Ölü ilə dirinin dostluğu

--------------

 

Ölü ilə dirinin dostluğu

 

-Nə qəribə şəhərdir?! Təpənin döşündə, küləkli. Görəsən, bu şəhərin sakinləri  mehdöyən məskənlərini sevirlərmi? Yəqin ki, sevirlər! Amma şəhərin sakinləri gözə dəymir. Yəqin hava isti olduğundan evlərinə çəkiliblər. - Sunay bütün bunları fikirləşə-fikirləşə şəhər bildiyi təpəyə tərəf addımladı. 

Təpənin ətəyində köhnə Zil markalı maşın dayanmışdı. Adama elə gəlirdi ki, bu maşın elə bu dəqiqəcə təpədən üzüaşağı diyirlənəcək. Sunay fikirli halda təpəyə sarı addımlayır, orada yaşayan sakinlərə yetişməyə can atırdı. Elə bu zaman orta yaşlı bir qadın əyri qıçlarını bir-birinə dolaşdıra-dolaşdıra onun yanından yüyrək halda keçərək təpəyə dırmanmağa başladı. Qəribəsi o idi ki, qadının əyri qıçları onun iti yerişinə xələl gətirmirdi. O, maşına çatıb dayandı. Əvvəlcə təpədən aşağı, sonra isə maşına nəzər yetirdi. Maşının qapısını çətinliklə açıb, kabinəyə əyləşdi. Maşını işə salıb, mühərriki qızdırmadan qaz verərək, geri sürdü. Təpəyə dirənən cığıra düşərək torpaq yolda toz qaldıra-qaldıra, gurultulu səslə şəhərin ətəyindən sürətlə ötüb keçdi. Yolun tozu duman kimi təpəni bürüdü. Təpəni bürüyən toz tezliklə seyrəlməyə başladı. Toz seyrələn zaman Sunay təpənin ətəyində, sağ əli belində dayanmış, kəsik xurmayı saçlı, şux, qamətli, gözəl bir qız gördü. Qızın sol əlində ipək yaylıq vardı. Meh onun yaylığını minarəyə asılan bayraq kimi xəfifcə dalğalandırırdı. Sirli baxışlı bu gözəlin çöhrəsində narazılıq əlamətləri görsənirdi. Sunay ürəyində: -Nə gözəl qızdır-deyə düşündü. - Görəsən, burada nə üçün dayanmışdır? Bəlkə hara isə getmək istəyir? Axı burada heç bir dayanacaq-filan yoxdur. 

Sunay artıq qıza yaxınlaşmışdı. Tövşümüş nəfəsiylə astaca - salam, - dedi. Nəzərləri “Zil maşının getdiyi yola sancılıb qalan qız baxışlarını yoldan çəkərək geri çevrildi. Cingildəyən qəribə səslə:

-Əssalamun əleyküm, ey fani dünya yolçusu! –dedi.

Sunay onun baxışlarında qeyri-adilik gördü. Ona elə gəldi ki, sözlər onun ağzından yox, daxilindən qopub gəldi. Çünki qızın dodaqları belə tərpənmədi. Üşəndi: - Bəlkə bu qız…

-Deyəsən, bizlərdən kimi isə yad etməyə gəlmisən? -deyə qız onun düşüncəsini paraladı. Qızın sözlərindən sonra Sunay bir anlıq başını qaldırıb şəhərə nəzər saldı. O andaca qorxudan içini çəkdi. Kiçik şəhər bildiyi bu məkan böyük qəbiristanlıq imiş. Ağ və qara mərmərlərlə bəzədilmiş qəbiristanlıq. Ürəyində:  -İlahi, yoxsa, bu qız…Yox, yox, ola bilməz, - deyə, özünü inandırmağa çalışdı. Bu, bir yuxudur. Hə, yuxudur deyib, öz-özünü sakitləşdirdi. Qıza yaxınlaşıb diqqətlə baxdı. Onun əynindəki ağ, ətəyi qırmızı zolaqlı ipək don qabarıq sinəsinin gözəlliyini ön plana çəkmişdi. Bütün xırda fərdilikləri birləşərək, ümumilikdə onda bütöv bir gözəllik etalonu yaradırdı. Lakin onun ümumi gözəlliyi üzündəki yorğunluğunu üzündən silə bilməmişdi. Sunay maraqla soruşdu:

-Adın nədir?

Qız yorğun tərzdə: - “Xurşudə” -dedi.

-Yorğunsan?

- Çox. Dincəlməyə qoyurlar ki… Bayaqkı o əyriqıç arvadı gördün?

-Gördüm.

-Bu qadın burada hər gün səs-küy qaldırır. - Qız əlini yaxınlıqdakı məzara uzadıb, - mənzilim də ki görürsən, düz yolun kənarındadır, - dedi. Sunay onun əlini uzatdığı səmtə baxdı. Göstərdiyi qəbirin ağ mərmər başdaşından qızın əksi boylanırdı. Sunaya hər şey aydın oldu. İlahi, o, bir ölüdür!

                                                          

***

Sünay özündə deyildi. Qız isə hey deyinirdi: -Qoymurlar, qoymurlar bircə gün rahat yataq. - Bir-birinə söykənəcəkli, yeni tikilən evləri göstərib - bir ora bax! - dedi.

Doğrudan da yeni tikilən evlər artıq qəbiristanlığa qədər gəlib çatmışdı.

-Bir soruşan yoxdur ki, siz dirilərə yermi qəhətdir ki, gəlib biz ölülərlə yanaşı yatırsınız. Hələ bu təzə tikilən evə diqqət yetir. Əyriqıç arvadın evidir. Hasarını düz mənim başdaşıma dirəyib. Soruşan olsa, qonşun kimdir? Nə cavab verəcək, hə? Deyəcəkmi, qonşum - rəhmətlik  Xurşudədir?!

Sunay qorxmuşdu. Qızın dediklərindən heç nə anlamırdı. Ürəyində: - O, bir ölüdür! O, danışır, İlahi. Ölülər də danışarmı?! Yox, yox, onun heç dodaqları belə tərpənmir. Amma səsi çıxır. İlahi, mən deyəsən, dəli oluram. Qaçmalıyam!

Sunay qorxu içərisində yavaş-yavaş qızdan ayrılıb qaçmaq istəyirdi ki, Xurşudə iti nəzərlərələ ona baxıb: -Sən mənim yanıma gəlmisən? – deyə soruşdu. - Sunayın dili topuq çaldı. Özünü ələ alıb: - Yox, yol keçirəm, dedi.

Qız əsəbiliklə:

-Görürsən, bizi narahat edənlərdən biri də sənsən. O biri yoldan keçə bilmirsən? Gəlib yanımızdan keçərkən bu qəbiristanlığın əhliubulları üçün müqəddəs «Əlhəmdürullah»ı da dilinizə gətirmirsiz. Bir salavat çəkmək çətindir ki, onu da bizlər üçün qıymırsız?! Elə bilirsiz sizlər bura gəlməyəcəksiniz?! Acgözlər, bu dünyanın ətəyindən bərk-bərk tutmayın.  - Buraya gəl, dedi, Sunaya. Yaxın gəl, gəl…

- Qız Sunayla əsəbi danışsa da içində ona qarşı mehriban hisslər baş qaldırmışdı.        

Sunay qaçır…qaçır…Xurşudə isə ondan əl çəkmirdi. Ardınca düşərək onu qovurdu. Sunayın bağrı artıq yarılmaq həddə çatmışdı. Ayaqları yer tutmurdu. Nəhayət, Xurşudə onun başının üstünü kəsdirib, mülayimliklə:

-Nə var qorxub qaçası?! Mən elə sanmışdım ki, sən mənim yanıma ziyarətə gəlmisən. Sevinmişdim. Axı mənim kimsəm yoxdur.

 

***

Artıq səhər açılırdı. Sunay yarıyuxulu gözlərini açdı. Bütünlüklə tər içərisində idi. Çarpayıdan qalxıb, pəncərəyə yaxınlaşdı. Pəncərədən görünən qəbiristanlığa diqqətlə baxdı. Dodağı altda həyəcanla öz-özünə: - Deyəsən, mən onun qəbrini orada görmüşəm, - dedi. - Dəqiq yadıma sala bilmirəm. Hə, yadıma düşdü. Düzdür, orada, yolun kənarındadır.

Sunay işə tələsməsə də tələsik geyinib, səhər yeməyi yemədən evdən çıxdı. Hər gün keçib-getdiyi yolun səmtini bir balaca dəyişdirərək qəbiristanlığa yanaşdı. Qızın qəbrinin harada yerləşdiyini təxminən bildiyi üçün həmin istiqamətə yönəldi. Bir neçə metrlikdən qızın qəbrini gördü. Həyəcanla:

-Aman Allah, budur, yuxuda gördüyüm qızın qəbri!

Daha qəribəsi isə yuxuda gördüyü əyriqıç qadının ona sarı gəlməsi idi. Onun arxasınca asta-asta gələn balaca yük maşını əyriqıç arvadı keçərək qarşıdakı qəbirlərin arasında dayandı. Maşından düşən sürücü:

-Burada elə də daş yoxdur. Bəlkə o tərəflərə baxaq?! Onun dinmədiyini görən sürücü nəyi aparacağıq, aparmalı bir şey yoxdur?!-dedi. Arvadın cavab vermədiyini görən sürücü sualını təkrarladı: -Nəyi aparım?

Əyriqıç arvad Xurşudənin sınmış başdaşının aşmaması üçün dirək yerinə söykədilmiş iki üstbəüst kubiki göstərərək: - Budey, bu artıq daşları!  Əyriqıç arvad sürücüyə göstərişini verəndən sonra oradan aralanıb, qəbirlərin arasıyla qəbiristanlığın dərinliyinə, növbəti daşı axtarmağa getdi. Sürücü onun arxasınca deyindi:

-Zalımın qızı yumurtadan yun qırxır. Hasar hördürən görmüşdüm, daha beləsini yox. Qəbiristanlıqlardan daş yığa-yığa hasar hördürmək olar? Kafirə dönmüşük.Dirilər qalıb, artıq ölülərdən umuruq. - Dediyi sözə peşman olmuş kimi;- Əstəğfürullah! - deyərək, narazı halda Xurşudənin qəbrinə yaxınlaşdı. Daşı götürmək üçün əlini başdaşına sarı uzatmışdı ki…

Baş verənləri görən Sunay sürücüyə amiranə səslə: -Toxunmayın!-dedi.

Sürücü: -Baş üstə bacı, mən buyruq quluyam, pulumu alıb, işimi görürəm, toxunma deyirsən, toxunmaram.

 Sunay  Xurşudənin qəbrinə yaxınlaşıb, qəbrin ayaq tərəfində dayandı:

 -Hə, bu sənsən! Yuxuda gördüyüm. Xoş gördük! Sən də mənim kimi yalqızsan deyəsən? Ah, biçarə, talesiz, bəs sən niyə yalqızsan? Maraqlıdır, kimsən, kimin nəyisən? - Sualına cavab almasa da susmadı Sunay. Çantasından əl dəsmalını çıxardıb Xurşudənin başdaşındakı tozlu, ləkəli şəklini təmizləyə-təmizləyə şəkildən soruşdu:

  - Ah! Gözəl Xurşudə, sənə qıyanmı olmuş və ya Tanrı buyruğu ilə əbədi mənzilinə köçmüsən? Kimliyini bilməsəm də, gözəl olduğunu bilirəm! Bəzən gözəllərin taleyi kəm olur. Elə sənin kimi.

Sunay susub, sükutla üfüqə baxdı: - Bax, günəş də parlayır. Sənin qəbrin üzərinə indicə al şəfəqlər doğacaq! Ürəyində isə bu günəş çıxacaq da, batacaq da! Amma sənsiz - düşündü, Sunay.

Gün qəbirstanlığa tərəf can atırdı. Günəşin çıxmasını seyr edən Sunay gözlərini üfüqdən çəkib, qəbirə sarı çevirərək söhbətinə davam etdi:

-Hə, düz deyirsənmiş, mənzilin lap yolun kənarındayımış. Deyirdin, səni ziyarət edən olmur. Üzülmə. Səni tez-tez ziyarətə gələcəyəm. Lap istəsən hər gün gələrəm. Dilsiz fağır, bilirəm, dillənə bilmirsən. Eybi yox, onsuz da sənin düşüncələrin artıq mənə məlumdur.  Bilirmisən, dərdləşməyə kimi isə gəzirəm. Niyə bu sən olmayasan?! Hə, gözəl Xurşudə, demək səni narahat edirlər? Daha səni heç kəs narahat edə bilməz. Buna icazə verməyəcəyəm! ...Budur, günəş tamamilə doğdu. Al şəfəqlərə boyanmış şəklin də gülümsəyir artıq. Yəqin, ziyarətinə gəldiyimçün özünü xoşbəxt sanırsan, deyilmi?!  Ah, gözəl Xurşudə, bilirsənmi, elə mən də ölü kimi bir şeyəm. Yalqızam. Sənin ziyarətçin, mənimsə bu boyda kainatda sevənim yoxdur!

Bu sözlərdən sonra Sunaya elə gəldi ki, qızın gözlərinə şəkildəcə pərişanlıq çökdü.

-Mənə yazığın gəldi? Yox, yox gəlməsin! Çünki günahkarı özüməm. Gəl, dost olaq! İstərsənmi? Yəqin ki, istərsən! Görəsən, bizi anlayarlarmı?

Sunay qımışdı. Sözlərinə bir anlıq ara verib, yenidən dilləndi:

-Ölüylə-dirinin dostluğu! Maraqlıdır deyilmi?! Lap yadımdan çıxmışdı. Biz ki, artıq dostuq! Məni yenə görmək istəsən yuxuma gəl, qorxma, narahat edəcəyin kimsəm yoxdur, gəl. Gözləyəcəyəm. Artıq getməliyəm. İşə tələsirəm. Yenə ziyarətinə gələcəyəm. Gələcəyəm, sənin ilə dərdləşməyə.

Sunay Xurşudənin məzarından bir  necə addım aralanmışdı ki, kimsə ona sanki pıçıltılı səslə:  -Bəs, «Yasin»?! –deyə sual verdi.

İşə tələsən Sunay hələ səhər tezdən qəbiristanlıq qapısının ağzını kəsdirən mollanı razı salandan sonra xoş «Quran» sədaları altında qəbiristanlığı tərk etdi.                            

 

 

------

Səfil

 

Esse

 

- Sənə telefonu verə bilmərəm. Bu telefonu yerə vurub, qıracağam. Ağlamaq istəyirsən? Ağla. Göz yaşları səni ovutmaq üçündür. Özü də vaxt keçir, dur get işinin dalınca. Nə sən, nə də mən peşmanlıq çəkməyək.  Bəlkə də belə daha yaxşıdır, dedin.

Görəsən gedimmi? Getmək üçün qapını açmaq lazımdır - tezliklə üzümə ömürlük bağlı qalacaq qapını. Əynimə geyindiyim yaşıl rəngli donumun ətəklərı küskün görsənən söyüd ağaclarının budaqları kimi - getmə - deyə əl-ayağıma sarmaşıb. Görəsən, hava soyuqdur, yoxsa mən üşüyürəm?

İndi də istidən yandım. Yandım, ay Allah!!! Çıx get, ya da mən çıxım gedim. Ayrılaq...

Ah,  ayrılaq kəlməsinə necə də tez razılaşdın. Deməli, bunu istəyirsənmiş. Qoy belə də olsun! Məni yola salanda dalımca niyə ağladın görəsən? Ayrılıq baş verdiyi, yoxsa ayrılığa sevindiyinçün?!  

Bu da iş yolumun üstündəki dar dalan. Səhərın gözündə bu dar dalanda şehli yol üzərində buynuzlarını çıxaran ilbizləri hündürdaban duflilərimlə əzib keçirəm. Mənə elə gəlir ki, səni əzib keçdim. Axşama qədər iş yerimdə başımı birtəhər qatacağam. Bəs sonra...

İlahi, doğrudan mən axşam haraya gedəcəyəm?

Bu da geniş pəncərəli iş otağım. Bu nədir? Bu musiqi nömrəsini kim oxudur? Türk müğənnisi Kibariyə ilə Xumar Qədimovanın birlikdə oxuduqları  “Ayrılıq” mahnısının sədaları otağı başına bürüyüb. İlahi, indi mən iş yerimdə necə əyləşim?!

İş vaxtı bitdi. Getməliyəm. Evə qayıtmayacağam. Bəs hara gedim? Qarşımda haçalanan bu yolların hansına səmt alım? Ayağım altında sağa-sola boş-boşuna tapdaladığım yolları bezara gətirdim. Budur, axşam düşdü. Hara gedim? İlahi, ağlım qarışdı. Hara gedəcəyimi ağlım kəsdirmir. Qoy ayaqlarım məni çəkib hara aparır aparsın. Bəlkə uzaqdan görsənən körpüyə pənah aparım? Ürəyim istəməsə də ayaqlarım məni səfillərə qoşur. Ah, zavallı, səfil canım!

 

----

Qanlı beşik

 

Köhnə, taxta beşik asta-asta yırğalanırdı. Dünyanın çirkinliklərindən, çətinliklərindən xəbərsiz körpə beşikdə qayğısız yatırdı. Cavan ana körpəsinin başı üzərində dayanıb gözləri ilə balasını oxşayırdı. Oğlunu oyatmamaq üçün laylasını dilinə gətirməsə də ürəyində körpəsinə şirin laylay çalırdı. Körpə qımıldandı. Kipriklərini bir-birinə çırparaq gözlərini açdı. Ana oğlunun üzünə gülümsədi. Onu beşikdən götürdü. Boşalan beşik sahibsiz qaldığı üçün sanki incidi. Zarıyırmış kimi səs çıxartdı. Ağlayan insan təəssüratı bağışladı. Anaya elə gəldi ki, beşikdə kimsə var. Beşiyə baxmaq istəyirdi ki, elə bu zaman həyətdən onu kiminsə çağırdığını eşitdi. Oğlunu ehtiyatla köksünə sıxıb evdən çıxdı.

Ağappaq geyimli, ağ saqqalı sinəsinə tökülmüş nurani bir kişi gözlərini asimana dikib dayanmışdı. Nurani insan tanış dyildi. Qadın kişiyə yaxınlaşdı:

- Salam.

 Kişi gözlərini göydən çəkməyərək onun salamını aldı. Sonra əlini göyə - başı üstünə uzadaraq:

- Qızım, bir ora bax, - di. 

Ana başını göyə qaldırdı. Baxışlarını tələsmədən, asta-asta sürünən buludların ətəyindən asdı. Göy üzündə yağış yüklü qara buludlar çırpınırdı. Nurani kişi dayandığı yerdən həyətin taxtadan olan kiçik çıxış qapısına tərəf boylandı. Qapı açıq idi. Üzünü anaya tərəf çevirib:

-Arxamca gəl, - deyib, açıq qapıya sarı yönəldi.

Ana gözlərini buluddan çəkib, kişinin arxasınca getdi. Qucağındakı körpəsini yadından çıxarmış kimi qayğılı görsəndi. Körpə özünü yada salırmış kimi qığıldadı. Ana körpəsinin üzünə baxıb, qayğıyla gülümsədi. Sonra yenidən nəzərlərini yola yönəltdi. Daha sonra qocaya sarı çevrildi. Uzaqlaşan ana qocaya çatmaq üçün addımlarını yeyinlətdi. Qocanın hara getdiyini, onu da arxasınca hara apardığını soruşmadı. Qocanın arxasınca nədən düşdüyünün fərqinə varmadan addımlayırdı. Qoca kəndin başındakı böyük təpəyə çatıb dayandı. Əlini çətir kimi gözünün üstünə dayaq edib, uzaqda görsənən kəndə baxdı. Cavan ana qocaya çatıb onun nəzər etdiyi kəndə boylandı. Gözlərinə inanmadı. Uzaqdan görsənən kənddə qılınc-qalxanla döyüş gedirdi. Bir-birinə dəyən qılıncların səsi qışqırışan insanların səsini batırırdı. Qadınlar bağrışaraq kəndin ətrafında qaçışır, uşaqlar ayaq altda qalırdı. Cəsəd cəsədə söykənmişdi.

Döyüşənlərin qan tutmuş gözlərində nifrət  vardı. Ana bu nifrəti onların gözlərində gördü. Qorxdu. Körpəsini köksinə sıxdı. Uşaq anasının qucağında çırpındı. Nurani kişi gözünü döyüşdən çəkib, üzünü döyüş mənzərəsindən qoxmuş cavan anaya çevirdi. Dərdli-dərdli ah çəkdi.

 Yağış yüklü qara buludlar sürünə-sürünə onların başı üzərinə çatıb dayandı. Qoca buludlara əlini uzadıb:

- Qızım, bu qara buludları görürsənmi?

- Görürəm ata, görürəm.

- Bu buludlar döyüş gedən kəndə çatanda o kənddə  bu vaxta kimi görünməmiş yağış başlayacaq. Bax, o zaman o kənddə  bir kimsə qalmayacaq.

-Bir nəfər də, nədən? - Ana qorxuyla soruşdu.

Qoca ananın sualına cavab vermədi.  Ağır addımlarla dayandığı yerdən aralandı. Çox getmədi ki, ayaqları yerdən üzüldü. Ağ buluda çevrilərək göyə çəkildi. Səmadakı qara buludların arxasınca sürünərək kəndə sarı səmt aldı. Gördüyü mənzərədən dəhşətə gələn ananın nitqi batdı. Geri, döyüş meydanına boylandı. Sanki gördüyü dəhşətli mənzərə burada baş verməmişdi. Ətrafda tam sakitlik hökm sürürdü.

Ana qucağındakı körpəsini xatırladı. Uşağı sinəsindən kənarlaşdırıb üzünə baxdı. Gözlərinə inanmadı. Körpəsinin gözlərinə qan dolmuşdu. Körpəsinin gözlərinə baxa-baxa qışqırdı. Gəldiyi yolu geri – evinə sarı yüyürdü. Açıq qalmış qapıdan içəri keçdi. Tez-tələsik körpəsini beşiyinə qoymaq istədi.

Beşik qanla dolu idi. 

Elə bu zaman buludlar paralandı, ildırımlar çaxdı  Və…

boylandı. Sanki gördüyü dəhşətli mənzərə burada baş verməmişdi. Ətrafda tam sakitlik hökm sürürdü.

 

Ana qucağındakı körpəsini xatırladı. Uşağı sinəsindən kənarlaşdırıb üzünə baxdı. Gözlərinə inanmadı. Körpəsinin gözlərinə qan dolmuşdu. Körpəsinin gözlərinə baxa-baxa qışqırdı. Gəldiyi yolu geri – evinə sarı yüyürdü. Açıq qalmış qapıdan içəri keçdi. Tez-tələsik körpəsini beşiyinə qoymaq istədi.

Beşik qanla dolu idi. 

 

Elə bu zaman buludlar paralandı, ildırımlar çaxdı  Və…

 
Əlavələr
 
Facebook beğen
 
 
 
Bugün 17 ziyaretçi (41 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol