(Hekayə) Donuqgöz

-------

Donuqgöz

 

(Hekayə)

 

…Yəqin ki, indi öpər… Dodaqların təması alından yanağa qədər uzandı. Hə, hə elə indi…Yenə yan keçdi. Bu öpüşü elə istəyirəm ki…

İri kobud əllər bütün vücudmu gəzdi. Üzünü üzümə sürtdü. Ah, od tutub yandım. Sən Allah, qurtar görək! Öp, öp dodaqlarımdan!

Pəncərəsi dəmir sexinə açılan iş otağımı dəmir mişarlarının səs-küyü doldurmuşdu. Kip bağlanan plastik pəncərə səs-küyün qabağını ala bilmirdi. Bu dəqiqə həyətdə bomba partlatsalar belə vecimə deyil.

 -Nə donuq baxışları var! Gözlərindən heç nə oxuya bilmirəm. Görəsən, nə fikirləşir? Könlünə yatırammı? Yəqin ki, yatıram, Yoxsa, o boyda yolu basa-basa yanıma gəlməzdi ki. Könlünə yatıramsa, bəs, o zaman niyə məni öpmür?  Sifətini sifətimə sürtə-sürtə qalıb. Elə bil üzünün gicikməsin götürür.

Otağa dolan səs-küyə cib telefonunun səsi də qatılır. Telefonunu çıxartmaq üçün qara paltosunun ciblərini qurdalayır:

-Alo. Bəli, eşidirəm sizi. Yox, yox uzaqda deyiləm. İndi gələrəm. - Telefonu cibinə qoyur və dillənir:

-Getməliyəm. Sağ ol!

Ürəyimdə zəng çalana qarğıyıram: Əllərin qurusun! Vurğunun güclü gəlsin, zəng çalan! Qoymadı ki, bircə dəfə dodaqlarımdan öpsün.

Arxasıyca çırpılan qapıya ümidlə baxır və düşünürəm: -Bəlkə qayıdar?!

Divara vurulmuş qırıq güzgüyə yaxınlaşıram. Gödək, qara saçlarıma əl gəzdirir, diqqətlə üzümə baxıram. Pıçıltıyla:

-Deyəsən, uzunsov sifətim bir az da uzanır. Uşaq vaxtı atam evində pilləkənlərdən  yıxılıb, çapdığım burnuma bir bax.

-Tfu! Necə də gözə çarpır! Güzgü də ki, mənə düşmən kəsilib elə bil. Hər dəfə ona yaxınlaşanda eybəcərliyimi bəbəyimə soxur. Allaha qurban olum, məni yaradanda  gərək elə əntərə bənzəyən atama oxşadaydı?! Eh, cəhənnəmə ki, onsuz da kişilər izdivacda olduğu qadının eybəcərliklərini görmürlər. Arvaddı, vəssalam! Bu donuqgöz məni öpsəydi…

Bədbəxt oğlu, lap killerə bənzəyir. Sanki öldürdüyü adamların donmuş baxışlarını gözlərinə həkk etdirir. Gecdir, getməliyəm. Cib telefonum zəng çalır. Baxıram. Donuqgözdür. Təsəvvür edə bilməzsiniz necə sevinirəm. Cavab verirəm:

-Bəli.

-İşdəsən?

-Hə.

-Düş aşağı, səni maşında gözləyirəm.

   

                                                         ***

Xarici markalı maşın əyri-üyrü dalanları keçərək sapsarı boya ilə rənglənmiş bir darvaza qarşısında dayandı. Sarı darvazaya baxıb, ürəyimdə:

-Axmağın biri, bu nə rəngdir, darvazaya çəkdirmisən?! 

Qapını açıb, maşını çox da böyük olmayan həyətə saldı. Maşından düşdük. Donuqgöz mənə «xoş gəldin» elədi. Sonra addımlarını yavaşıdıb, məni özündən qabağa buraxdı. Amma həyətdəki ala pişik cəld tərpənərək özünü məndən əvvəl evin dəmir qapısına çatdırdı. Əl pəncələrini qapının aşağı hissəsinə qoyub, səbrsizliklə qapının açılmasını gözləydi. Vəhşi çöl pişiyi olmasına baxmayaraq, bəxti gətirmiş, belə gözəl evdə yaşamağa müəffəq olmuşdu. 

O, qapını ləng açdı. Səbrsizcəsinə:

-Tez ol, soyuqdur! Mənə yazığın gəlməsə də pişiyə yazığın gəlsin. Qapını cırmaqlamaqdan çaynağını qopartdı - dedim. Nəhayət, qapını açdı. Bizdən qabaq içəri təpilən pişik özünü giriş qapısıyla üzbəüz olan mətbəxə saldı. Ev sahibi paltosunu soyunmamış pişiyi çağırdı:

-Dobuş, Dobuş, buraya gəl. Sahibinin səsini eşidən Dobuş geri dönüb, özünü sahibinin ayaqlarına sürtdü. Donuqgöz əyilərək pişiyi qaldırdı. Əvvəlcə başını sığalladı, sonra marçıltıyla öpərək yerə tulladı. Pişik ləzzətlə gərnəşib, özünü mətbəxə verdi.

Onun hərəkətlərinə tamaşa etdikdən sonra bu qənaətə gəldim ki, bu pişik onun üçün çox dəyərlidir. Bütün bunlardan sonra o, məni yadına saldı, dayandığı qonaq otağının qapısı ağzından çəkilib: - Keç içəri -dedi.

Çox da böyük olmayan qonaq otağında səliqə-səhman hökm sürürdü. Stolun üzərində bahalı güldanda tər qızılgüllər qoyulmuşdu. Geniş pəncərəyə bahalı, qalın pərdələr  asılmışdı. İlk ağlıma gələn sual: - Görəsən, evin sahibəsi var? Bu düşüncəmin arxasınca: - Eh, mənə nə var, bir gecəlik bu evdəyəm. Sabah tezdən çıxıb gedəcəyəm - dedim.  

Ev sahibi qonaq otağına keçdi. Məni ayaq üstə görüb:

-Hələ ayaq üstəsən? Paltonu soyun, əyləş, dedi və yenidən otaqdan çıxdı. Bir neçə saniyədən sonra səsi eşidildi: -Dobuş. - Pişiyini çağırırdı.

Vaxt gedirdi. O, isə qayıtmaq bilmirdi. Ürəyimdə: -Buna bax bir, mən boyda adam qalıb, pişiyə vaxt ayırır. Nəhayət, qayıtdı. Elə bil ürəyimi oxumuşdu. Üzümə baxmadan izahat verdi:

-Dobuş səhərdən acdı. Onunçün də mətbəxdən əl çəkmir, yeməyini verdim. Əlini yan otağa uzadıb, qonşu otağı göstərərək: - Keç yataq otağına, soyun, gəlirəm -dedi.

                                                      

                                                          ***

Ev sahibinin fısıltısı yataq otağını bürümüşdü. İçimdə əsəbləşsəm də büruzə vermirdim. Amma ürəyimdə söyürdüm: - Donuzun biri, donuz. Fısha-fısla dürtüşdürməyi bilir elə. Sığalsız-tumarsız. Darıxmış halda əllərimi dodaqlarıma çəkirəm. Öpüşə həsrət, təşnələnmiş dodaqlarıma.

Yenə telefonu səsləndi. İşini yarımçıq qoyub, telefonu açdı. -Tfu. Lənətə gələsən,  -dedim.

-Şəkli var? İndi ünvanı de. Onun bu sözlərini eşidəndə dəhşətə gəldim. İlahi, o, doğrudan da killermiş!

Yataqdan qalxdı. Tez tələsik geyinib: -Heç hara tərpənmə, iki-üç saata qayıdıram-dedi. Üzümə qapını bağlayıb, getdi. Ərincək halda pambıq mələfənin altında dartındım. Ayağım yumşaq nəyəsə toxundu. Ayağıma dəyən yumşaq şeyin nə olduğunu bilmək üçün mələfəni üstümdən qaldırdım. Yumurlanıb ayağımın altda yatan Dobuşu gördüm. Uca səslə: -İyrənc şey! Sən mətbəxdə deyildin?! – dedim.  

Donuqgözün pişiyi necə öpdüyü yadıma düşdü. Qısqanclıqla pişiyə bir təpik ilişdirdim. Pişik çarpayıdan yerə düşdü. Miyoldayaraq otağın küncünə çəkildi. Çilə bələnmiş gözlərini üzümə dikərək yazıq-yazıq miyoldamağına davam etdi. Pişiklərə nifrət edirdim. Məhz ona görə ki, iyrəndiyim siçanları yeyirlər. Təsəvvürünüzə gətirin, o zaman necə də iyrənc mənzərə alınır.

Ev sahibi yadıma düşür. Hara getdi görəsən? Qorxudan ürək edib soruşmadım da. Yəqin ki, bir azdan qana bulanmış əlləriylə geri dönəcək. İndilərdə qayıdar, təzə bir ölünün donmuş baxışlarını gözlərində həkk etdirərək.

Dobuş yerindən tərpənməmişdi. Daha miyoldamırdı. Marça-marçla pəncəsini yalayırdı. Ağlıma qəribə fikir gəldi. Mehriban səslə pişiyi çağırdım:

-Dobuş, piş-piş… Bəri gəl görüm! Gəl, yaxşı pişik, gəl… - Pişik yerindən tərpənmədi. Amma yazıq-yazıq miyoldadı. Ona  yaxınlaşdım. Qaçmadı.

-Sənə baxım görüm. - Pişiyi əlləşdirdim.

Qəhqəhəm otağı bürüdü. Kənardan baxan olsaydı, dəli olduğumu zənn edərdi. Pişiyin cinsini yoxlayırdım. Sahibinin cinsindən imiş. Əlimi pişiyin pəncələri altına keçirdərək üzümbərari qaldırdım. Beynimi deşən qəribə ideyanı həyata keçirtmək istəyirdim…

                                                

                                                        ***

-Hə, cinsi vəhşi, özü mədəni olan pişik. Sahibinin yerinə mənimlə öpüşərsənmi? Dodaqlarımı pişiyin siçan yeyən ağzına bərk-bərk sıxdım. Dəliləşən pişik çabalamağa başladı.

Elə bu zaman sifətimdən dəhşətli ağrı qopdu. Pişiyi yerə tullayıb, üzümü tutdum. -Pişik üzümə nə etdi, görəsən?! Dəhlizə qoyulmuş ayaqlı güzgüyə tərəf yüyürdüm. Pişik qalın dırnaqlı çaynağını gözümün altından keçirdərək, yanağımla üzüaşağı şırımlamışdı. Əl çantamdan dəsmalımı çıxardıb, üzümün qanını sildim. Pişiyin dırnağı üzümdə dərin şırım salmışdı. Silməyimə baxmayaraq yenidən qanla dolan şırımdan qan süzülüb, sağ döşümün giləsinə düşdü. Bağırdım: -Lənət olsun! Burnumdakı çapıqdan sonra yanağımda ikinci çapıq! Ağlımı oynatmışdım. Pişiyə: -Murdar şey, səni öldürəcəm!-dedim.

Bir neçə dəqiqənin içərisində səliqəli qonaq otağında səliqə-səhmandan əsər-əlamət qalmadı. Pişiyi tuta bilmirdim. Pişik günahsızcasına miyoldaya-miyoldaya əlimdən canını qurtarmağa çalışırdı. Otağın o küncündən, bu küncünə tullanır, otaqdakı əşyaları aşıraraq evi alt-üst edirdi. Onu elə çarpayının başındaca yaxalamışdım ki, vəhşi bir sıçrayışla pəncərədən asılmış ağır pərdənin yuxarı hissəsinə tullandı və iti caynağını pərdəyə keçirdərək üzüyuxarı dırmanmağa başladı. Əlimə keçəni pişiyə tolazladımsa da onu pərdədən qoparda bilmədim.

Pişik daha yazıq-yazıq miyoldamır, iti dişlərini göstərərək it kimi üstümə mırıldayırdı. Mırıldadıqca əsəblərimi cilovlaya bilmirdim. Var qüvvəmlə pərdəni asılqandan qopardıb, yerə saldım. Pişiyə pərdə arasından çıxmağa fürsət vermədən onu pərdəqarışıq qamarladım. Boğazından tutub, iki əllə bərk-bərk sıxmağa başladım. Pişiyin donbalıb həlqəsindən çıxan gözlərinə baxa-baxa:- Öl, murdar şey, öl! -deyə bağırırdım. Əlimdə çırpınan pişik nə qədər çalışsa da, kilidlənmiş barmaqlarımın arasından çıxa bilmədi. Nəhayət, sustaldı.

O, gəlmişdi. Qapıya salınan açarın səsini eşitmişdim. Özümü itirdiyimdən nə edəcəyimə qərar verə bilmirdim. Bu ölü pişiyi neyləyəcəyəm? -sualına cavab tapmaq çox gec idi.

Ev sahibi qonaq otağının yanından keçərkən açıq qalmış qapıdan içəri boylandı. Sınmış güldana, əzilmiş qızılgüllərə, yerindən qaçmış xalcaya, qopmuş pərdəyə, ümumiyyətlə, darmadağın olan otağa baxıb heç nə anlamıdı. Yalnız üzünü mənə sarı çevirən zaman nə baş verdiyinin  fərqinə vardı. Donuq gözlərində qəzəb qığılcımları oynadı.

Ölmüş pişik əlimdəcə donub qalmışdım. Artıq bundan belə nələrin baş verəcəyini anlamaq iqtidarında deyildim. Ancaq bilirdim ki, xoşagəlməz şeylər yaşayacağam. O, əlimdə sallanan pişiyə baxa-baxa: -Sən önu öldürmüsən? Fahişə! –deyib üstümə atıldı. Bədənimə dəyən zərbələrin acısını hiss etmirdim. Ürəyimdən keçənləri dilimə gətirə bilməsəm də içimdə:

-Əcəb oldu sənin özün kimi murdar pişiyinə, qatil! - dedim.

                                                    

                                                       ***

Havanın soyuğluğu iliyimə işləyirdi. Hara getdiyimi özüm də bilmirdim. İlk dəfə gördüyüm və bir daha heç vaxt görməmək arzusunda oduğum sarı darvazadan çıxanda bəlkə də səhərüzü idi. Çəkdiyim iztirabları qoyub çıxdığım evdə ev sahibi yəqin ki, bəxti gətirməyən pişiyi üçün yas tuturdu. Düşündüm; ürəyi belə kövrəksə, bəs, elə isə öldürdüyü insanlar…

Döyülməkdən əzilmiş çiyinlərim üstən qanrılıb diqqətlə darvazaya baxdım. Ürəyimdə: Atalar düz deyib: -Mal sahibinə oxşayar, - dedim. İçəridə, pişiyinə yas tutan ev sahibinin qarasına ağızdolusu tüpürdüm...

 

                                                      ***

Küçənin kimsəsizliyi, heç bir nəqliyyat vasitəsinin olmaması, üstəlik də qapqara gecənin qorxusu məni vahiməyə salırdı. Bu qara gecədən mənə ancaq gecənin qara xatirələri qalacaqdı...

Əlimi dodaqlarıma çəkdim. Bərkdən dedim:

-Donuqgöz əclaf, bircə dəfə olsa da belə dodaqlarımdan öpmədi…

 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 68 ziyaretçi (169 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol