bu kədər onu bir qədər müəmmalı və daha cazibədar görsədirdi. O, əlindəki kitabı əyləşdiyi oturacağın üstünə qoydu. Tibb işçilərinə məxsus olan bu vəsait onun gündəlik mütaliə kitabı idi.

Küləyin qalxmasına baxmayaraq onun başındakı şlyapası tərpənmirdi. Külək onun qıvrım, uzun  saçlarını oynadır, üz-gözünə çırpırdı. Küləyə acıq verirmiş kimi dağılmış saçlarını üzündən kənarlaşdırmayan bu xanım kənarda oynayan bir oğlan uşağını gözdən qoymurdu. 

Dörd-beş yaşlarında olan bu oğlan uşağı əlindəki oyuncaq silahla səkinin kənarında o yan-bu yana qaçır, gəlib-gedənlərə atəş açırdı. Erməniləri qırdım deyə, sevinirdi. 

Deyəsən, xanım yorulmuşdu. Ağır-ağır yerindən qalxdı və oğlunu səslədi. Faiq, gecdir artıq, oynadığın bəsdir. Evə gedirik, Səriyyə nənən bizi gözləyir.   

 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 23 ziyaretçi (52 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol