------
Qurbağalar oxuyurlar
Dərdimi götürüb, baş alıb gedən Xocahəsən yollarının kənarlarındakı iyli-qoxulu gölməçələrin yanına gəldim...
Ətrafı gəzirəm. Musiqi səsinə bax! Qurbağalar oxuyurlar. Quruldamırlar ha, oxuyurlar! Eşitdiyim qurbağa səslərini musiqi aləmində yenilik kimi qəbul etdim...
Ah, bu qurbağalar!
Çoxlarının iyrəndiyi “su gözəlləri”ndən birini əziyyət çəkmədən, ustalıqla tuturam. Ovuclarım arasında sığaraq, əllərimdə saxlayıram. Necə də soyuqdur! Bu canlıya tamaşa edirəm. Qəribə səslənsə də deyəcəyəm:
-Gözəlsən, qurbağa! Hə, nə var, nə çırpınırsan? Qorxma, səni öldürməyəcəyəm. Nə oldu, niyə susdun? Qorxdun, daha oxumaq istəmirsən?
Özüm-özümə heyrətlənirəm:
-İlahi, ətrafımdakı insanları qoyub bu dilsiz qurbağalarla danışmağa nə lüzum? Yox, elə qurbağalar yaxşıdı bəzi xislətli murdar insanlardan! Qurbağaların özləri soyuq, ürəkləri istidir. Bəzi insanların gözlərində nifrət, paxıllıq, hiyləğərlik hökm sürərkən bu məsum qurbağanın gözlərində saflıq hökm sürür. İnsanlar her şeydən (hətta salamdan belə) təmənna umurlar. Qurbağalarınsa heç kimdən və heç nədən təmənnaları yoxdur, sudan başqa.
Ovuclarımı açıram. Sanki ürəyi köksündən çıxacaqmış kimi çırpınan qurbağa əllərimdən sıçrayaraq bir andaca gölməçədəki qalın qamışlıqda yox olur.
Torpaq üstə bərk-bərk addımlayan ayaqlarım sözümə baxmır, göy üzünə çevrilmiş başımı bədənimqarışıq çəkib aparır yol kənarıyla. Gözlərim göy üzündən çəkilir, uzanıb gedən yola baxır... baxır....baxır... və nəhayətində düşüncələrə qapanır. Elə ayaq üstəcə düşüncələrdən asılıb qalıram. Xatirələrimdən asıldığım kəndir zərif duyğularımdan toxunduğu üçün elə kövrəkdir ki... Hər an qırıla bilər. Aman Allah, yanımdan ötən minik maşınının səsinə qirıldı da. Səni lənətlənəsən, qoymadı ki, ötən günləri doyunca xatırlayım.
Astaca köks ötürürəm. Qayıtmalıyam. Hara? Sözsüz ki, yaşadığım kasıb komama. Məni ki orada heç kim gəzləmir! İlahi, kədərim başımdan aşır. Bu gün bu çirkli gölməçənin eybəcər, lakin mənim ücün gözəl, qəmsiz, xoşbəxt sakini ilə söhbət edib, dərdləşdim, (bəlkə də onun da dərdi vardı, amma demədi. Yəqin hələ başından aşmır, aşanda dillənəcək, mənmi kimi ) bəs sabah kiminlə dərdləşəcəyəm?
Çiyinlərimdən cəmi bircə saatlıq endirdiyim kədərimi yenidən çiyinlərimə şələləyib, tozlu yolları gəldiyim kimi geri arşınlayıram...
Arxadan musiqi səsi eşidilir... Qurbağalar oxuyurlar, quruldamırlar ha, oxuyurlar.
May- 2010
|